• cümə axşamı, 18 aprel, 16:01
  • Baku Bakı 22°C

“Türkiyəni bataqlığa salmaq istəyi var”

11.10.14 11:56 1789
“Türkiyəni bataqlığa salmaq istəyi var”
Son vaxtlar regionda çox ciddi hadisələr yaşanır. Ukraynada separatçıların yenidən güclənməsi, Yaxın Şərqdə İŞİD-lə mübarizə aparılması və s məsələlər ölkəmizdə də ciddi izlənilir. Hesab olunur ki, baş verənlər Azərbaycan üçün də müəyyən qədər maraq kəsb edir. Bu və digər məqamlarla bağlı “Kaspi”nin suallarını politoloq Natiq Miri cavablandırır.
- Natiq bəy, Minskdə keçirilən MDB dövlət başçılarının Şurasından hansı gözləntiləriniz var?

- MDB-nin növbəti toplantısı və təhlükəsizlik məsələsinin qoyulması daha çox Rusiyanın geosiyasi maraqlarına xidmət edən mövzudur. Çünki hazırda regionda ciddi şəkildə Qərb-Rusiya qarşıdurması gedir və Rusiya sanksiyalarla sıxışdırılır. Şimal qonşumuz bu məsələnin gələcəkdə sanksiyalarla məhdudlaşmayacağını anlamamış deyil. Maydan hərəkatı Rusiyanın özünə də sirayət edə bilər. Hazırda orada iqtisadi vəziyyətin çətinləşdiyini söyləmək mümkündür. Bu isə sosial çətinliyə, hakimiyyətə qarşı etirazlara səbəb ola bilər. Məncə, təhlükəsizlik çətiri altında bu cür halların qarşısının alınması nəzərdə tutulur.
- Ümumiyyətlə, regionda təhlükəsizlik hansı səviyyədədir? Türkiyədə baş verənlərə nəzər salsaq, orada yaşananlar, İŞİD mövzusu region və sözügedən ölkənin özü üçün nə dərəcədə təhlükəlidir?

- İŞİD qlobal səviyyəli problemdir və regionu ciddi şəkildə təhdid edir. Ondan öncə isə Ukraynada gedən savaş region ölkələrinin hamısına müəyyən təhlükə, narahatlıq yaratmışdı. Hesab edirəm ki, hazırda gedən proseslər Rusiyanın zəiflədilməsinə hesablanıb. Bu gün İraqda, Suriyada baş verənlər birbaşa olmasa da, dolayı yolla Rusiyanın zəiflədilməsinə aparır, onun Yaxın Şərqdən tamamilə çıxarılmasına xidmət edir. Fikir verin, dünya gücləri İŞİD vasitəsi ilə İraqda istədiklərinə nail olandan sonra bu qruplaşmanı Suriyaya yönləndirdilər. ABŞ və NATO üçün şərait yarandı ki, antiterror əməliyyatı bəhanəsilə BMT-dən heç bir razılıq almadan Suriyaya müdaxilə etsinlər. Ola bilsin ki, bu proses daha da inkişaf etdiriləcək və Əsəd rejimi hakimiyyətdən devrilənə qədər davam edəcək. Bu, əslində Rusiyanın Yaxın Şərqdə son qalası olan Suriyadan tamamilə sıxışdırılıb çıxarılması, bütövlükdə Şərqdən çıxarılması anlamına gəlir. İŞİD əməliyyatları Rusiyanın bütün mövqelərinin sıxışdırılması prosesinə xidmət edir. Bu təhlükə Türkiyənin özünün ərazisinə də sirayət edib. Məncə, Türkiyəyə təzyiq etmək üçün süni surətdə PPK-çılardan, kürd toplumundan istifadə olunur. Bu, konkret güclərin geosiyasi maraqlarına xidmət edən məqamdır. Bunun qarşısı təcili alınmazsa, Türkiyə toplumu ciddi zərbə ala bilər. Düşünürəm ki, bu cür təhlükə digər region ölkələrindən də yan keçməyəcək. İŞİD terrorunu Rusiyada, hətta Şimali Qafqazda da görə bilərik. Dünya gücləri İŞİD-lə mübarizəyə nədənsə təkcə Türkiyəni sövq etmək istəyirlər. Əgər bu, həqiqətən qlobal problemdirsə, o zaman bütün qüvvələr İŞİD-lə mübarizədə iştirak etməlidirlər. Başda ABŞ olmaqla, digər ölkələr də bu daşın altına əlini qoymalıdır və koalisiyanın qoşunları mübarizəyə start verməlidir. Hiss olunur ki, Türkiyəni bataqlığa salmaq istəyi var. Ona görə də düşünürəm ki, regionda çox böyük təhlükə var. Buna görə də Türkiyə iki dəfə düşünməlidir. Gələcəkdə lazım gələrsə, Azərbaycan da Türkiyəyə dəstək olmalıdır.
- Sizin də qeyd etdiyiniz kimi, Türkiyənin daxilində də iğtişaşlar törədilir. Rəsmi Ankara bu durumdan çıxa biləcəkmi?

