• cümə, 29 Mart, 08:56
  • Baku Bakı 5°C

Türkiyənin İsveçrədəki təmsilçisi – Portret

11.06.16 10:59 1976
Türkiyənin İsveçrədəki təmsilçisi – Portret
Bu gün Fransada futbol üzrə Avropa çempionatı başlayır. Biz də Avropa çempionatında iştirak edəcək komandalar və lider futbolçular barədə yazıları yekunlaşdırırıq. Son yazımızda İsveçrə yığmasından və millinin liderlərindən sayılan Eren Derdiyokdan söhbət açacağıq.
İsveçrə Avropanın futbol ənənəsi olan ölkələrindəndir. Bu ölkənin millisi tarixi ərzində hansısa titul qazanmasa da, öz oyunuyla həmişə alqış qazanıb. Təkcə Avropanın bu kiçik ölkəsinin yığmasının tarixi ərzində 4 dəfə dünya çempionatlarının final mərhələsində 1/4 finaladək irəlilədiyini demək kifayətdir. Bundan əlavə, isveçrəlilər 2006-cı ildən etibarən bütün mundialların iştirakçısı olub. Uzun sözün qısası, daha çox banklarıyla məşhur olan bu dağlıq ölkə futbolda da öz sözünü deməyi bacarıb.

Türklərin iz qoyduğu İsveçrə
İsveçrə millisinin son illərdəki uğurlarında həmişə türk imzası olub. İsveçrəlilər artıq karyerasını bitirmiş Hakan və Murat Yakın qardaşlarının və Kubilay Türkyılmazın bu ölkənin millisindəki çıxışlarını hələ də unutmayıblar. Onlar unutsa belə, statistika unutmaz. Belə ki, 1988-2001-ci illər aralığında İsveçrə millisinin uğurları üçün çalışmış Kubilay yığmanın tarixi ərzində ikinci ən yaxşı bombardirdir. İsveçrə formasıyla 34 qola imza atmış Türkyılmaz, bu cəhətdən yalnız Aleksandr Freydən (42) geri qalır.
Yakın qardaşlarından və Türkyılmazdan sonra da türk əsilli futbolçular İsveçrə millisində yer almağa davam edib. Elə təkcə "qırmızı-ağlar"ın heyətində ən çox oyun keçirmiş 5-ci oyunçu olan Gökhan İnləri misal göstərmək kifayətdir.
Qarşıda İsveçrə millisini çətin tapşırıq gözləyir. Vladimir Petkoviçin yetirmələri Fransada start götürəcək Avropa çempionatından üzüağ ayrılmalıdır. Petkoviçin əlində bu çətin vəzifənin öhdəsindən gəlmək üçün yetərincə "material" var. "Böyük beşlik" ölkələrinin çempionatlarında top qovan Stefan Lixtştayner, Valon Behrami, Blerim Dzemaili, Qranit Xaka, Xerdan Şaqiri kimi oyunçular İsveçrəni uğura daşıya bilər.

