• çərşənbə, 24 Aprel, 06:16
  • Baku Bakı 13°C

Türkmənistan silahlanır

25.11.16 13:36 1183
Türkmənistan silahlanır
Pakistanın baş naziri Nəvaz Şərif bu gün rəsmi səfərlə Aşqabada gəlir. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdə əsas müzakirə mövzusu hərbi əməkdaşlıq məsələləri, daha dəqiq desək, bu ölkədən yeni texnika və silahlar almaq olacaq. Neytral dövlət statusunun olmasına baxmayaraq, qeyri-sabit Əfqanıstanla qonşuluq türkmən hakimiyyət orqanlarını ordunu modernləşdirməyə məcbur edir.

Adətən, hər dəfə Pakistanla enerji məsələlərini diqqətdə saxlayan Türkmənistan onunla Transəfqan qaz kəmərini reallaşdırmağa çalışır. Lakin bu dəfə bu məsələ ikinci plana keçəcək. Məsələ ondadır ki, Əfqanıstanda qeyri-sabit vəziyyət, İranın Pakistan istiqamətində fəallığı TAPİ layihəsinin (TAPİ-Türkmənistan-Əfqanıstan- Pakistan-Hindistan) inşası perspektivlərini aşağı salır. Bundan əlavə, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Müasir Şərqin öyrənilməsi Mərkəzinin aparıcı elmi işçisi Şöhrət Kadırovun qənaətincə, Rusiya Əfqanıstanda "Taliban” hərəkatı ilə aktiv əməkdaşlığa başlayıb və bu ölkənin gələcəyi məsələlərini müzakirə edir. "Demək Əfqanıstanda vəziyyətin gərginləşməsini - hökumətlə milli azlıqlar və taliblər arasında qarşıdurmanın güclənəcəyini gözləmək gərəkdir. Bu isə birbaşa Türkmənistan sərhədlərinin təhlükəsizliyinə təhdiddir”, - deyə ekspert vurğulayıb. Onun qənaətincə, Aşqabad Əfqanıstan nümayəndələri ilə danışıqlar prosesində öz mövqelərini itirməmək üçün Pakistanla hərbi əməkdaşlıq sahəsində əlaqələri gücləndirmək niyyətindədir. "Aşqabad göstərmək istəyir ki, tək Rusiyanın strateji tərəfdaşı deyil, həm də Birləşmiş Ştatların Əfqanıstan və Pakistanın da daxil olduğu "Böyük Mərkəzi Asiya” layihəsinin aktiv iştirakçısıdır” – deyə türkmən əsilli ekspert vurğulayıb. Prezident Q.Berdıməhəmmədov hələ 2009-cu ildə hərbi islahatlara start verib və bu, orduda ciddi islahatların aparılmasını, onun yenidən qurulmasını nəzərdə tutur. Lakin hərbi texnika hələ də modernləşməyib.

"İstifadədə olan hərbi texnikanın əksəriyyəti sovet dövründən qalıb. İrimiqyaslı hərbi texnika alınmayıb”, - deyə MDB-nin Mərkəzi Asiya və Qazaxıstan İnstitutunun şöbə müdiri Andrey Qrozin bildirib. Ekspert istisna etmir ki, Berdıməhəmmədov ötən həftə Moskvaya səfəri zamanı Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələlərini də müzakirə edib. Başqa bir ekspert - Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, qaz məsələsinin həll olunmamış qalması, eləcə də Aşqabadın Rusiya ilə əfqan-türkmən sərhədində təhlükəsizliklə bağlı əməkdaşlıq etmək istəməməsi hərbi-texniki əməkdaşlığa mane olur. "Aşqabad və İslamabadın hərbi-texniki sahədə əməkdaşlığı yeni bir şey deyil. Bu əməkdaşlıq hələ ötən əsrin 90-cı illərinin əvvəllərində - TAPİ qaz kəməri layihəsi gündəmə gələndə yaranıb. O zaman həm Pakistan, hm də Türkmənistan tərəfi bu layihəyə böyük maraq göstərirdilər”, - deyə A.Knyazyev bildirib. "Son vaxtlara qədər Türkmənistan hərbi sifarişlərini Ukrayna və Türkiyədən edirdi. Türkmən silahlı qüvvələrinin zəif olması islahatlar və modernləşmə işlərini sürətləndirib. Pakistandan silah alınmasına vadar edən digər bir amil türkmən hakimiyyət orqanlarının maliyyə çətinliyi ilə də bağlıdır”, - deyən ekspert əlavə edir ki, Rusiya ilə əməkdaşlıqdan imtina da məhz bununla bağlıdır.

Onu da qeyd edək ki, Türkmənistan prezidenti ordunun texniki cəhətdən təminatını müdafiə naziri Yayalım Berdiyevin üzərinə qoyub. Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və Pakistanda olan nazir həmin ölkələrdə hərbi texnika istehsalı və alınması ilə maraqlanıb. Konkret olaraq Abu-Dabidə Türkmənistan və BƏƏ arasında təbii fəlakətlərin aradan qaldırılması və antiböhran idarəetməsi barədə iki bəyannamə imzalanıb. Bu saziş çərçivəsində pilotsuz uçuş aparatlarının alınması nəzərdə tutulub. "Şərq-Qərb” analitik mərkəzinin baş direktoru Dmitri Orlovun sözlərinə görə, BƏƏ çoxdan bəridir ki, pilotsuz kəşfiyyat uçuş aparatları istehsal edir. "Onların ən məşhuru - Adcom United 40, Hazim 15 və Yabhon Flash 20-dir. Adcom United 40-ı dünyanın bir çox ölkələri, o cümlədən Rusiya da alır. Türkmənistanın maraqlandığı digər texnika məsafədən idarə olunan gəmilərdir. Onlar dəniz sahillərinin mühafizəsi, axtarış-xilasedici işlərin aparılması üçün gərəkdir. Onlardan həm də piratçılıq və brakonyerlərlə mübarizə üçün istifadə edilir. Üçüncü məsələ isə çətin yerlərdən keçmək iqtidarında olan avtomobillərdir. BƏƏ onları terror təşkilatlarından başqa, istənilən ölkəyə, quruma çatdırmağa hazır olduğunu bəyan edib. "Antiböhran idarəetməsi” dedikdə, bura bir çox məsələləri daxil etmək olar - kütləvi iğtişaşlardan tutmuş, terrorçulara qarşı mübarizə və sərhədlərə nəzarət. Türkmən tərəfi bunları əldə etdikdən sonra hansı məqsədlər üçün istifadə ediləcəyi bəlli olacaq.

Pakistanda isə türkmən KİV-lərinin də qeyd etdiyi kimi, Berdıməhəmmədovun diqqətini JF-17 döyüş təyyarələri cəlb edib. Onlar Birləşmiş Ştatların F-16 qırıcılarının analoqu hesab edilir. Lakin qiyməti üç dəfə ucuzdur. Beləliklə, Rusiya və ABŞ hərbi texnikasını almaq baha başa gəldiyindən, türkmənlər üzlərini BƏƏ və Pakistana tutmalı olub.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər