AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinə təminatdır

Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinə təminatdır

Cəmiyyət
13 Avqust 2020, 19:01 11298
Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı sərhəddə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı layiqincə alınıb düşmənə sarsıdıcı zərbə vurduqdan dərhal sonra qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar ölkəmizə dəstək nümayiş etdirdilər, yanında olduğunu bəyan etdilər. Qeyd olundu ki, sadəcə Ermənistanın bu təxribatı ilə bağlı deyil, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan hansı qərarı qəbul edəcəksə, Türkiyə onun yanında olacaq, ona hər cür dəstək nümayiş etdirəcək. Bu kimi bəyanatların ardınca Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları, hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. 
 


Hərbi əməkdaşlıq daha üst səviyyəyə qaldırlır

Amma bu hərbi təlimlər əvvəldən planlaşdırıldığı kimi avqustun 10-da tamamlanmayıb, bir neçə gün də uzadılıb. Belə bir fonda Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə tərəfinin dəvəti ilə avqustun 10-da Ankara şəhərində işgüzar səfərdə olub. Azərbaycanlı nazir Türkiyə Prezidenti tərəfindən qəbul edilib. Bunun səhərisi gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan Özbal və hərbi nümayəndə heyəti Azərbaycana səfərə gəliblər. Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları, hərbi hava qüvvələrinin döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində birinci mərhələsinin sonuncu epizodunu izləyiblər. Türkiyəli hərbi nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq əvvəlkindən daha üst səviyyəyə qaldırlır.
 


Genişmiqyaslı təlimlər prosesin başlanğıcıdır

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən "Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi icmalçı Ramil Məmmədli hesab edir ki, son illər dünyada və regionda baş verən proseslər Türkiyə - Azərbaycan hərbi tərəfdaşlığının vacibliyini diqtə edir. Ekspertin fikrincə, bu tərəfdaşlıq Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Türkiyə üçün də bir o qədər önəmlidir: "Bu tərəfdaşlığın vacibliyini Türkiyə Suriya və Liviyada hərbi əməliyyatlara başlayan zaman Azərbaycan, Tovuz istiqamətində Ermənistanın ölkəmizə hücumu zamanı isə Türkiyə nümayiş etdirdi. O ki, qaldı Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun oktyabrın 10-da Türkiyəyə, ardınca türkiyəli həmkarının Bakıya səfərinə, bu, qarşılıqlı hərbi tərəfdaşlığın daha da dərinləşərək, həyatı əhəmiyyətli qərarların verilməsinin mesajıdır. Hər iki səfər ölkələrimizin hərbi tərəfdaşlığının yeni mərhələyə qədəm qoymasından xəbər verir. Genişmiqyaslı təlimlər bu prosesin başlanğıcıdır”.
 


Rusiya-Ermənistan müttəfiqliyi sual altında

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, iyulun 12-də Tovuz rayonu ilə sərhəddə Ermənistanın törətdiyi təxribatlardan indiyə qədər cərəyan edən proseslər fonunda Azərbaycanın Müdafiə və Xaric İşlər nazirlərinin Türkiyə səfəri, Prezident R.T.Ərdoğanla görüşü ciddi siyasi-hərbi məsələlərdə ortaq mövqeyin qəbul edilməsi, yeni müqavilənin bağlnamsı üçün aparılan danışıqlardır. O deyib ki, müdafiə nazirlərinin səfəri çox vaxt konkret bir hədəf olduqda reallaşır. Siyasi şərhçinin sözlərinə görə, Türkiyə-Azərbycan arasında hərbi əlaqələrin daha da inkişafı, yeni hərbi müttəfiqlik müqaviləsinin bağlanması üçün məhz belə bir səfər edilib. M.Əsədullazadə Türkiyənin Milli Müdafiə naziri ilə yanaşı, yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsinin də əhəmiyyətli hadisə olduğunu dilə gətirib: "Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi Rusiya-Ermənistan müttəfiqliyini sual altına qoyacaq. Artıq Ermənistanda Türkiyənin Azərbaycana hərbi dəstəyindən dolayı ciddi narahatlıq yaşanır. İşğalçı ölkədə Rusiyanın mümkün Qarabağ savaşında Ermənistanı dəstəkləməyəcəyi fikirləri hakimdir. Bunu da Nikol Paşinyanın anti-Rusiya siyasətində görürlər. Bakı-Ankara müttəfiqliyi Yerevan-Moskva əlaqələrində ciddi konfontrasiya ilə yanaşı, Ermənistanda daxili siyasi vəziyyətin böhrana yuvarlanmasına gətircək. Rusiyaya bağlı olan Qarabağ klanı Ermənistanın təhlükəsizliyini qabardıb, Paşinyana qarşı kampaniya keçirə bilərlər. Bu da ölkədə daxili siyasi vəziyyəti mürəkkəbləşdirəcək. Amma, Rusiyanın tezliklə Ermənistandan çıxacağı yaxın perspektivdə mümkün görünmür”.
 
