Türkiyənin gücünü göstərən “Sülh bulağı”
Yaxın Şərq bölgəsində münaqişələr başladıqdan sonra Türkiyənin şimal
sərhədlərində vəziyyət gərginləşdi. Suriyada gedən müharibə nəticəsində
milyonlarla suriyalı Türkiyəyə üz tutdu. Bütün bunlara baxmayaraq, Türkiyə,
sərhədlərinə yaxın ərazidə baş verənləri sakitliklə izləyə bilməzdi. Hansı ki,
Suriyanın şimal ərazilərində kürd terror qruplaşmaları getdikcə Türkiyə
dövlətinə təhdidə çevrilirdi. Bu məsələ əlbəttə ki, dəfələrlə Türkiyə
prezidenti tərəfindən dünya dövlətlərinin diqqətinə çatdırılıb. Rəsmi Ankara
dəfələrlə bəyan etməsinə baxmayaraq, müttəfiq dövlətlər bunu çox sakitliklə
qarşılayırdılar. Lakin Türkiyə son qərar qəbul edərək, oktyabrın 9-dan Suriyanın
şimalında "Sülh bulağı” hərəkatına start verib. Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinə (TSQ) əmr verməsindən sonra terrorçulara
məxsus ərazilər bombalanıb. Əməliyyatlar başlar-başlamaz, terrorçulara məxsus
180-dən çox hədəf məhv edilib. Qeyd edək ki, əməliyyatlar davam edir.
Türkiyənin belə bir əməliyyata başlaması ölkənin gücünü xarakterizə
edirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, bu bölgənin problemləri
çoxşaxəli və mürəkkəbdir: "Yəni bu bölgədə son illər ərzində, ən azından
2009-2010-cu ildən bəri mürəkkəb proseslər gedib. Bəzi dövlətlərin məxfi
xidmətlərinin planları ucbatından bütün dünyanın terror qüvvələrinin hamısı
Suriya və İraq ərazisinə yerləşdirilib. Aydın məsələdir, burada ən böyük istək
ondan ibarət idi ki, ümumiyyətlə, Yaxın Şərqin siyasi xəritəsi köklü şəkildə
dəyişdirilsin və yeni dövlətlər yaradılsın. O planlardan biri də "kürd
dövləti”nin yaradılması ilə bağlı idi. Bu baxımdan həmin planın qarşısını almaq
istəyən dövlətlərin sırasında Türkiyə də yer alırdı. Düzdür, əvvəlcə Türkiyə
ABŞ-la birgə addımladı. Ancaq sonra bəlli oldu ki, müttəfiq ölkələrin
niyyətləri tam başqadır və bir-biri ilə ziddir. Təsadüfi deyil ki, bölgə
dövlətlərinin bəziləri ilə "Qərb koalisiyası” yaradılanda "Şərq koalisiyası” da
yaradıldı. Buraya Rusiya, İran, İraq, Suriyanın qanuni hökuməti və sair daxil
idi. Onlar planların hamısını alt-üst etdilər. Lakin bəzi dövlətlər, o cümlədən
ABŞ tərəfindən axırıncı "yara”nı müalicə etməyə istək ortaya qoyulmadı. Türkiyə
bölgədə, xüsusilə cənub sərhədləri boyunca çalışır ki, vəziyyəti taraz şəraitdə
formalaşdırsın, terrorçu dəstələrdən təmizləsin və təminatlı, sabit rejim
yaratsın. Ancaq bu, çox çətin məsələdir”.
T.Abbasov qeyd etdi ki, Türkiyə, həqiqətən güclü dövlətdir və ordu
potensialına görə NATO sıralarında 5-ci yerdədir: "Bu, çox güclü bir
göstəricidir. Ancaq məsələ ondadır ki, Suriyanın şimalında tam miqyaslı hərbi
kampaniya aparmaq mümkün deyil. Belə başa düşürəm ki, kürd yaraqlıları
"partizan müharibəsi”nə keçəcəklər və onlara da dəstək verənlər çox olacaq. Bunlar
həm İsrail, həm ABŞ və eləcə də Avropa dövlətləri olacaq ki, onların bir
çoxunun ərazisində kürdlərin mühacir qrupları, təşkilatları fəaliyyət göstərir.
