• şənbə, 20 Aprel, 10:11
  • Baku Bakı 14°C

Türkmənistan kömək axtarır

19.09.18 17:49 568
Türkmənistan kömək axtarır
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov sentyabrın 29-dan oktyabrın 2-ə qədər Birləşmiş Ştatlarda işgüzar səfərdə olacaq. BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edəcək türkmən lider eyni zamanda Nyu-Yorkda Türkmən-Amerika İşgüzar Şurası çərçivəsində ABŞ işgüzar dairələrinin nümayəndələri ilə görüşəcək. Ciddi investisiya ehtiyacı duyan Aşqabad ölkə müstəqillik qazandıqdan bəri ilk dəfə olaraq ağır iqtisadi böhran vəziyyətinə düşüb. Çox mürəkkəb vəziyyətdə olan Türkmənistanda maliyyə və ərzaq böhranı yaşanır. İlkin ərzaq məhsulları - çörək, un, qənd almaq üstündə növbələr əksər hallarda dava-dalaşla sonuclanır. Çindən payız-qış və qış-yay ayları üçün qaz nəqli üçün əvvəlcədən alınan avans vəsait də artıq xərclənib. Bu vəsaitlər yüksək xərc tələb edən tədbirlərə, infrastruktur inşasına və onların xidmətinə sərf edilib. TAPİ- (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan) layihəsinə görə ölkəyə sürətli maliyyə axınının olacağı barədə ehtimallar da özünü doğrultmadı. Düzdür, pullar mütləq daxil olacaq - lakin gec. Məsələ ondadır ki, investorlar tərəddüd içindədirlər. Hökumətin hələ ki, yalnız zəruri texniki işləri ödəyə biləcəyi vurğulanır. Analoji hal Çinlə də bağlıdır. Aşqabad bu ölkədən böyük məbləğdə kredit alıb. Qarşı tərəf kreditləri bir sıra əlavə şərtləri təmin edildikdən sonra verib. Bura Türkmənistanın qaz yataqlarında Çinin iştirak payının artırılması da daxildir. Berdıməhəmmədovun Putinlə görüşü də əhəmiyyətli nəticə verməyib. Danışıqlar Soçidə tet-a-tet baş tutub. Rəsmi versiyaya görə, görüşdə ikitərəfli əməkdaşlığın başlıca sahələri - siyasi, ticarət-iqtisadi, elmi-təhsil, mədəni-humanitar, eləcə də aktual regional problemlər müzakirə olunub. Qeyri-rəsmi məlumata görə, dövlət başçıları Aşqabadın TANAP layihəsində iştirakı məsələsini müzakirə ediblər. Aşqabad bu layihəni iqtisadi çətinliklərdən çıxış yolu kimi nəzərdən keçirir.
Türkmənistanın yaşadığı böhranın əsas səbəblərindən biri də Çin və İrana qaz ixracı sahəsində ciddi problemlərin yaşanmasıdır. "İran-Şərq” - Mərkəzi Asiya və Əfqanıstanın Tədqiqi İnstitutunun elmi şurasının üzvü, siyasi elmlər doktoru İqor Pankratenko hesab edir ki, Berdıməhəmmədov təslim olmaq niyyətində deyil. "Onun xarici tərəfdaşlar qarşısında qoya biləcəyi dəlillər hələ tükənməyib. Arxadağın (türkmən lideri ölkəsində belə adlandırırlar) əlində ən azı iki kozır var və onlardan birini bu yaxınlarda Moskvaya təklif edib. İkinci təklifi isə Vaşinqtona təklif etmək niyyətindədir. Əgər birinci halda "hərrac”a Aşqabadın Xəzərin dibi ilə çəkiləcək TANAP layihəsində iştirakı çıxarılıbsa, ikincidə Vaşinqtona Çinin maraqlarına zidd ola biləcək TAPİ layihəsində fəal iştirak daxildir. Bu və digər məsələləri də Bardıməhəmmədov Vaşinqtonda müzakirə etməyə hazırdır”, - deyə Pankratenko bildirib. Onun sözlərinə görə, bu "hərrac”ın, daha dəqiq desək attraksionun nəticəsini gözləməyə çox vaxt qalmayıb. Daha dəqiq desək, Türkmən-Amerika İşgüzar Şurasının iclasının yekunun gözləmək gərək olacaq. Məlumat üçün bildirək ki, bu günlərdə şuranın icraçı direktoru Erik Stüart Aşqabada təşrif buyurub. Türkmənistan prezidenti ilə danışıqlarda Amerika biznesinin Türkmənistanın Xəzərdə yeni açdığı Türkmənbaşı limanında ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq çərçivəsində iştirakını müzakirə edib.
Tarix elmləri doktoru Şohrat Kadırov hesab edir ki, "geci-tezi Aşqabad və Vaşinqton arasında əməkdaşlığın kulminasiya nöqtəsi Xəzərdə ABŞ-ın peyda olması olacaq. Bu məqsədə isə hərəkət etmədən çatmaq mümkün deyil”.
Avrasiya analitik klubunun rəhbəri Nikita Mendekoviç isə hesab edir ki, ABŞ texniki cəhətdən kömək edə bilər. "Aşqabad üçün istənilən investisiya və istənilən həcmdə aktualdır. Ölkədə valyuta kapitalı, dövriyyə vəsaitləri sahəsində problem hökm sürür və bu səbəbdən də başlıca infrastruktura layihələrinin, o cümlədən TAPİ layihəsinin reallaşmasında problemlər yaranır. Digər bir məsələ ki, ABŞ kömək göstərməkdə maraqlı olacaqmı? Burada iki aspekt var – iqtisadi və siyasi. Sirr deyil ki, Türkmənistan ənənəvi olaraq ölkəyə daxil olan kapitala təminat vermir. Ölkə ərazisində biznes layihələr üçün dözülməz şərtlər mövcuddur. Bu səbəbdən də ölkəyə investisiya ayırmaq bir qədər riskli görünür”, - deyə Mendkoviç bildirib. "İkinci aspekt siyasidir. Ölkədə mövcud olan rejim Qərbdə totalitar, insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaqla ad çıxarıb. Hakimiyyət beynəlxalq aləmdə bu imicini aradan qaldırmaq üçün ciddi addımlar atmağa çalışsa da, ortada bir nəticə yoxdur. Aşqabadın ehtiyat variantı da var - əfqan sərhədi. Yaraqlılar mütəmadi olaraq bu istiqamətin şəffaflığını yoxlamağa cəhd göstərirlər. Türkmən hakimiyyət orqanları dəfələrlə ABŞ-a kömək üçün müraciət edib. Lakin bu halda söhbət biznes xəttindən getmir, sadəcə Pentaqon və yaxud digər beynəlxalq təşkilatlardan kapital əldə etməyə cəhd edilir” – deyə ekspert vurğulayıb. Onun qənaətincə, Türkmənistanın qapalılığını nəzərə alsaq, uzaq xaricdən bu ölkənin güc strukturlarına məsləhətçilərin daxil olması Aşqabad üçün təhlükəli ola bilər. "Özü də türkmən ordusunda da vəziyyət qənaətbəxş deyil. Son illər zabit və aşağı rütbəli hərbçilərin loyallığının azaldığı müşahidə edilir. Ötən il orduda islamçıların böyük bir qəsdinin üstü açıldı. Aşqabad əcnəbi nümayəndələrin güc strukturlarına daxil olmasından, onların burada kəşfiyyat, hətta siyasi iş aparacağından ehtiyat edir”, - deyə ekspert Mendkoviç bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər