AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkmənistan ÜST-ni ölkəyə buraxmır

Türkmənistan ÜST-ni ölkəyə buraxmır

Təfsilat
04 İyun 2020, 16:19 275
Lakin qurumun ekspertləri ilə məsləhətləşmələr aparılır

Bəşəriyyətin başının üzərində "Domokl qılıncı” kimi asılıb qalan koronavirus dünyanın bir nömrəli problemi kimi qalmaqda davam edir. Elə dövlət yoxdur ki, pandemiya ona təsir etməsin və yaxud fəsadlarını yaşamasın. Pandemiyanın geniş yayıldığı ölkələr sırasında Mərkəzi Asiya respublikaları da var. Məsələn, koronavirus xəstələrinin olduğunu lap bu yaxınlarda ilk dəfə etiraf etmiş Tacikistanda artıq virusa 4000-dən çox insanın yoluxduğu və bunlardan 100-ə yaxının vəfat etdiyi bildirilir. Məlumata görə, qonşu Özbəkistanda 4000-ə yaxın artıq yoluxma qeydə alınıb. Qırğızıstanda son məlumata görə 843 yoluxma, 11 ölüm olub. Mərkəzi Asiyada koronavirusa ən ağır itki verən ölkə Qazaxıstandır. Burada 12 mindən artıq yoluxma qeydə alınıb.
Beləliklə, pandemiya bu ölkələrdə digər dövlətlərdə olduğu kimi, pik həddə olmasa da, hər halda xəstə sayı durmadan artır. Lakin region ölkələri sırasında dövlətlər var ki, burada koronavirus xəstəsi barədə hər hansı bir məlumata belə rast gələ bilməzsən. O ki qaldı Türkmənistana, "Rosbalt” yazır ki, Mərkəzi Asiya respublikaları içərisində yeganə dövlətdir ki, COVİD-19 pandemiyasından azaddır. Hakimiyyət orqanları ölkə boyunca üç karantin məntəqəsi yaradıb və bunlar rəsmən "infeksiya mərkəzləri” adlanır. Küçədə maska taxmaq, hətta bu barədə danışmaq və təşviş yaratmağa görə cəzalar müəyyən olunub. Prezident Qurbanqulu Berdıməhəmmədov özü ehtiyatlı davranır – iclasları yalnız onlayn formada keçirir, təhlükəsizlik nöqteyi-nəzərindən Manış qəsəbəsində inşa etdiyi iqamətgahına köçüb. Ölkədə bütün məktəblərdə dərslər dayandırılmayıb. Bir neçə gün bundan əvvəl təhsil müəssisələrində son zəng çalınıb. Ardınca da bir-birinin ardınca təntənəli mərasimlərə, geniş kütlənin iştirakı ilə tədbirlərə start verilib. Sağlam həyat tərzi keçirməyin tərəfdarı olan Berdıməhəmmədov idman döyüş növlərini də geniş şəkildə təbliğ edir.
Türkmən hakimiyyət orqanları pandemiyanın ağır dövründə öz vətəndaşlarına hər hansı bir dəstək göstərmək istəmirlər. Pandemiya səbəbindən Hindistanda ilişib qalan vətəndaşların geri dönməsi üçün hər hansı bir tədbir görülmür, yaxınlarının onlara pul köçürmələrinə imkan yaradılmır. Özü də bu insanların əksəriyyəti müalicə üçün Hindistana gedənlərdir. Səhiyyə Nazirliyinin xətti ilə müalicəyə gedənlərə pul köçürmələri etməyə icazə verilsə də, ortada müsbət nəsə yoxdur. Belə ki, sənədləri tərtib etmək sahəsində problemlər mövcuddur. Müalicəyə gedənlərin böyük əksəriyyəti qeyri-rəsmi şəkildə ora yollanıblar.
"Xronika Turkmenistana” yazır ki, virusla bağlı tşəviş yaradılmasına imkan verilmir. Buna görə azadlıqdan məhrum etmə və iri cərimələrlə üzləşə bilərsən.
Ölkə rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrini Türkmənistana buraxmaqdan imtina etsə də, ölkənin müvafiq orqanları COVİD-19 virusuna mübarizədə onların ekspertləri ilə videokonfranslarda aktiv iştirak edirlər. Türkmənləri daha çox maraqlandıran koronavirusun isti havada necə inkişaf etməsi məsələsidir. Nəşrlər yazır ki, şəhər infeksion xəstəxanasına regional müəssisələrdən koronavirus infeksiyasına yoluxan xeyli sayda xəstə daxil olmaqda davam edir. Son həftələr ərzində xəstələr arasında ölüm halları nəzərəçarpacaq dərəcədə artır. Həkimlər onların yaxınlarına bildirilər ki, ölüm "ciyər” xəstəlikləri nəticəsində baş verib. Rusiya xəbər agentlikləri yazır ki, koronavirus pandemiyası ilə yanaşı, bu günlərdə baş verən tufan da ölkəyə ciddi zərbə vurub. Ən azı 30 nəfərin öldüyü barədə xəbərlər dolaşır. Onların arasında uşaqlar da var. Marı və Lebap əyalətlərində binalar və infrastruktura obyektləri zədələnib, su, işıq və rabitə əlaqələri kəsilib. Lepab vilayətində xaricdən dönən Türkmənistan vətəndaşları üçün karantin zonaları yaradılıb.

Azər NURİYEV