 

Xəzər dənizində birgə təlimlərin keçirilməsi

Politoloq qeyd edib ki, Azərbaycanın Türkiyə ilə əməkdaşlığını inkişaf etdirməsi, əsasən öz torpaqlarını işğaldan azad edilməsinə hesablanıb. Eyni zamanda bu əməkdaşlıq son illərdə Rusiyanın qonşularına qarşı arta biləcək müəyyən təzyiqlərindən sığortalanmaqdır: "Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə geostrateji yerdəyişmələr gedir və burada nüfuz toqquşmasında Ankara daha da irəli çıxıb, mövqelərini gücləndirir. Azərbaycan da Ankaranın region siyasətində onun yanındadır. Rəsmi Bakının kardinal şəkildə Türkiyə ilə hərbi əlaqələrini inkişaf etdirməsi, hərbi müttəfiqlik müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Azərbayacan Müdafiə nazirinin Türkiyəyə səfəri, ardınca Türkiyənin Müdafiə naziri və Baş Qərargahın rəsinin hərbi heyətlə ölkəmizə səfəri ciddi geopoltik bir platformanın qurulmasına hesablanıb. Türkiyə ilə Azərbaycan arasında ikinci hərbi təlimlər başlayacaq və bu təlimlərin növbəti mərhələdə davam etdirlməsi üçün Türk ordusunun Azərbaycanda qalması üçün ilkin razılaşma əldə oluna bilər. Türkiyənin Azərbyacnala hərbi müttəfiqlik müqaviləsi bağalnarsa, Xəzər dənizində birgə təlimlərin keçirilməsi də reallaşa bilər. Bu, həmçinin Xəzər regionunda enerji daşıyıcılarının Qərbə istiqamətlənməsində baryeri aradan qaldıra bilər. Xüsusilə Türkmənistan qazının Azərbaycan üzərindən daşınması üçün dənizin dibi ilə çəkilməsi nəzərdə tutaln "TransXəzər” qaz boru kəmərinin çəkilməsi reallaşa bilər”.
 


Üçüncü ölkə təzyiqlərinin qarşısı alınır

M.Əsədullazadə bildirib ki, Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinin təminatı deməkdir: "Ölkəmiz işğal olunmuş ərazilərin azad edilməsi üçün aparacağı hərbi əməliyyatlarda Ankara faktoru üçüncü ölkənin təzyiqlərinin qarşısının alınmasında mühüm amildir. Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilələrin bağlanamsı, əsasən NATO ilə razılaşdırılıb. Qərb də Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqeyinin güclənməsində maraqlıdır. Xüsusilə ABŞ, bu istiqamətdə Türkiyəyə dəstək verəcək. Bu da Azərbaycan üçün strateji önəm daşıyır. Rusiyanın mövqeyinə gəldikdə isə, Türkiyə Suriya və Liviyada Rusiya ilə necə davranırsa, Cənubi Qafqazda da elə davranacaq”.
 
Rufik İSMAYILOV