AZE | RUS | ENG |


Türkmənistandakı həbslərin pərdəarxası məqamları

Türkmənistandakı həbslərin pərdəarxası məqamları
Korrupsiya ittihamı üzrə 50-dən artıq məmur, o cümlədən baş prokuror həbs edilib

Türkmənistanın hakimiyyət strukturlarında qalmaqallı, hamını şoka salan həbslərə start verilib. İndiyə qədər həbs edilənlər arasında ölkənin baş prokuroru Amanmurad Xallıyev, daxili işlər orqanlarının və digər qurumların 50-dən artıq əməkdaşı var. Daxili işlər naziri İsgəndər Mulikov isə şiddətli töhmət alıb. Məlumata görə, onun da başının üstündə qara buludlar əsir. Həbs edilənlərin hamısı korrupsiya və rüşvətxorluqda ittiham olunurlar. Ekspertlərin qənaətincə, səbəb V Asiya oyunlarının keçirilməsi ilə bağlı araşdırmalardır. Yoxlamalardan sonra ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov korrupsiya ilə mübarizə məqsədilə proqram işlənib hazırlanmasını irəli sürüb. Antikorrupsiya yoxlaması barədə qərarı şəxsən o özü verib. Maraqlısı odur ki, korrupsiya ittihamı ilə bağlı iclas televiziya ilə birbaşa yayımlanıb. İclası isə Ali Məhkəmənin sədri Beqenc Çarıyev aparıb. Onun sözlərinə görə, məmurların evlərində axtarış zamanı iri məbləğdə pul, qızıl-zinət əşyaları və s. qiymətli vasitələr götürülüb. İclas zamanı yoxlamaların gedişini əks etdirən videolar da nümayiş olunub. Videolarda dəbdəbəli evlər, həbs olunanların evlərindən külli miqdarda pul, qızıl-külçələr əks olunub. Həbs olunanlar arasında güc strukturları, hüquq-mühafizə orqanları əməkdaşları ilə yanaşı, neft-qaz sahəsində çalışanlar da var. Bunlar "Türkmenqaz”-ın rəhbəri, sement zavodlarının direktorları, Sənaye Nazirliyinin əməkdaşlarıdır. Onların hamısı hazırda istintaqa ifadə verir. "Bütün qanunsuz yolla yığılan pul və mülklər dövlətin nəzarətinə keçib”, - deyə türkmən televiziyasının yaydığı məlumatda bildirilib. Qərb nəşrlərinin yaydığı məlumata görə, prezident DİN rəhbəri İsgəndər Mulikovun və prokurorluq orqanlarının fəaliyyətindən sərt narazılığını ifadə edib. Marıysk vilayətinin Bayramali şəhərində bir sıra prokuror və DİN-in yüksək rütbəli əməkdaşları da işdən çıxarılıb, bir qisim də həbs edilib. Onlardan birinin evindən 15 mln. dollar nağd pul aşkar edilib. Hökumətin iclasında çıxış edən prezident deyib ki, rüşvətxorluq və korrupsiya dövlət orqanları və cəmiyyətin effektiv fəaliyyət göstərməsinə mane olur, iqtisadiyyatın inkişafını aşağı salır. Eyni zamanda, dövlət inkişafı yolunda ciddi maneələr yaradır. Dövlət başçısı bildirib ki, Təhlükəsizlik Şurası və parlamentə qısa zaman kəsiyində korrupsiya ilə mübarizə məqsədilə proqram işləyib hazırlamağı və təsdiq üçün hazırlamağı tapşırıb. O, həmçinin rüşvət almaqda ittiham olunan şəxslərin amnistiyaya düşməsini nəzərdə tutan qanunu ləğv etməyi tapşırıb. Məqsəd korrupsiya hallarının yaranmasına yol açan səbəblərin aradan qaldırılmasıdır. 