Bu təşkilat və qruplara dəstək verirlər, onlara maliyyə yardımı ayırırlar.
Düşünürəm ki, bu məsələdə Türkiyənin gücü böyük səmərə verməyə bilər. O
cümlədən Türkiyə diplomatiyasının manevr imkanları genişdir. Bu mənada hesab
edirəm ki, hərbi seqmentlə bərabər, incə diplomatiya işə düşəcəksə, o halda
Türkiyə bu əməliyyatı qısa zaman kəsiyində sona çatdıracaq. Ancaq təcrübə onu
göstərir ki, bu, çox çətin məsələdir. Yəni müharibəni başlamaq asandır, ancaq
onu sona çatdırmaq qat-qat çətindir”.
Bakı Politoloqlar Klubunun
sədri Zaur Məmmədov bildirdi ki, Türkiyə uzun müddətdir kürd terrorizmi
ilə üz-üzə qalıb: "Belə olan təqdirdə, bir neçə dəfə Türkiyə prezidenti
tərəfindən istər Bəşər Əsədə, istər Rusiyaya, istərsə də ABŞ-a, Avropa
İttifaqına müraciət olunmuşdu ki, bununla bağlı tədbir görmək lazımdır. Çünki
Suriyanın şimalı həqiqətən də Türkiyənin milli təhlükəsizliyi üçün təhdiddir.
Lakin təəssüflər olsun ki, bütün bu illər ərzində "Qərb koalisiyası” Türkiyənin
yanında olmaq əvəzinə, kürd terrorçularını silah-sursatla təmin etdi, eyni
zamanda faktiki olaraq siyasi dəstəyini verdi. Belə olan təqdirdə, Türkiyənin,
prezident Ərdoğanın başqa seçimi yox idi. Ona görə də, biz bu gün Türk
ordusunun Suriyanın şimalında görməkdəyik”.
Z.Məmmədov vurğuladı ki, BMT və NATO baş katiblərinin, eyni zamanda
Avropanın ayrı-ayrı ölkələrinin bəyanatları təəssüf doğurur: "Amma onlar
bilmədilər ki, onsuz da Türkiyə öz yolundan dönməyəcək və mütləq şəkildə
terrorçuları Suriyanın şimalından təmizləyəcək. Kürdlər, bu mənada çox səs-küy salıblar.
Lakin əslində burada söhbət çox kiçik ərazidən gedir. Çünki Suriyanın böyük
şimal-şərq hissəsi kürdlərin əlindədir və Türkiyə heç də onları oradan
təmizləmək, yaxud da qovmaq niyyətində deyil. Türkiyənin əsas işi orada 500
kilometrlik civarında olan ərazidəki kürd terror qruplaşmalarına qarşı mübarizə
aparmaqdır ki, bu da tam olaraq Ərdoğanın haqqıdır. Bu məsələdə ABŞ-ın,
Rusiyanın əslində Türkiyəni dəstəkləməmək kimi seçimi yoxdur. Çünki Türkiyə
ordusu Suriyanın şimalındadır və elə bunun nəticəsidir ki, Moskva vəziyyəti
sakitliklə izləyir. Təbii ki, əməliyyatlardan öncə Rəcəb Tayyib Ərdoğan
rusiyalı həmkarı Putinlə telefonla danışıb. Eləcə də, Türkiyə prezidentinin
Trampla da telefon danışığı olub və ABŞ prezidenti öz hərbiçilərini sakit
şəkildə həmin ərazidən çıxardaraq, faktiki olaraq Türkiyəyə yaşıl işıq yandırıb”.
BƏXTİYAR