• cümə, 29 Mart, 19:25
  • Baku Bakı 14°C

Türklər Sarkisyana “çaqqal” dedi

04.02.15 05:37 1068
Türklər Sarkisyana “çaqqal” dedi
Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirə dünyanın bütün dövlətlərinin liderləri, o cümlədən Ermənistan rəhbərliyi də dəvətlidir. Lakin Ermənistan prezidenti, xarici işlər naziri bu tədbirə qatılmayacaqları barədə bəyanat verməkdədirlər. Qardaş ölkənin mətbuatı Ermənistan prezidenti Serj Sarkisyanın Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı beynəlxalq tədbirə dəvətini rədd etməsi ilə bağlı sərt tənqidi yazılar dərc edirlər. Məsələn, “Sabah” qəzetinin köşə yazarı Çatsın Ramoğlu yazır ki, “Ermənistan prezidenti Serj Sarkisyan adlı əxlaqsız 1915-ci il hadisələri ilə bağlı ağzına gələni danışıb. Danışdığı nə dövlət başçısına, nə də qonşuluğa yaraşır. Nəzakətsiz və tərbiyəsiz. Çünki, uzadılan dostluq əlini rədd etdi. Onun bu çirkin hərəkəti erməni vətəndaşlarımızı belə kədərləndirib. Xarici İşlər Nazirliyimiz də onun hərəkətini pisləyib. Sarksiyan özünü dövlət xadimi kimi deyil, küçə uşağı kimi aparır” deyən yazar Ermənistan prezidenti çaqqal adlandırıb. “Səni adam yerinə qoyub Çanaqqala savaşının ildönümünə çağırdılar” - deyə o bildirib.
Türkiyədəki erməni icması isə hesab edir ki, Ermənistandan fərqli olaraq, erməni lobbisi Türkiyə ilə dialoqa hazır deyil. Bu barədə Türkiyə baş nazirinin müşaviri Etyen Mahçupyan bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala döyüşündə qələbənin ildönümü ilə bağlı təntənələrdə iştirak etmək üçün Ermənistan liderinə göndərdiyi dəvətlə bağlı Mahçupyan bildirib ki, Ermənistanın heç olmazsa, simvolik olaraq bu dəvəti qəbul etməsi pis olmazdı: “Çanaqqala döyüşündə həlak olanlar arasında ermənilər də var. Əgər Ermənistan onların xatirəsinə hörmət edirsə, onda heç olmazsa, simvolik olaraq bu dəvəti qəbul etməli idi”. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpa olunacağı halda 1915-ci ildə Türkiyəni tərk etmiş ermənilərin bəzi nəsillərinin Türkiyəyə qayıdacaqları və vətəndaşlıq tələb edəcəkləri istisna deyil.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.
Onu da qeyd edək ki, bir gün əvvəl rəsmi Ankara da Sarkisyanın bəyanatına cavab verib. Prezident Rәcәb Tayyıb Әrdoğanın “Çanaqqala döyüşünün 100-cü ildönümü mərasimlərinə dәvәtini” qeyri-adi sözlərlə tənqid edən Ermənistan prezidenti Serj Sarkisyana prezident sözçüsü İbrahim Kalın sərt cavab verib. Әrdoğanın sözçüsü bəyan edib ki, Sarkisyanın açıqlamaları qəbuledilməzdir: “Sarkisyanın cənab prezidentimizin Ermənistana dəvətiylә bağlı, diplomatik etiket qaydaları ilә üst-üstə gəlməyən açıqlamaları qəbuledilməzdir. Hörmətli Sarkisyanın bir dövlət adamına yaraşmayan sözlərini eynilə ekstradisiya edirik. Prezidentimiz Rәcәb Tayyıb Әrdoğan “Türkiyə və Ermənistanın ortaq tarixini maraqlandıran dövrün, tarixçilər tərəfindən tədqiq edilməsinə dair 2005-ci ildə “Ortaq Tarix Komissiyası” formalaşdırılması haqda çağırış edib. 2009-cu ildə Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına töhfə verəcək protokolların imzalanmasına zəmin yaradıb. Həmin sülhpərvər siyasətin davamı olaraq 23 aprel 2014 tarixində bütün ermənilərə səslənərək başsağlığı verib”. İ.Kalın Ermənistanı Türkiyənin atdığı bu addımlara biganə qalmaqda ittiham edib. Ermənistan rəhbərliyi nə 1915 hadisələrinin ədalətli tarix perspektivindən ələ alınmasına, nə də Dağlıq Qarabağın işğalına son verərək Türkiyə və Azərbaycan ilə əlaqələrini normallaşdırmaq və bölgədə sülh və sabitliyin bərpasına töhfə verəcək addımlar atır. Bundan da ən çox zərər çəkən Ermənistan və ermənilər olur”. Kalın qədim türk-erməni dostluğunun bütün bu yaşananlara baxmayaraq, davam etdiriləcəyini də sözlərinə əlavə edib.
Serj Sarkisyana Türkiyə Xarici İşlər Nazirliyindən də sərt reaksiya verilib. “Türkiyənin humanitar, məqbul və real dialoq səylərinə daha bir dəfə biganə qalan Ermənistan, uzadılan eli, edilən dəvəti yaraşıqsız üslubla qəbul etməyib. Ermənistan beynəlxalq səviyyədə “erməni soyqırımı”nın tanınması istiqamətində işləri fəallaşdırması onların səmimi olmadığını göstərir və bunun heç bir hüquqi əsası yoxdur” - deyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyənin bu məsələ ilə bağlı indiyədək göstərdiyi səylərə cavab verməyən Ermənistan və erməni lobbisi üçüncü ölkələrdə yalançı təşviqat aparır. Onlar bu yolla yaranmış vəziyyətdən siyasi xeyirləri üçün nəsə qoparmağa çalışırlar: "Biz bu məsələnin araşdırılması üçün tarixçilərdən ibarət komissiya yaratmağı dəfələrlə təklif etdik, səmimi şəkildə müxtəlif addımlar atdıq, ancaq Ermənistan Türkiyənin dostluq haqqında təklifini qəbul etməyə hazır deyil". Türkiyənin XİN rəhbəri səmimi addımlara nümunə kimi prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən il ermənilərə başsağlığı mesajını xatırladıb. Çavuşoğlu Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “İsveçrəyə qarşı Perinçek” işi üzrə məhkəmə iclasına da münasibət bildirib: “İsveçrə ilə bağlı qəbul edilmiş qərarlar və irəli sürülmüş qanun layihələri söz azadlığına, hüquqa ziddir. Türkiyə bu məsələdə Doğu Perinçeki sonunadək dəstəkləyəcək”.
Baş nazirin müavini Bülənt Arınç isə bəyan edib ki, Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı mövqeyinin dəyişəcəyini gözləmir. Onun sözlərinə görə, Ermənistan 1915-ci il hadisələrinin yüz illiyinə böyük əhəmiyyət verir.
B.Arıç qeyd edib ki, Türkiyə Ermənistan tərəfə dəfələrlə jest edib, amma Ankara Türkiyə-Ermənistan münasibətlərinin yeni məcraya yönələcəyinə ümid etmir. Baş nazirin müavini deyib ki, Ankara və Yerevanın münasibətlərinin normallaşması üçün ilk növbədə Ermənistanla Türkiyə ilə qardaş ölkə olan Azərbaycan arasında münasibətlər normallaşmalıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər