• cümə, 29 Mart, 14:32
  • Baku Bakı 14°C

Türkiyəni etirazlar bürüdü

27.02.14 08:21 1250
Türkiyəni etirazlar bürüdü
Türkiyənin bir neçə iri şəhərində hökumətin korrupsiya qalmaqalına qarşı etiraz aksiyaları start götürüb. Paytaxt Ankarada, İstanbulda və İzmirdə polis etirazçıları qovmaq üçün iğtişaş əleyhinə vasitələrdən və texnikadan istifadə edib.
Daha geniş nümayiş İstanbulun Kadıköy rayonunda təşkil olunub. 500-ə yaxın etirazçının yığışdığı aksiyada, hakim partiyanın rayon şöbəsinə yürüş etmək cəhdi olub. Polis etirazçıların bu həmləsinin qarşısını almaq üçün AKP-nin binasına aparan yolları bağlayıb. Kadıköyə 20 polis avtobusu yeridilib, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqları işə salınıb. Bəzi etirazçılar cavab olaraq polisi daş atəşinə tutub, yaxınlıqdakı bankların şüşələrini qırıb. Paytaxt Ankarada icazəsiz aksiya keçirən qrup polis müdaxiləsi ilə üzləşib. Kennedi küçəsinə toplanan nümayişçilər, hökumətə qarşı etiraz edərək, yolları bağlayıb. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar barikadalar quraraq, zibil qalaqlarına od vurub. Daş hücumuna məruz qalan polis qüvvələri aksiyaya təzyiqli su və bibər qazı ilə müdaxilə edib. Müdaxilədən sonra etirazçılar arxa küçələrə dağılışıb. Sosial şəbəkədə edilən çağırışlardan sonra İzmirdə də bir qrup şəxs Gündoğdu meydana toplaşıb. Əllərində siyasi partiyaların bayraqlarını tutan fəallar Cumhuriyyet meydanı istiqamətində yürüş edib. Kantar polis İdarəsi önündən keçən etirazçılar polis maşının şüşələrini qırınca, çevik polis alayı aksiyaya bibər qazı və su şırnaqları ilə müdaxilə edib. Hökumətə qarşı etiraz aksiyaları eyni zamanda Bursa, Eskişehir və Trabzon şəhərlərində də müşahidə olunub.
Yeri gəlmişkən, baş nazir Rəcəb Tayyip Ərdoğan onunla oğlu arasında böyük məbləğdə pulların gizlədilməsi barədə telefon danışığı yazısının gerçək olduğunu qəzəblə rədd edib. O deyib ki, guya lentə alınan və sosial mediada yayılan telefon danışığı “xain hücumu” idi. Audio yazıdan belə çıxır ki, Ərdoğan oğlu Bilaldan milyonlarla avro nağd pulu yerbəyer etməsini xahiş edir. Müxalifət bu iddialardan sonra baş nazirin istefasını tələb edib.
Telefon yazılarının gerçəkliyini təsdiq etmək mümkün olmayıb. Deyilənə görə, yazılar 17 dekabr tarixindəndir. Həmin gün üç nazir və baş nazirin biznes müttəfiqinin oğulları korrupsiya ittihamlarına görə saxlanılmışdı. Müxbirlər deyirlər ki, martda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsinə təsadüf edən təhqiqat Ərdoğanın 11 illik hakimiyyətinə böyük zərbədir.
Çərşənbə axşamı günortaya qədər, yəni səs yazısının YouTube video paylaşma saytında yerləşdirilməsindən 24 saat keçməmiş ona 1.5 milyon dəfə baxılmışdı. Hökumətlə bağlı qeyri-müəyyənlik və onun telefon yazısına reaksiyası Türkiyənin maliyyə bazarlarında aktivlərinə mənfi təsir göstərib. Səs yazısının montaj olub-olmadığı isə cavab axtarılan bir nömrəli sualdır. Türkiyənin bəzi səs mühəndisləri yayılan qeydin orijinal olduğunu iddia edirlər. Bəzi mütəxəssislər isə əksinə, səs yazısını montaj hesab edirlər. Türkiyə mediasında yayılan məlumata görə, səs yazısı ABŞ-ın qabaqcıl studiyalarında ekspertizadan keçirilib və amerikalı ekspertlər də onun qurama olduğunu təsbit ediblər. Mübahisələrin davam etdiyi bir vaxtda səs yazısının orijinal olduğunu deyib, Ərdoğanı istefaya çağıran MHP və CHP liderləri Baxçalı ilə Kılıçdaroğlunun da ilginc səs yazıları yayılıb. Lakin onların orijinal olub-olmadığı üzərində mübahisə açmağa gərək qalmayıb. Çünki yazıların montaj olduğu hazırlanan videoların başlığında qeyd edilib.
Öz növbəsində, Türkiyənin baş prokuroru Hadi Salihoğlu hökumət üzvlərinin telefon danışıqlarının dinlənildiyini təsdiqləyib. Bu barədə “Sabah” qəzeti məlumat verib. H.Salihoğlunun sözlərinə görə, İstanbul prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində müəyyən edilib ki, Türkiyədə “Salam” adı altında fəaliyyət göstərən terrorçu silahlı təşkilat yoxdur. Buna baxmayaraq, üç il ərzində telefon danışıqları dinlənilib. Fevralın 24-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən “Salam” təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan 7 mindən çox şəxsin telefon danışığı dinlənilib. Bundan əlavə, məlumat verilir ki, antiterror əməliyyatları çərçivəsində Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın da telefon danışıqları dinlənilib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məzhər Bağlı "TRT Haber" telekanalına müsahibəsində deyib ki, telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib. Lakin o, üçüncü tərəfin kim olduğunu açıqlamayıb. Türkiyədə dövlət xadimlərinin telefon danışıqlarının qanunsuz olaraq dinlənilməsi faktı üzrə cinayət işi açılıb. Bu işlə bağlı iki prokuror saxlanılıb. Onların adları açıqlanmır.
Ən maraqlısı odur ki, Türkiyənin ictimai kanalı TRT-də yayımlanan serialda bir səhnə tamaşaçıları şoka salıb. “Kızılelma” (Qızıl alma) serialının həmin səhnəsi artıq sosial şəbəkələrdə rekord həddə izlənib. Bu səhnədə MİT (Milli İstihbarat Təşkilatı - Türkiyənin xüsusi xidmət orqanı) əməkdaşı ilə MİT-in rəhbər işçilərindən biri arasında keçən dialoq olduqca maraqlıdır. Türkiyəyə sızmış paralel təşkilatdan bəhs edən MİT əməkdaşı onların hədəfinin Türkiyənin baş naziri olduğunu deyir. Bu səhnəni daha da maraqlı edən isə hər hansı bir prototipdən istifadə olunmadan birbaşa baş nazir Rəcəb Tayyib Ərdoğanın adının çəkilməsidir:
- Cənab müşavir, deyirəm ki, onu öldürəcəklər.
- Kimi, kimi öldürəcəklər?
- Türkiyəyə sızan bu təşkilatın bircə hədəfi var. Baş nazir!
- Baş nazirmi?
- Bəli! Hədəf baş nazirdir. Rəcəb Tayyib Ərdoğan!
Azər NURİYEV
banner

Oxşar Xəbərlər