• cümə axşamı, 25 aprel, 19:27
  • Baku Bakı 21°C

Türkiyənin regionda fəallaşması nə vəd edir?

11.12.13 08:40 1374
Türkiyənin regionda fəallaşması nə vəd edir?
Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay Vyanada keçirilən görüşü ilə Dağlıq Qarabağ probleminin həlli prosesində xeyli müddətdir ki, mövcud olan durğunluq aradan qalxmış oldu. Ümumiyyətlə isə Vyana görüşünü həll prosesində növbəti mərhələnin başlanğıcı hesab etmək olar. Lakin bu mərhələnin hansı sonluqla bitəcəyi, təmasların nəticə verib-verməyəcəyi isə hələ ki bəlli deyil.
Məlum olduğu kimi, elə əvvəldən problemin həllində maraqlı olan üçüncü tərəflərin rolu, mövqeyi də az əhəmiyyətli kəsb etməyib. Bu mənada münaqişənin ədalətli həllinə daim dəstək verən əsas ölkə Türkiyə olub. Türkiyə həm ikitərəfli müstəvidə, həm də beynəlxalq arenada Azərbaycanın haqq işinə müxtəlif vasitələrlə yardımçı olmağa çalışıb.
Türkiyə münaqişənin həlli məqsədilə yaradılmış olan Minsk qrupunun da aktiv üzvlərindəndir. Lakin Ermənistanın destruktiv mövqeyi ucbatından Türkiyə Minsk qrupunun həmsədrlərindən biri kimi prosesdə birbaşa iştirakdan məhrumdur. Halbuki, region dövləti kimi, Türkiyə tərəflər arasında ədalətli sülhün təmin olunmasında aktiv iştirak imkanlarına malikdir.
Münaqişənin həllindən Türkiyənin faktiki olaraq uzaqlaşdırılması cəhdləri prosesə mənfi təsirini illərdir ki, göstərməkdədir. Belə ki, uzun müddətdir problemin həllinə nail ola bilməyən, əksər hallarda ermənipərəst mövqe sərgiləyən Rusiya, ABŞ və Fransa Ermənistana tutduğu pozucu mövqeyinə görə heç bir formada təsir etmək niyyətində deyil. Məhz bu da problemin həllini uzadan əsas faktorlardandır. Faktiki olaraq Azərbaycan ərazilərini zəbt etmiş Ermənistanı bu üç ölkədən heç biri öz adı ilə çağırmır. Minsk qrupuna üzv dövlətlərdən yalnız Türkiyə bu dövləti işğalçı kimi tanıyır. Məhz məsələyə düzgün yanaşma nümayiş etdirmədiklərinə və ikili standartlardan çıxış etdiklərinə görə həmsədr dövlətlər problemin həllinə nail ola bilmirlər.
Lakin yeganə dövlət olaraq Türkiyə ilk gündən Ermənistana öz sərt reaksiyasını nümayiş etdirib. Belə ki, Kəlbəcərin işğalından sonra 1993-cü ildə Türkiyə Ermənistanla sərhədləri tamamilə bağladığını elan etdi və onun açılması üçün şərt kimi, işğalın aradan qaldırılması bəyan etdi.
Məhz bu sərhəd qapatmaq məsələsi uzun müddət ərzində Türkiyəyə qarşı bir sıra Qərb dairələri tərəfindən təzyiq vasitəsi kimi istifadə edilməkdədir. Hətta bir çox məqamlarda məhz Ermənistanla sərhədlərin açılması məsələsi Türkiyənin qarşısında şərt kimi irəli sürülür. Lakin görünən odur ki, hələlik Türkiyə bu cür təzyiqlərin qarşısında tab gətirir.