Rusiya-Türkmən dostluq cəmiyyəti - "Soydaş”ın rəhbəri Maksat Saparmuradov Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə Türkmənistanda korrupsionerlərin üzə çıxarılması məqsədilə aparılan "əməliyyat”ın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, prezident Berdiməhəmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına, o cümlədən ölkənin baş prokuroru Amanmurad Xalıyevə və daxili işlər naziri İsgəndər Mulikova Asiada-2017 yarışmasının keçirilməsi məqsədilə biznesmen və məmurlardan ianələr toplanması tapşırığını verib. Pullar toplanıb. Lakin prezidentə təqdim edilən məbləğ azaldılıb - cəmi 15 mln. dollar. Lakin bu pullarla problemi həll etmək mümkün deyil. Məlumat üçün bildirək ki, Asiada - imicli bir tədbir hesab edilir. Dövlətin xəzinəsi boşdur, oyunları isə ləğv etmək mümkün deyil. Bu səbəbdən də Berdiməhəmmədov xüsusi xidmət orqanlarına məsələni araşdırmağı və xidməti araşdırma aparmağı tapşırıb. Aydın olub ki, yığılan pulların bir qismini güc strukturları mənimsəyib. "Qalmaqalı ört-basdır etməmək üçün prezident Berdiməhəmmədov həbslərə gedib və bunu cəmiyyətə korrupsiya ilə mübarizə kimi təqdim edib”, - deyə Saparmuradov bildirib. Asiada oyunlarının keçirilməsinə vəsaitlərin cəlb edilməsi məqsədilə keçirilən "proqram” çərçivəsində ianələr etmək istəməyən onlarla sahibkar həbs edilib. Aşqabadda keçiriləcək Asiada-ya artıq 8 mlrd. dollar sərf edilib. Bu vəsaitin 5 mlrd. dolları Olimpiya şəhərciyinin, 2,3 mlrd. dollar isə yeni beynəlxalq aeroportun inşasına sərf edilib. "Vəziyyət o qədər acınacaqlıdır ki, prezident Berdiməhəmmədov şəxsən biznesmen və iş adamlarından oyunların keçirilməsinə ianələr sərf etməyi xahiş edib. Bəlli olan odur ki, o, şəxsən türk iş adamlarına, konkret olaraq "Polimeks İnşaat” şirkətinin rəhbəri Erol Tabançıya belə bir müraciət edib. 

Yaranmış gərgin vəziyyətdən türkmənləri İran xilas edə bilər. Bu ölkənin Türkmənistanın ona satdığı qaza görə yığılıb qalan borcu 32 mlrd. dollar təşkil edir. Lakin Tehran bu borcu ödəməyə tələsmir, əksinə, özü Türkmənistan barəsində Beynəlxalq Haaqa Məhkəməsinə müraciət etmək niyyətindədir. Əsas iradı da qazın qiyməti ilə bağlıdır. Rəsmi Tehran hesab edir ki, Türkmənistan qış dövründə onlara verdiyi qazı dayandırıb, eləcə də keyfiyyətsiz qazla təmin edib. Lakin Maksat Saparmurad bildirir ki, Tehranla qazın nəqli məsələsində saziş imzalayan Aşqabad borcun qaytarılacağına ümid edir. "Sazişin şərtlərinə görə, İran 20 il ərzində yığılıb qalan borclarını hissə-hissə ödəməyə hazırdır. Lakin bu ilin yanvarın 1-dən pul ünvanına çatdırılmayıb və dövlət başçısı da tapşırıb ki, iranlılar pul ödəməyənə kimi qazın nəqlini bərpa etməsinlər. Rəsmi Tehran danışıqlar stolu arxasında əyləşib problemi həll etmək niyyətindədir. Lakin Berdiməhəmmədov pul tələb edir. Qalmaqal böyüyür. Müqavilənin pozulması faktı var və həqiqət bu məsələdə iranlıların tərəfindədir. Əgər onlar məhkəməyə müraciət etsələr, onda prosesdən qalib çıxacaqlar. Bu zaman Aşqabadın daha bir problemi yaranacaq”, - deyə türkmən ekspert vurğulayıb.
 
Azər NURUYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008