- Türkiyə komendant saatı müəyyənləşdirməyə məcbur oldusa, deməli, böyük təhlükə olduğunu hiss edib. Bu gün vuruşan tərəflər türk toplumu ilə kürd toplumu deyil. Əslində, mübarizə kürdlərin öz arasında gedir. O toplumda parçalanma yaradılıb. Bu gün savaşanlar PKK tərəfdarları ilə Hizbullah tərəfdarlarıdır. Onların biri-birilərini öldürmələri gələcəkdə vətəndaş müharibəsinə gətirib çıxara bilər. Aydındır ki, bu, Qərb tərəfindən süni səkildə yaradılmış qarşıdurmadır. Bu, Türkiyəni İŞİD mövzusunda təcili qərar verməyə məcbur etməkdən başqa bir şey deyil. İnanıram ki, hakimiyyətdə olan AKP hökuməti yaradılmış təhlükənin qarşısını ala biləcək. Bu gedişatın inkişafına rəvac vermək olmaz, çünki zənsirvari reaksiya verə bilər. Hətta terrorçu başçı Öcalan həbsxanadan bir səhifəlik məktubla öz xalqına müraciət edib və Kobani adı altındakı etirazı süni adlandırıb. Qeyd edib ki, bu, kürd toplumunun maraqlarına xidmət etməyən addımdır. Məncə, Türkiyə dirənərsə, Suriya ərazisində təhlükəsizlik zonasının yaradılması ilə bağlı istəkləri yerinə yetiriləcək.
- Belə proqnozlar da var ki, regionda baş verənlər əslində, Türkiyənin xeyrinədir.

- Məncə, belə deyil. Çünki hadisələr Türkiyənin sərhədləri yaxınlığında cərəyan edir. Bu savaş Türkiyəni, türk toplumunu təhdiddə saxlayır. Gedişatın sonradan hansı dərəcədə böyük və qlobal problemə çevrilə biləcəyini indidən kəsdirmək mümkün deyil. Ona görə də düşünürəm ki, belə savaşın Türkiyənin sərhədlərində baş tutması onun maraqlarına uyğun deyil. Hazırda döyüş PKK ilə İŞİD terror qruplaşmaları arasında gedir. Kobanidə gedən savaş PKK, daha doğrusu, PKK-nın uzantısı olan PJK ilə İŞİD arasındadır. Bu, o mənada Türkiyənin maraqları çərçivəsindədir ki, nəticədə Türkiyənin düşməni olan həm PKK, həm də İŞİD bir-birilərini zəiflədirlər. Ancaq bütövlükdə, proseslər Türkiyənin maraqlarına xidmət etmir. Humanitar faciənin altında qalan Türkiyədir. Onlar bu vaxta qədər Suriyadan gələn məcburi köçkünlərə büdcələrindən altı milyard dollardan yuxarı pul xərcləyiblər. Türkiyə bunu öz toplumuna, sənayenin inkişafına və s. xərcləyə bilərdi. Ona görə də Türkiyə bu məsələ ilə bütün koalisiya dövlətlərinin məşğul olmasını istəyir. Türkiyə bilir ki, yükü təkcə öz çiynində daşıyacaq gücdə deyil. Düşünürəm ki, Türkiyə istəmədən prosesin iştirakçısına çevrilib. Nəzərə almaq lazımdır ki, Suriyada normal dövlət yaranmadıqca Türkiyə üçün təhlükə olacaq. Bu məsələ kompleks həll olunmalıdır. Türkiyənin də istəyi məhz budur.
- Bəs bu cür gedişat, dünyada gedən proseslər Azərbaycan üçün hansısa çətinlik yarada bilərmi?

- Ukraynada, Yaxın Şərqdə gedən proseslər region üçün vəziyyəti çətinləşdirib. Ölkələr dünya gücləri arasında qalmaq istəmir. Biz istəməsək də, Azərbaycanı bu prosesin iştirakçısına çevirmək istəyən qüvvələr var. Bu gün həm Qərb, həm də Rusiya ölkəmizi öz yanında görmək istəyir. Bu güclər arasında balanslaşdırılmış siyasət yürütmək get-gedə çətinləşir. Deyərdim ki, siyasi manevrlər etmək də mümkünsüzləşir. Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasını gözləyir. Bu isə Azərbaycanın strateji maraqlarına cavab verməyən bir çağırışdır. Azərbaycan öz müstəqilliyini və suverenliyi Rusiyaya təhvil verəcək dövlət deyil. Bu gün Azərbaycan dövlətinin gücü ondadır ki, Ermənistan və digər dövlətlərdən fərqli olaraq, müstəqil siyasət yürüdür. Azərbaycan iqtisadi cəhətdən heç bir dünya gücündən asılı vəziyyətdə deyil. Bu faktor mövqeyimizi ciddi şəkildə gücləndirir. Düzdür, Azərbaycan bu gün heç bir bloka deyil, qoşulmama hərəkatına üzvdür. Xatırladım ki, Avropa İttifaqı ilə assosiativ saziş imzalayan dövlətlər NATO-ya üzv qəbul edilmədilər. NATO həmin ölkələri Rusiya təhlükəsindən müdafiə edəcək qərarlar qəbul etmir. Bu da həmin ölkələri Rusiya ilə birbaşa üz-üzə qoyur. Ukrayna hadisələri bunun əyani sübutudur. Azərbaycan bu məqamları nəzərə alır.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər