• cümə, 29 Mart, 16:53
  • Baku Bakı 14°C

Türkiyənin yeni ümidi - Portret

14.04.16 11:43 2266
Türkiyənin yeni ümidi - Portret
2002-ci ildə Yaponiya və Cənubi Koreyada təşkil edilən dünya çempionatındakı bürünc medaldan sonra uğursuzluq zolağına düşən Türkiyə millisi keçmiş günlərin axtarışındadır. Sonuncu dəfə 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən qitə birinciliyində iştirak edən və yarımfinalda mübarizəni dayandıran "ay-ulduzlular" 8 illik fasilədən sonra ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. Düzü, seçmə mərhələnin əvvəllərində, Hollandiya, Çexiya, İslandiya kimi millilərlə mübarizədə Fatih Terimin yetirmələrinin buna nail olacağı az ehtimal olunurdu. Ancaq sonda qrup mərhələsini 3-cü pillədə başa vuran türklər, 8 illik həsrətə son qoydular. Final mərhələsinə çətinliklə vəsiqə qazanmasına baxmayaraq, "ay-ulduzlular"ın böyük turnirlərin komandası olduğunu nəzərə alsaq, Fransadakı qitə birinciliyində də Türkiyədən uğur gözləməyə dəyər. Bəs bu işdə Fatih Terimə hansı futbolçular kömək edə bilər? 2002-ci ildə Türkiyənin əsas ümidi Hakan Şükür idi. İndi də komandada Hakan var. Hazırda Türkiyə deyəndə "Barselona"nın yarımmüdafiəçisi Arda Turan yada düşür. Ancaq "ay ulduzlular"da bir futbolçu da var ki, qitə birinciliyində Fatih Terimin əsas silahlarından biri hesab edilir. Bu, son vaxtlar formasının pik həddində olan Hakan Çalhanoğludur.
Hakan Çalhanoğlu 1994-cü il fevralın 8-də Almaniyanın Manheym şəhərində dünyaya göz açıb. Hakanın valideynləri isə Türkiyənin Bayburt şəhərindəndi. Çalhanoğlunun futbola necə gəlməsini anlamaq üçün onun ailə üzvlərinin həyat yoluna baxmaq kifayətdir. Belə ki, Hakanın atası, əmisi və böyük qardaşı futbolla məşğul olub. Yəni Hakan özünü tanımağa başlayandan futbolla nəfəs alıb. O, futbolun sirlərinə çox erkən - cəmi 4 yaşında yerli "Polizey SV" komandasında yiyələnməyə başlayıb. Daha sonra isə atası və dostlarının birgə qurduğu "Turanspor" (Manheym) komandasında çıxış edib. Balaca Hakan 9 yaşına kimi yerli türklərdən təşkil edilmiş bu komandada top qovub. 9 yaşında isə şəhərin digər komandası "SV Valdhof"a qoşulub.
Hakan 15 yaşında "Karlsrue"nin aşağı yaş qrupundan ibarət komandasının şərəfini qorumağa başlayır. Həmin vaxt doğma Manheymdən ayrılan Hakan, təhsilini Karlsruedəki internatda davam etdirir. Çalhanoğlu uzun müddət bu klubun şərəfini qoruyur. Əvvəlcə növbəylə "Karlsrue"nin U-17 və U-19 komandalarında top qovan Hakan, 3 il sonra 2-ci Bundesliqada çıxış edən əsas komandaya cəlb edilir. Türk futbolçu "Karlsrue"nin heyətində ilk rəsmi oyununda 2 məhsuldar ötürməylə diqqətləri üzərinə çəkir. O, "Karlsrue"dəki ilk mövsümündə 14 oyunda forma geyinərək, 3 məhsuldar ötürməyə imza atır.
Komandası həmin mövsümdə uğursuz çıxış edərək 3-cü liqaya düşsə də, türk yarımmüdafiəçi sərgilədiyi gözəl oyunla Bundesliqa klublarının diqqətini cəlb edir.
Bir neçə Bundesliqa klubu Hakanı heyətinə cəlb etmək üçün fəaliyyətə keçir. Bu klublar arasında ən fəal olan "Hamburq" 2,5 milyon avro qarşılığında onun transfer hüququna yiyələnir. Ancaq Hakanın yeni klubu futbolçunun Bundesliqada debüt etmək üçün hələ çox gənc olduğunu, buna görə də, "Karlsrue"də daha bir il keçirməsini məqsədəuyğun sayır. Beləliklə, Çalhanoğlu daha bir il "Karslrue"də, bu dəfə icarə əsasında çıxış edir. Hakan isə burdakı çıxışıyla səviyyəsinin 3-cü liqadan çox üstündə olduğunu sübut edir. 3-cü liqada "Karlsrue" formasıyla 36 oyuna çıxan Hakan, 17 qol və 12 məhsuldar ötürməylə "Hamburq"un yanılmadığını bir daha sübut edir. Həmin mövsüm "Karlsrue" yenidən 2-ci Bundesliqaya qayıdır.
Budesliqada ilk mövsüm

Çalhanoğlu özü isə növbəti mövsümdən ilk dəfə Bundesliqada çıxış etməyə başlayır. Futbolçu əsasən, hollandiyalı çalışdırıcı Bert van Marviykin "Hamburq"a baş məşqçi təyin edilməsindən sonra start heyətdə yerini təmin edir. 18 yaşlı futbolçu Bundesliqada "dinozavrlar"ın heyətində meydana çıxdığı 32 oyunda 11 qol və 4 məhsuldar ötürməyə imza atır. Hakanın xüsusilə, cərimə zərbəsindən fərqlənməsi ona olan diqqəti daha da artırır. Çox çəkmir ki, onu Almaniya millisinin şərəfini qoruyan həmyerlisi Məsut Özilə bənzətməyə başlayırlar.
Ancaq Çalhanoğlu Məsutdan fərqli seçim edir. Belə ki, Almaniya millisinin seçən və buna görə əslən bağlı olduğu Türkiyədə sərt tənqidlərə məruz qalan Özildən fərqli olaraq, Hakan doğma vətəninin millisində oynamağa üstünlük verir.
"Qəlbimin səsini dinlədim"

