• çərşənbə, 24 Aprel, 21:45
  • Baku Bakı 23°C

Türkiyənin terrorçularla mübarizədən başqa çıxış yolu qalmayıb

30.07.15 10:46 2138
Türkiyənin terrorçularla mübarizədən başqa çıxış yolu qalmayıb
Fikrət Sadıxov: “Ancaq düşünürəm ki, rəsmi Ankara Suriya və İraqda daha genişmiqyaslı hərbi əməliyyatlara qoşulmayacaq”

Türkiyənin Suriya ilə sərhədinin yaxınlığındakı Şanlıurfa bölgəsinin Suruc qəsəbəsində törədilən terror aktından bir müddət sonra rəsmi Ankara PKK və İŞİD-ə qarşı mübarizəyə başlayıb. Artıq Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularına qarşı bu günə qədər ən böyük hesab edilən əməliyyatlar həyata keçirib. Suriya və İraq ərazisində gerçəkləşdirilən bu əməliyyatlara ABŞ və NATO da dəstək verməkdədir. Bir neçə gün əvvəl NATO-nun Brüsseldə keçirdiyi fövqəladə iclasından sonra bu barədə bəyanat yayılıb. Bəyanatda Alyansın təhlükəsizliyinin bölünməz olduğu qeyd edilib və Türkiyə ilə güclü həmrəylik nümayiş etdirilib. Vaşinqton və Ankaranın Türkiyənin Suriya ilə sərhədi boyunca “İŞİD-dən azad zona” yaradılması planları üzərində də işlədiyi məlum olub. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, təhlükəsizlik zonasının yaradılması Türkiyədəki 1,8 milyona yaxın Suriya qaçqınının qaytarılmasına zəmin yarada bilər.
Türkiyədə cərəyan edən hadisələr, İraq və Suriyada həyata keçirilən antiterror əməliyyatları, Qərbin Türkiyəni müharibəyə sürükləməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim, uzun fasilədən sonra Türkiyə yenidən terrora qarşı geniş hərbi əməliyyatlara başlayıb. Sizcə, rəsmi Ankaranın bu yola üstünlük verməsinə səbəb və ya səbəblər nədir?
- Türkiyə illər ərzində müxtəlif terror aktlarına məruz qalıb. Lakin Türkiyədə hazırda mürəkkəb vəziyyətdir. Parlament seçkilərindən sonra ölkədə yeni hökumətin formalaşması prosesi gedir. Belə bir vəziyyətdə terror aktının törədilməsi Türkiyə cəmiyyətini sarsıtmağa, vəziyyəti mürəkkəbləşdirməyə hesablanıb. Əslində yeni hökumətin qurulmasından öncə də Türkiyədəki daxili vəziyyət heç də sabit deyildi. Fətullah Gülən camaatına qarşı münasibət, hüquq-mühafizə orqanları əməkdaşlarının saxlanması və digər hadisələr buna sübutdur. Bütün bu daxili proseslərlə yanaşı, unutmaq olmaz ki, Türkiyənin özü də çox mürəkkəb bir regionda yerləşir. Bu ölkənin sərhədində yerləşən Suriya və İraqda müharibələr, qarşıdurmalar səngimir. Hazırda da Suriyada Bəşər Əsəd rejimi, müxalifət qüvvələri, İŞİD və PKK terrorçuları bir-biri ilə müharibə aparmaqdadırlar. Bu müharibədə təkcə Türkiyəyə iki milyona yaxın suriyalı qaçqın gəlib. Bu səbəbdən də Türkiyə-Suriya sərhədlərində böyük narahatçılıq hiss olunmaqdadır. İraqla bağlı vəziyyət də ürəkaçan deyil. Buradakı PKK terrorçuları dinc dayanmırlar. Belə bir narahat zamanda Şanlıurfadakı Suruc qəsəbəsində terror aktı törədildi, 30-dan çox dinc türk vətəndaşı həlak oldu, ardınca da Türkiyənin bir çox yaşayış məntəqələrində polislə qarşıdurmalarla müşayiət olunan etiraz aksiyaları başladı. Təbii ki, bütün bunlar Türkiyənin səbrini daşıran son hadisələr oldu. Halbuki 2013-cü ildə Türkiyə ilə PKK arasında atəşkəs elan olunmuşdu. Amma son hadisələr rəsmi Ankaranı məcbur etdi ki, ordunu, Hərbi Hava Qüvvələrini hərəkətə keçirsin, ərazi bütövlüyünə, təhlükəsizliyinə, dövlətə yönələn təhlükəni güc yolu ilə aradan qaldırsın.
