Türkləri Monakoya buraxmayacaqlar
"Monako” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək
"Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş "Lion”la səfər oyununda
yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi "Monako”ya müraciət edərək, bu
qarşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət
daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını istədiklərini
bildirib. "Knyazlıq klubu” bundan sonra matçın keçiriləcəyi "II Lui”
stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.
"Monako” türklərin müraciətindən sonra bilet satışını dayandırıb.
Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə
nəinki bilet satılmır, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.
Oyundan əvvəl "II Lui”
stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya
keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq. Bundan əlavə, stadiona daxil
olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə
verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş
dayandırılacaq.
"Monako” - "Beşiktaş” matçı oktyabrın 17-də keçiriləcək.