Yakın qardaşlarının, Türkyılmazın davamçısı


Həmişəki kimi heyətdə yenə də əslən türk olan oyunçu var. Bu, "Kasmpaşa"da forma geyinən Eren Derdiyokdur.
Eren 1988-ci il, iyunun 12-də İsveçrənin Bazel şəhərində Türkiyədən köçmüş ailədə dünyaya gəlib. O, dünyaya göz açanda valideynləri artıq 11 il idi ki, İsveçrədə yaşayırdı. Əvvəlcə ata Derdiyok İsveçrəyə iş dalınca yollanmış, burda mətbəədə yaxşı qazancı olan iş tapdıqdan sonra isə ailəsini də öz yanına, İsveçrəyə gətirmişdi. Futbol azarkeşi olan Derdiyok oğlu Ereni cəmi 4 yaşı olarkən futbola yazdırır. Futbolçu özü həmin günləri belə xatırlayır: "Futbola çox erkən, 3-4 yaşımdan başlamışam. Yadımdadır, o vaxt həmişə böyük qardaşımla futbol oynayardıq. Mən həmişə qapıda dayanırdım. Ancaq burda oyunum elə də yaxşı alınmırdı. 4 yaşım olarkən "Old Boyz" komandasının aşağı yaş qrupunda oynamağa başladım. Elə məhz 4 yaşımdan hücum xəttində çıxış etdim".
Elektrik ustalığından "Bazel"ə
Eren düz 14 il (!) "Old Boyz"da top qovur. O, futbolla məşğul olmaqla yanaşı, peşə məktəbində də təhsil alırdı. Çünki futboldakı gələcəyinin necə olacağını bilmirdi. Yaxşı futbolçu kimi yetişmək üçün o, ilk növbədə yaşadığı şəhərin əsas komandası olan "Bazel"ə düşməli idi. Buna bir neçə dəfə cəhd etsə də, nail ola bilməmişdi. Eren cəmi 15 yaşı olarkən "Bazel"də 2 dostu ilə baxışda olmuş, dostlarından fərqli olaraq kənarda qalmışdı. Eyni hal 3 il sonra - Derdiyok 18 yaşında olarkən də təkrarlanmışdı. "Bazel"ə düşə bilməmək qorxusu onu başqa sahələrə üz tutmağa məcbur edir. Eren məşqlərlə yanaşı, peşə məktəbində elektrik ustası olmaq üçün təhsil alır. Hətta bir müddət elektrik ustalarının yanında köməkçi kimi çalışır da. Futbolçu özü həmin günləri belə xatırlayır:
"Uzun müddət həvəskar komandada top qovdum. Futbolla yanaşı, peşə məktəbində elektrik sahəsində də təhsil də alırdım. Hətta bir müddət elektrik ustalarının yanında köməkçi kimi də çalışdım. Səhərdən axşama kimi işləyir, axşam isə məşqlərə çıxırdım. Bu cür şəraitdə yaşaya bilməzdim. Yaşadığım bölgədə futbolçu olmaq üçün tək şansım "Bazel"ə düşmək idi. İki dəfə cəhd göstərsəm də, seçilməmişdim".
Ancaq gec-tez Eren "Bazel"ə yol tapır. Belə ki, "Old Boyz"da forma geyindiyi zaman İsveçrə kuboku çərçivəsində "Bazel"ə qarşı oyunda fərqlənməsi bu klubun qapılarını onun üzünə açır. Ancaq "Bazel"in əsas yox, əvəzedici komandasına cəlb edilir. 2007-ci ildən etibarən isə o, İsveçrə nəhənginin əsas komandasında çıxış etməyə başlayır. 2009-cu ilə kimi "Bazel"in uğurları üçün çalışan hücumçu burda ümidləri doğruldur. "Bazel"in heyətində 1 dəfə İsveçrə çempionluğunu, 1 dəfə isə ölkə kubokunu qazanan Eren, 2007/08 mövsümünün ən yaxşı gənc futbolçusu seçilir. Onun çıxışı tezliklə seleksiyaçıların diqqətini cəlb edir.
"Fənər" və "Qalatasaray" istəsə də...
Bundesliqa təmsilçisi "Bayer"lə yanaşı, Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları da Erenin xidmətində maraqlı idi. O isə Türkiyəyə getməyin hələ tez olduğunu düşünərək, Avropanın 5 ən böyük çempionatından biri olan Bundesliqaya - "Bayer"ə üz tutur. Almanlar hücumçunun transferi üçün 3,8 milyon avro ödəyirlər.
Erenin Leverkuzendəki ilk mövsümü uğurlu alınır. O, "asprinlər"in heyətində ilk mövsümdə meydana çıxdığı 35 oyunda 13 qola imza atır. Derdiyokun sonrakı mövsümü də yaxşı keçir. Amma üçüncü mövsümdə az şans qazanmağa başlayır: "Bayer"dəki ilk iki mövsümüm uğurlu oldu. Sonrakı mövsümdə isə komandadakı yerimdən əmin idim. Bu da məni bir xeyli rahatlaşdırdı. Bəlkə də bu, karyeram ərzində ən böyük səhvim idi. Komandanın taktikasının 2 hücumçudan 1 hücumçuya keçməsiylə, baş məşqçi məni ehtiyata göndərdi. Bir neçə həftə yaşıl meydandan kənarda qaldım".
