Türkiyənin daxili işlər naziri Rza Zərrabdan danışdı

Türkiyənin daxili işlər naziri Rza Zərrabdan danışdı

Təfsilat
23 Dekabr 2013, 08:04 749
Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivısində oğlu həbs olunmuş daxili işlər naziri Muammer Güler hadisədən sonra ilk dəfə mediaya danışıb.

APA-nın xəbərinə görə, Türkiyənin Anadolu Agentliyinə açıqlama verən nazir hadisədən dərhal sonra baş nazir Ərdoğanla görüşdüyünü və ona vəzifəsindən azad olunmaq, istefa vermək də daxil olmaqla hər addıma hazır olduğunu deyib: “İndi baş nazirimizin bununla bağlı verəcəyi qərarı gözləyirəm”.

M. Güler deyib ki, o, istintaqa təsir etməmək məqsədilə bu günə qədər susub və prosesləri izləyib: “ Bu əməliyyat korrupsiya pərdəsi altında həyata keçirilən çox çirkin bir oyundur. Artıq əməliyyat medianın da manipulasiyaları ilə qaralama kampaniyasına çevrilib və bütün hüquqi çərçivələri aşıb”.

Nazir istintaqla bağlı görüntülərin, səs yazılarının və ifadələrin mətbuatda yayılmasının qəbuledilməz olduğunu bildirib və istintaqı aparan orqanların araşdırmanın gizliliyi ilə bağlı qərara əməl etmədiyini deyib: “Qanunlara qarşı açıq hörmətsizlik edilir. Cinayəti isbat edilməyənə qədər hər kəsin günahsız olduğu qəbul edilməli və təqsirsizlik prizumpiyasına əməl olunmalıdır. Danışıqların, yazıların xüsusilə pulla bağlı hissəsində xeyli əlavələr edib, mətbuatda yayırlar. Bizim vətəndaşımız çirkin oyunlar oynanıldığının fərqindədir”.

Nazir bildirib ki, əməliyyat onlar və ailə üzvləri ilə yanaşı AKP-ni, deməli, həm də xalqın iradəsini hədəfə alıb: “Bu əməliyyat çərçivəsində 3 ayrı əməliyyat birləşdirilib. İstintaq araşdırması 14 ay davam etmiş bir hadisə, həmçinin 25-26 oktyabrda başa çatmalı olan əməliyyat 52 gün gecikdirilərək, bu əməliyyata birləşdirilib”.

M. Güler deyib ki, o, özü ilə bağlı hər cür araşdırmanın aparılmasına hazırdır: “Onsuz da bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarıldığında dərhal araşdırılma aparılmasını tələb edəcəyəm. Mənim kimdənsə rüşvət aldığımı təsdiq edən heç bir dəlil, fakt yoxdur. Heç kim belə bir fakt aşkarlamayıb. Mən bu iddiları heç vaxt qəbul etməyəcəyəm və həqiqətin ortaya çıxmasına çalışacağam”.

Nazir deyib ki, istintaqın aparılmasında da ciddi problemlər var: “Bizim müdafiə haqqımızı məhdudlaşdırıb, hər şeyi əvvəlcədən özləri hazırlayıblar. Onların nazirlərin toxunulmazlığının qaldırılması ilə bağlı təqdimat hazırlamaq səlahiyyətləri yoxdur. Amma belə bir sənəd hazırlayıb bunu təcili olaraq ordakı rəsmilərə imzalatmaq istəyiblər. İstintaq bitmədən bütün səs yazıları internetdə yayılıb. Bunu eləyənlər səlahiyyətlərindən sui-isifadə ediblər və qanun qarşısında buna görə məsuliyyət daşıyırlar. Təəssüf ki, polis əməkdaşları da bu işlərə alət ediliblər.”

Oğluna qarşı “çirkli pulların yuyulması, qızıl qaçaqmalçılığı, səlahiyyətindən sui-istifadə etmə” kimi ittihamlar irəli sürüldüyünü deyən nazir bunların heç birinin sübuta yetirilmədiyini bildirib: “Onu rüşvət verməyə vasitəçi olmaq ittihamı ilə saxlamışdılar. Halbuki bu ittihamla polisin vətəndaşı saxlaması doğru deyil. Vəkillər indi prosesi izləyirlər”.

Daxili işlər naziri hadisə ilə bağlı bütün sənəd, mənbə və digər məlumatların vəkilləri tərəfindən istintaqa təqdim edildiyini bildirib: “Açıq söyləyirəm, mənim qanunsiz bir iş görməyim müzakirə mövzusu belə deyil. Rza Zərrabla bağlı etdiyimiz heç bir işdə qanunsuzluq yoxdur. Qanun imkan verdiyi təqdirdə hər vətəndaşa göstərilən xidmət ona da göstərilib. Onun vətəndaşlığa qəbul edilməsi prosesində heç bir qanunsuzluğa yol verilməyib. Təhdid edildiyi üçün onunla bağlı İstanbul Valiliyinin Mühafizə Komissiyası tərəfindən mühafizə edilməsi ilə bağlı qərar verilib. O, bir polis rəisi tərəfindən açıq təhdid edildiyini rəsmən bildirib və təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə olunmasını xahiş edib. Polis müdirinin yeri təyinatla dəyişdirildikdən sonra isə Zərrab yenə də təhdid edilməsi və barəsində qəzetlərdə nüfuzuna zərər vuran yazılar yazılacağı ilə hədələnməsi barədə rəsmi müraciət edib və bununla bağlı araşdırma başlanıb.
Onu deyim ki, aparılan istintaq araşdırmasında və yayılan səs yazılarında bizim lehimizə olan heç bir fakta yer verilməyib. Bu isə istintaqın məqsədli aparıldığını göstərir”.

Daxili işlər naziri istintaqa təzyiq göstərmədiyini, müdaxilə etmədyini də vurğulayıb.