Türkiyənin nüfuzlu nəşri Azərbaycanın turizm potensialından yazdı
Bu gün artıq tam əminliklə söyləmək olar ki, turizm tükənməyən gəlir
mənbəyidir və bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrdə dövlət
büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Turizm mövsümünün
ilboyu davam etməsindən ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Türkiyə kimi
ölkələrin dövlət büdcəsinə milyardlarla əlavə vəsaitlər daxil olur. Ölkəmizdə
də son illər bu sahəyə ciddi investisiya qoyulur və son illərdə Azərbaycana gələn
turistlərin sayı durmadan artır. Ölkəmizdə turizmin inkişafına dair dövlət
tərəfindən mühüm işlər görülüb və bu işlər davam etdirilir. Mütəmadi olaraq
Qərb, Rusiya və qardaş Türkiyə mətbuatında ölkəmizin turizm potensialı,
günbəgün gözəlləşən Bakı və regionlar barədə reportajlar dərc edilir. Qeyd
edilir ki, bir neçə ilə ölkəmiz bu istiqamətdə ciddi uğurlara imza ata bilər.
Bu günlərdə Türkiyənin nüfuzlu "Sözçü” qəzeti "Azərbaycana getmək üçün 9 səbəb”
başlıqlı məqalə dərc edib. Material belə b başlayır - "Yaxınlarınızın xoşbəxt
şəkildə yaşaya biləcək və sizi qane edə biləcək bir ölkəyə getmək
istəyərsinizmi? İstəsəniz Azərbaycan sizi gözləyir. Bakı hava limanında düşən
kimi səlahiyyətli şəxslər sizə xəbərdarlıq edir - istədiyiniz banka daxil olub
vəsaitinizi götürə və qoya bilərsiniz”. Reportajda xüsusi vurğulanır ki, Bakıdakı
hər küçədə, meydanda hamının dilindən "iki dövlət-bir millət” sözlərini eşitmək
mümkündür.
Dil problemi ilə üzləşməyəcəksiniz
Məqalədə qeyd edilir ki, Azərbaycanda səyahət edən Türkiyə vətəndaşları
buralarda dil problemli ilə üzləşməyəcəklər. "Bu gözəl ölkəni öz dilinizlə tam
gəzə bilərsiniz. Dünyanın ən köhnə neft ixracatçısı olan Azərbaycan, Xəzər
neftini Qərbə açan ilk ölkədir. 1918-ci ildə qadınlara səsvermə hüququnu
tanıyan Azərbaycan ABŞ və İsveçrədən əvvəl qadınlara seçkidə iştirak və seçilmə
haqqı verən ilk müsəlman ölkə kimi yadda qalıb.
Yeməklər
Böyük bir kulinariya zənginliyi olan Azərbaycanda ən təbii və dadlı
qidalarla qarşılaşacaqsınız. Yarpaq dolmaları, plovlar və ətdən hazırlanan
gözəl təamlar hər gün masanızın içində olacaqdır.
Tarix
Məqalədə daha sonra bildirilir ki, Azərbaycan dərin tarixə malikdir: "Bakı
mütləq ziyarət etməli olduğunuz çox gözəl bir yerdir. Burada sizi Osmanlı
İmperatorluğunu, ərəb, Sovet arxitekturasına aid tarixi abidələr salamlayır. Bu
diqqətlə qorunan və təqdim edilən əsərlər sizi digər torpaqlara aparacaq”.
Muzeylər
Daha sonra Azərbaycanın bir muzeylər ölkəsi olduğu xüsusi vurğulanır.
"Bakıda hər yerdə maraqlandığınız muzeylərlə qarşılaşacaqsınız. Heydər Əliyev
Mərkəzi, Xalça Muzeyi, Tağıyev Tarix Muzeyi, Müasir İncəsənət Muzeyi, Kukla
Teatrı, Muğam Mərkəzi və s”, - deyə xüsusi qeyd edilir.
Rəssam Əli
"Bakının İçərişəhər adlanan yerində səyahət edərkən qadın portretləri
olan bir ağac diqqətinizi cəlb edəcək. Bu ağac rəssam Əli Şəmsinin sayəsində yenidən
həyata qayıdıb. O ağacın yaxınlığında rəssamın atelyesi işləyir. Azərbaycanın
görkəmli rəssamlarından olan Əli, ağacın qarşısından hər gün keçən insanların
diqqətini çəkdiyi qadın portretləri ilə cəlb etməyi bacarıb. Gəlib ağaca
toxunan və qarşısında fotoşəkillər çəkdirən insanlar sayəsində illərdir yarpaq
verməyən ağac indi bəlkə də bu maraq sayəsində canlanıb və inkişafa başlayıb”,
- deyə məqalədə bildirilir.
Heydər Əliyev Mərkəzi
Məqalədə o da qeyd edilir ki, Azərbaycanın qürur duyulası yerlərindən
biri Heydər Əliyev Mərkəzidir. "2013-cü ildə fəaliyyətə başlayan bu 101 min
kvadrat metrlik mədəniyyət mərkəzi Azərbaycan Respublikasının qurucusu Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 8-ci ildönümü səbəbi ilə fəaliyyətə başlayıb”, - deyə bildirilib.
Memarlıq
Daha sonra qeyd edilir ki, "xüsusən Bakıya gəlincə, geniş küçələri
əhatə edən təsirli strukturlar diqqətinizi cəlb edəcək. Estetik gözəlliyi olan
bu binaların hər birində bir çox ölkələrin memarlıq abidələri sizin gözünüzü
oxşayacaq. Bakıda özünüzü Rusiyada, Parisdə və ya Vyanada səyahət etdiyiniz
kimi hiss edə bilərsiniz”.
Təhlükəsizlik
Müəllif yazır ki, "Azərbaycan paytaxtı Bakı dünyanın ən təhlükəsiz
ölkələrindən biridir. Turistlərin baş bəlası olan "oğurluq, zorakılıq və
təcavüz” kimi cinayətlər Azərbaycanda ağır cinayətlər hesab edilir.
Azərbaycanda polis qüvvələrinin həssaslığı ilə demək olar ki, heç bir anarxiya
yoxdur”.
Ticarət
Sonda qeyd edilir ki, "dünyanın ən məşhur markaları Bakı küçələrinə
fərqli bir canlılıq əlavə edir. Ən məşhur toxuculuq, kosmetika və avtomobil
markalarına tez-tez rast gəlinir. Bakı Limanı ətraf ölkələrdən alış-veriş üçün
gələn insanların diqqətini cəlb edir. Bura ən müxtəlif çeşidli mağazaların
toplandığı ən mühüm mərkəzdir”.
Azər