Eren oyun təcrübəsi qazanmağın ən yaxşı yolunu komandanı dəyişməkdə görür. Çoxdandı onun xidmətində maraqlı olan "Hoffenhaym" Ereni 5,5 milyon avro qarşılığında komandaya cəlb edir. Ancaq Derdiyokun burda işləri qaydasında getmir. "Hoffenhaym"dakı ilk mövsümündə meydana çıxdığı 19 oyunda cəmi 1 qol vuran Eren sabiq klubu "Bayer"ə icarəyə verilir. Derdiyok burda da özünü göstərə bilmir. O, meydana çıxdığı 23 oyunda cəmi 1 qola imza atır.
Son illərdəki uğursuzluqlar Erendə ruh düşkünlüyü yaradır. Derdiyokun ən çətin dövrlərində isə ata yurdu Türkiyənin təmsilçisi "Kasımpaşa" ona sahib çıxır. Bir neçə il öncə "Fənərbaxça" və "Qalatasaray" kimi klublara "yox" cavabı verən Eren, "Kasımpaşa"nın təklifiylə ikiəlli razı olur. Superliqa təmsilçisi "Hoffenhaym"a 2,5 milyon avro ödəyərək, Dərdiyokun transfer hüququna yiyələnir.
Ancaq uğursuzluqlar Ereni qarabaqara izləyirdi. "Kasımpaşa"da bir neçə oyun keçirdikdən sonra o, ciddi zədə alır.
Zədəsini sağaltmaqla məşğul olduğundan, "Kasımpaşa"dakı ilk mövsümünü demək olar, boşa verir. O, cəmi 7 oyunda meydana çıxaraq, 2 qola imza atır. Son mövsümdə isə Derdiyok öz qolçuluq bacarığını göstərməyə imkan tapır. Çətin günlərdə ona qucağını açan "Kasımpaşa"ya vurduğu 13 qolla təşəkkür edir.
Biz "vətən xaini" deyilik
Eren 2006-cı ildən etibarən İsveçrə millisinin şərəfini qoruyur. O, U-19, U-21 millilərinin ardından, 2008-ci ildə İsveçrənin əsas millisində də debüt edir. Ancaq vaxtilə ona Türkiyədən də təklif gəlibmiş. Dərdiyok ata yurdunun millisini seçməməsinin səbəbini belə izah edir: "İsveçrə millisində ilk dəfə U-19 komandasında oynamışam. Sonradan Türkiyədən də mənə dəvət olmuşdu. Ancaq orda məni birbaşa komandaya yox, baxışa çağırmışdılar. Baxışda 40-a yaxın futbolçu olur. Onlardan da ikisi, üçü seçilir. Risk etmək istəmədim və İsveçrə millisini seçdim.
U-19-da 6 oyunda 9, U-21-də isə 9 oyunda 11 qola imza atdım. Bundan sonra əsas milliyə də dəvət edildim. Ancaq Türkiyədən heç bir dəvət olmadı. AÇ-2008-də Hakan Yakın və Gökhan İnlərlə birlikdə, İsveçrə millisində yer alan 3 türkdən biri idim".
Onun İsveçrə millisindəki debütü uğurlu alınır. 2008-ci il fevralın 6-da Londonun "Uembli" stadionunda İngiltərəyə qarşı yoxlama oyununda millidə debüt edən Derdiyok, topa ilk toxunuşunda yığmadakı qol hesabını açır. Oyun isə 2:1 hesabı ilə ingilislərin xeyrinə nəticələnir. Məhz bundan sonra Derdiyok İsveçrə millisinin AÇ-2008 üçün açıqlanmış heyətinə daxil edilir. O, evdə keçirilən qitə birinciliyinin ən gənc futbolçusu olur. 2012-ci il, mayın 26-da Bazeldə baş tutmuş Almaniya ilə yoxlama oyununda Derdiyok het-trikə imza atır. Oyun isveçrəlilərin 5:3 hesablı qələbəsiylə nəticələnir.
Eren artıq 8 ildir ki, İsveçrə yığmasının şərəfini qoruyur. O, bu müddətdə millidə meydana çıxdığı 50 oyunda 10 qola imza atıb.
Türkiyədə bir çoxları əslən bu ölkədən olan, ancaq yaşadıqları ölkənin millisini seçən futbolçulara "vətən xaini" kimi baxırlar. Elə təkcə Məsut Özilə olan münasibəti misal göstərmək olar. Eren isə bu məsələdə başqa fikirdədir. Onun fikrincə, İsveçrə millisində həm də Türkiyəni təmsil edir: "Bizim İsveçrə millisində Albaniyadan olan futbolçu var. O, özü İsveçrədə, qardaşı isə Albaniya millisində top qovur. Bu, çox gözəl bir şeydir. Bəziləri onun haqqında "vətən xaini" deyir. Yox, o, Albaniyanı İsveçrədə təmsil edir. Elə mən də. İsveçrədə oynasam da, Türkiyəni təmsil edirəm".
AÇ-2016 Dərdiyok üçün böyük sınaq olacaq. Belə ki, bir vaxtlar "böyük beşlik" ölkələri klublarının diqqət mərkəzində olan hücumçu, yenə həmin diqqəti qazanmağa çalışacaq. Üstəlik, Eren İsveçrə millisində türk oyunçuların nüfuzunu qoruyub saxlamalıdır. Axı o, özünün də dediyi kimi, həm də Türkiyəni təmsil edir...

banner

Oxşar Xəbərlər