Maraqlıdır ki, Hakan hələ yeniyetmə olduğu dövrdə Almaniya millisinə cəlb oluna bilərdi. Ancaq həmin vaxt təhsil aldığı məktəbin direktoru dərslərinə diqqətin azalacağını əsas gətirərək, onun "panzerlər"ə qoşulmasına icazə vermir.
2010-cu ildə isə o, almanların ciddi təzyiqinə baxmayaraq, Türkiyənin U-16 millisində debüt edir. Daha sonra isə növbəylə U-17, U-19, U-20 və U-21 millilərinin şərəfini qoruyan Hakan, 2013-cü ildən etibarən əsas milliyə cəlb edilir. Çalhanoğlu "ay-ulduzlular"ın heyətində 2013-cü il sentyabrın 7-də, Andorrayla oyunda debüt edir. 2015-ci ilin martında Lüksemburqa qarşı yoxlama oyununda (2:1) millinin heyətində ilk qoluna imza atır.
Hakan sonradan yerli mətbuata açıqlamasında Türkiyə millisini seçərkən qəlbinin səsini dinlədiyini deyib: "Bu seçimi edərkən qəlbimin səsini dinlədim. Düzdür, Almaniya hər bir turnirin əsas favoriti hesab edilir. Ancaq məsələ təkcə peşəkarlıqdan ibarət deyil. Seçim edərkən, qəlbinizin səsini də dinləməlisiniz. Türkiyəni seçdim, çünki belə istədim. Türkiyənin gənclərdən ibarət komandasında da forma geyinmişəm. Ölkəmin şərəfini qorumaq mənə qürur verir. Ancaq klubumun heyətində Bundesliqa kimi çempionatda top qovuram. Hər iki halda düzgün seçim etdiyimi düşünürəm".
Qalmaqallı və əsl müsəlman

Hakanın adı qalmaqallarda da hallanır. 2013-cü ildə Türkiyə mediasında geniş əks-səda doğuran qalmaqal baş verir. Belə ki, millinin üzvləri - Gökhan Törə, Ömər Toprak və Hakan Çalhanoğlu arasında xoşagəlməz hadisə baş verir. Bu futbolçular arasında baş verən söz toqquşmasından sonra Gökhan Hakan və Ömərə silah çəkir. Ancaq bu məsələ ört-bas edilir. Hadisədən sonra Hakan və Ömər Gökhanın da milliyə dəvət edilməsinə görə bir müddət yığmaya gəlməsə də, sonda Fatih Terim onları fikrindən daşındıra bilir.
Çalhanoğlu ən böyük qalmaqalı isə "Trabzonspor"la yaşadı. Belə ki, Superliqa təmsilçisi Hakanın 2011-ci ildə klubla müqavilə bağladığı və buna görə 100 min avro aldığı, ancaq sonradan müqavilə şərtlərini pozduğunu əsas gətirərək, FİFA-ya şikayət edib. Dünyanın ali futbol qurumu isə öz növbəsində Hakanı 4 aylıq cəzalandırdı. Ancaq FİFA-nın bu qərarı hələ ki, dondurulub. Buna futbolçunun İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməsi səbəb olub. CAS-ın da futbolçunun əleyhinə qərar qəbul etməsi halında, Hakan bir neçə ay futboldan kənar qala bilər.
Hakan inanclı futbolçudur. Almaniyada böyüməsinə baxmayaraq, İslam dininə inancı yetərincə güclüdür. Bir müddət öncə isə futbolçu Məkkəni ziyarət edərək hacı olub.
AÇ-2016-ya doğru

Çalhanoğlu 2014-cü ildə "Hamburq"u daha iddialı - "Bayer"ə dəyişir. İki il öncə Hakanın transferi üçün 2,5 milyon avro xərcləyən "dinozavrlar", futbolçunu “Bayer”ə 14,5 milyon avroya satırlar. Onun Leverkuzen klubundakı çıxışı da uğurlu alınır. Belə ki, Hakan "aspirinlər"in heyətində keçirdiyi ilk mövsümdə meydana çıxdığı 33 oyunda 8 qol, 6 məhsuldar ötürməyə imza atır. Komanda onun da əməyi sayəsində Çempionlar Liqasında iştirak etmək hüququ əldə edir. Beləliklə, Hakan karyerası ərzində daha bir ilkə imza ataraq, ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edir. Qrup mərhləsində 2 qola imza atan Hakan, komandasının növbəti mərhələyə yüksəlməsinə yardım edə bilməsə də, öz oyunuyla yenə diqqət mərkəzinə düşür. Artıq aralarında "Barselona"nın da yer aldığı Avropanın bir neçə nəhəng klubu Hakanın transferində maraqlıdır.
Hakan isə səbirsizliklə qarşıdan gələn Avropa çempionatını gözləyir. Bu qitə birinciliyi Çalhanoğlunun bir futbolçu kimi özünü dünyaya daha yaxından tanıtması üçün əla fürsətdir. Hazırda millinin əsas silahı Arda Turan sayılsa da, cərimə zərbələrinin mahir ifaçısının Fransada təşkil ediləcək qitə birinciliyində "ay-ulduzlular"ın əsas liderlərindən birinə çevriləcəyi istisna deyil.Portret"> Portret"> Portret">
banner

Oxşar Xəbərlər