Sərhəd məsələsi üzrə proseslər 2009-cu ildə öz pik həddinə çatmışdı. Belə ki, həmin ildə Türkiyəyə dünyanın mühüm gücləri tərəfindən təzyiqlər daha intensiv xarakter almışdı. Hətta hazırkı AKP iqtidarı təzyiqlər nəticəsində İsveçrənin Sürix şəhərinin adı ilə adlandırılan protokolları da imzalamalı olmuşdu. Həmin protokollara əsasən, Ermənistanla sərhədlərin açılması nəzərdə tutulurdu. Lakin məlum olduğu kimi, «Sürix protokolları» onu imzalamış AKP iqtidarı üçün uzun müddət əməlli-başlı «baş ağrısı»na çevrildi. Ölkə ictimaiyyətinin güclü təzyiqləri nəticəsində protokolların reallaşdırılması mümkün olmadı. Hətta protokolların imzalanması Azərbaycanla münasibətlərə də xeyli soyuqluq gətirmiş oldu.
Həmin dövrdə Türkiyə siyasi elitasında belə hesab edirdilər ki, sərhədlərin açılması Ermənistanı Türkiyəyə yaxınlaşdıracaq və sonda Dağlıq Qarabağ və «erməni soyqırımı» məsələsində Ermənistanın mövqeyində dəyişiklik baş verəcək. Lakin göründüyü kimi, Türkiyə ictimaiyyəti bu perspektivsiz plana yox dedi. Hətta protokol məsələsi AKP iqtidarının nüfuzuna da xeyli neqativ təsir göstərdi.
Həmin hadisələrdən 4 il keçdikdən sonra, yəni bu günlərdə yenə də Türkiyənin xarici siyasətində Ermənistanla sərhəd məsələsinin gündəmə gəlməsi ilə bağlı mətbuat səhifələrində informasiyalar öz əksini tapmaqdadır. Belə ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Yerevanda keçiriləcək toplantısına qatılacaq xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşəcəyi bildirilir. Həmin informasiyalara görə, məhz bu görüşlərdə ikitərəfli münasibətlərin yaxşılaşdırılması və eyni zamanda sərhəd məsələsinin müzakirəsi nəzərdə tutulur. Hətta Türkiyənin Ermənistana işğal etdiyi Azərbaycanın iki rayonunu boşaltması müqabilində sərhədləri aça biləcəyini təklifini edəcəyi də bildirilir.
Paralel olaraq Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan açıqlama yayaraq ikitərəfli münasibətlərin normallaşmasında heç bir ilkin şərtin irəli sürülməməsinin vacibliyini bildirməsi də görüşlərdə ikitərəfli münasibətlərin durumunun və sərhəd məsələsinin müzakirəsi ilə bağlı informasiyaların doğruluğunu təsdiq edir: «Ə.Davudoğlu Yerevana səfəri öncəsi təxribatçı bəyanatlar verməməli və ikitərəfli münasibətlərə xələl gətirə biləcək fikirlər səsləndirməməlidir. Əvəzində o, Yerevanda soyqırımı abidəsinə baş çəkməlidir». Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına yardım edə bilər. “Bunun üçün 2009-cu ildə Sürixdə imzalanan sazişi heç bir əlavə şərt irəli sürmədən ratifikasiya etməlidir. İlk növbədə soyqırımı tanımalı və bağlı qalan Türkiyə-Ermənistan sərhədlərini açmalıdır” deyə erməni rəsmi bildirib.
Türkiyənin hansı səbəbdən Ermənistanla münasibətlərin normallaşması istiqamətində yenidən fəaliyyətə keçməsi də maraq doğurur. Türkiyəli analitiklərin fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin təmasları və müzakirələri bərpa etməsini AKP də bir fürsət kimi dəyərləndirərək hərəkətə keçib.
Təhlilçilər onu da vurğulayır ki, 2015-ci ildə «soyqırımı»nın 100 illiyi ilə bağlı erməni lobbisinin dünya miqyaslı antiTürkiyə kampaniyasının səngidilməsi istiqamətində addımlar çərçivəsində AKP iqtidarı Ermənistanla müəyyən uzlaşmaların əldə olunmasına çalışır. Davudoğlunun səfəri də bu məqsədə xidmət edir.