- Sizcə, baş verənlər Türkiyəni məqsədli şəkildə İraq və Suriyada müharibəyə cəlb etmək deyilmi?
- Əgər kimsə, yaxud hansısa qüvvələr Türkiyəni müharibəyə sürükləmək istəyirdisə, artıq bu məqsədinə çatıb. Türkiyə quru qoşunlarının köməyindən istifadə etmədən, Hərbi Hava Qüvvələri vasitəsilə Suriya və İraq ərazisindəki ərazilərə aviazərbələr endirirsə, deməli, müharibəyə başlayıb. Bu arada o da məlum olub ki, Türkiyədə terroru törədən İŞİD deyil, PKK terrorçusudur. Beləliklə, Türkiyənin istəyi və arzusu olmasa belə, PKK və İŞİD-lə mübarizəyə hərbi müstəvidə start verməklə rəsmi Ankara müharibəyə yenidən qoşulur. Çünki suveren dövlət kimi Türkiyə öz ərazi bütövlüyünü müdafiə etmək məcburiyyətindədir. Bu dövlət öz sərhədində, eləcə də ölkə daxilində ciddi ekstremist terrorçu qüvvələrlə üz-üzədir. Bir tərəfdən İŞİD, digər tərəfdən isə PKK terrorçuları Türkiyəni təhdid etməkdədir. Bu təhdidi aradan qaldırmaq üçün dövlət səviyyəsində nə lazımdırsa həyata keçiriləcək. Ancaq düşünürəm ki, rəsmi Ankara Suriyada və İraqda daha genişmiqyaslı hərbi əməliyyatlara qoşulmayacaq.
- Bəzi ekspertlər iddia edirlər ki, Qərb Türkiyəni müharibəyə sürükləməklə onu zəiflətmək, cəzalandırmaq istəyir. Siz bu cür fikirləri bölüşürsünüzmü?
- NATO və ABŞ rəsmi Ankaranın terrorçulara qarşı mübarizəsini, Hərbi Hava Qüvvələrinin terrorçuların mövqelərinə zərbələr endirməsini dəstəkləyirlər. Müsbət məqam budur ki, Türkiyə öz mübarizəsində tək deyil. Amma ümumən baş verənlər Türkiyənin özündə və ətrafında mürəkkəb vəziyyət yaradır. Nəzərə alsaq ki, Türkiyədə koalisiya hökuməti formalaşdırılır, son hadisələr bu prosesin yubanmasına təsir edir. Bundan başqa, Türkiyəni zəiflətmək, onu idarə etmək istəyən xarici qüvvələr bu gün də mövcuddur. Həmin qüvvələr Ermənistanla sərhədlərin açılmasında, uydurma soyqırımının tanınmasında və sairdə də maraqlıdırlar. Belə bir şəraitdə Türkiyə prezidenti çox incə siyasət yeritməli, bir sıra amilləri nəzərə almalıdır. Bununla belə, Türkiyənin terrorçularla mübarizəyə qoşulmaqdan başqa çıxış yolu da qalmır. Türkiyə 30-dan artıq dinc vətəndaşını itirib. Dövlət bununla bağlı tədbirlər görməyə, öz vətəndaşlarını qorumağa, günahkarları cəzalandırmağa məcburdur.
- Antiterror əməliyyatlarında Türkiyənin əsas niyyətlərindən biri də Suriya ilə sərhəd boyunca “bufer zona” yaratmaqdır. Hətta “bufer zona” yaradılsa belə, Türkiyə suriyalı qaçqınlar problemini həll edə biləcəkmi?
- Əgər Türkiyə İŞİD və PKK terrorçularına qarşı mübarizəsində uğur əldə etsə, qələbə çalmağa nail olsa, ABŞ və NATO-nun dəstəyi ilə “bufer zona”nın yaradılması realdır. Bunu istisna etmək qeyri-mümkün olsa da, tezliklə baş verəcəyini düşünmək yanlış olardı. Ancaq hətta “bufer zona”nın yaradılması da qaçqın problemini birdəfəlik həll edə bilməz. Bu problemin həllinin yolu həmin qaçqınların öz ölkəsində sabitliyin bərpa olunması, yaşayış səviyyəsinin yaxşılaşdırılması və sair hadisələrdən asılıdır. Misal üçün, bu gün Ermənistanda heç bir müharibə getmir. Amma minlərlə Ermənistan vətəndaşı olan miqrant Türkiyəyə gedib. Bunun səbəbi Ermənistanda ağır sosial-iqtisadi vəziyyətin olması, insanların yoxsul yaşaması, iş yerlərinin, dolanışığın olmamasıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər