• cümə, 29 Mart, 14:50
  • Baku Bakı 14°C

Türkiyənin İzmit şəhərində Xocalı şəhidlərinə abidə ucaldılıb

23.04.15 06:44 1004
Türkiyənin İzmit şəhərində Xocalı şəhidlərinə abidə ucaldılıb
Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə - aprelin 22-də Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb.
Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi başlayan açılış mərasimində TADEF sədri Bilal Dündar çıxış edərək Xocalı soyqırımı haqqında mərasim iştirakçılarına məlumat verib. B.Dündar bu günün iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diaspior rəhbəri abidənin hazırlanmasında göstərdiyi dəstəyə görə İzmit Bələdiyyəsinə təşəkkür edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də abidənin ucaldılmasına görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan başda olmaqla hər kəsə təşəkkürünü bildirib. V.Hacıyev abidənin açılışının Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində təşkil edilməsinin ayrıca əhəmiyyət kəsb etdiyini qeyd edib: "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan bu abidə dünyadakı erməni yalanlarına ən gözəl cavabdır. Nə Türkiyədə, nə də Azərbaycan torpaqlarında kütləvi erməni məzarlarına rast gələ bilməzsiniz. Kütləvi məzarlarda həmişə türklər vardır. Tarixin heç bir mərhələsində türklər ermənilərə qarşı soyqırımı aktı həyata keçirməyib”.
İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan da çıxışında türk millətinin bütün döyüşlərdə mərdlik nümayiş etdirdiyini, qadına, uşağa, yaşlıya qarşı silah qaldırmadığını, ermənilərin isə Azərbaycanda dinc əhalini amansızcasına qətlə yetirdiyini deyib. Faciə qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağını deyən N.Doğan bu abidənin də soyqırımı həqiqətlərinin gələcək nəsillərə ötürmək məqsədi daşıdığını qeyd edib.
Xocalı abidəsinin açılış mərasimində Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin nümayəndəsi Zəkəriyyə Özak, Azərbaycan Türk diaspor təşkilatlarının, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib.
Sonda İzmit Bələdiyyəsinin sədri Nevzat Doğana Azərbaycan diasporuna göstərdiyi diqqətə və dəstəyə görə plaket təqdim olunub.
Qeyd edək ki, Xocalı abidəsi İzmitin Yenişəhər məhəlləsindəki parkda, Bələdiyyənin Park və Bağçalar müdirliyi tərəfindən hazırlanan layihə əsasında inşa edilib. 2,5 metr hündürlüyü olan abidə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarətdir. Abidənin üzərində soyqırımı əks etdirən fotolar və Xocalıda qətlə yetirilmiş 613 nəfərin adı həkk olunub.
banner

Oxşar Xəbərlər