Lakin daim destruktiv və uzlaşmaz mövqe tutan Ermənistanın Türkiyənin etməsi gözlənilən jestinə hansı reaksiyanı verəcəyi məlum deyil. Çünki bu dövlət və onun rəhbərlərinin müstəqil qərarvermə imkanları məhduddur və rəsmi Moskva ilə razılaşdırmamış hər hansı addım ata bilməzlər. Bu mənada Moskvanın məsələyə hansı reaksiyanı verəcəyi daha maraqlıdır. Ermənistanı həm siyasi, həm də iqtisadi cəhətdən daim öz nəzarətində saxlamağa çalışan Rusiyanın sərhədlərin açılması ilə onun Türkiyə ilə yaxınlaşmasına razılıq verəcəyi inandırıcı deyil. Çünki məhz siyasi və iqtisadi təzyiq rıçaqlarından yararlanmaqla Rusiyanın Ermənistanı artıq forpostuna çevirdiyi aydındır.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanla koordinasiyalı şəkildə hərəkət etməsi də prosesin uğurunun vacib şərtlərindəndir. Belə ki, əgər sərhədlərin açılması üçün Türkiyənin bu vaxtadək ilkin şərt kimi irəli sürdüyü və Azərbaycanın da bundan məmnunluq duyduğu işğal edilmiş torpaqların azad edilməsi şərtindən heç bir vəchlə imtina etməməsi olduqca önəmlidir. Əgər bu şərtlərin göz ardı ediləcəyi təqdirdə 2009-cu ildəki kimi, prosesin dalana dirənməsi qaçılmaz ola bilər. Çünki sirr deyil ki, Türkiyə ictimaiyyəti Azərbaycanla bağlı çox həssasdır. Bunu isə AKP iqtidarının nəzərə almaması mümkün deyil.
Məlum olduğu kimi, Türkiyə-Azərbaycan münasibətlərində əsas söz sahibi xalqlardır, hakimiyyətlər yox.
Bu yaxınlarda Türkiyədə keçirilmiş ictimai rəy sorğusunun nəticələri də iki xalq arasında yaxınlığı bir daha təsdiq edib. Belə ki, sorğuya görə, türk xalqı özünə ən yaxın dost kimi Azərbaycanı görür. Məhz bu, bir daha hər iki dövlətin bir-birinin maraqlarına öz maraqları kimi yanaşmasını zəruri edir.
Digər tərəfdən iki qardaş xalqın bir-birinin mənafelərini nəzərə alması onlar üçün bir mənəvi borcdur.
Bunu yaxın keçmiş də sübut edib. Belə ki, 1918-ci ildə Türkiyə (Osmanlı) Azərbaycana, İstiqlal savaşı dövründə isə Azərbaycan Türkiyəyə öz mənəvi borcundan irəli gələn hər cür yardımı göstərib. Hətta bəzən bu tarixi təcrübədən çıxış edərək bəziləri 1991-1994-cü illər ərzində Türkiyənin hələ tam oturuşmamış Azərbaycan dövlətinə etdiyindən daha çox yardım göstərməli olduğunu iddia edirlər. Onların qənaətinə görə, əgər Türkiyə münaqişənin ilk dövrlərində Azərbaycana daha yaxından kömək göstərmiş olsaydı, Ermənistan ölkəmizin 20% ərazisini işğalı altına ala bilməzdi. Əlbəttə ki, bunlar Azərbaycan dövlətinin mövqeyi olmasa da, ictimai rəydə yer almış mövqelərdən biridir.
Yekun olaraq bir daha qeyd etmək lazımdır ki, AKP iqtidarının Ermənistanla münasibətlərinin normallaşdırılması prosesində Azərbaycanın mövqeyini daim ön planda tutacağı onun hakimiyyətinin perspektivləri baxımından da çox vacibdir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər