• cümə, 19 Aprel, 04:46
  • Baku Bakı 18°C

Türkiyəlilərin əksəriyyəti dost və müttəfiq deyəndə, Azərbaycanı düşünür

03.02.18 09:00 541
Türkiyəlilərin əksəriyyəti dost və müttəfiq deyəndə, Azərbaycanı düşünür
"Türkiyənin müttəfiqi, ya da dostu olaraq gördüyünüz tək ölkə hansıdır” sualını cavablandıran respondentlərin 67,8 faizi "Azərbaycan” deyib. Müvafiq sorğunu Türkiyənin nüfuzlu Kadir Has Universiteti keçirib. Universitet 2012-ci ildən bəri tədqiqat işləri ilə məşğul olur və onun gəldiyi nəticələr obyektivliyi ilə seçilir. "Türkiyənin sosial-siyasi tədqiqat araşdırması” bu dəfə dekabrın 11-dən yanvarın 7-nə kimi 28 qəsəbədə 1000 nəfər arasında keçirilib.
Beləliklə, bu nəticə iki qardaş ölkə arasında strateji münasibətlərin sözdə deyil, real həyatda da təsdiqləndiyini göstərmiş olur. Düzdür, bu sorğusuz da ölkələrimiz arasında münasibətlərin pik həddə olduğu, "bir millət, iki dövlət” prinsipinin artıq möhürünü vurduğu təsdiqini tapmışdı. Azərbaycanla Türkiyə arasında son illər tək siyasi deyil, iqtisadi, mədəni, ümumiyyətlə, hərtərəfli əlaqələr yüksəlməkdə davam edir. Tək regional deyil, beynəlxalq aləmdə irimiqyaslı layihələr həyata keçirilməkdədir – Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri artıq reallaşıb. Ən əsası, TANAP kimi beynəlxalq əhəmiyyətli qaz kəməri layihəsi reallaşmaq üzrədir. Bu layihənin reallaşması ilə Türkiyə enerji habına çevriləcək. Bundan əlavə, hər iki ölkədə prezident seçilən şəxslər ilk xarici səfərlərini bir-birilərinin ölkələrinə edirlər. Əksəriyyət bu münasibətləri artıq digər ölkələr üçün nümunə sayıla biləcək münasibətlər adlandırır.
Yeri gəlmişkən, Türkiyə üçün Azərbaycandan sonra ən önəmli ölkə Şimali Kipr Türk Cümhuriyyəti (43) və bir qədər qəribə olsa da, Rusiya (30) olub. ŞKTC bəllidir. Amma Rusiyaya gəldikdə, ola bilsin, iki ölkə arasında son illərdə yaxşılaşan münasibətlər belə bir göstəricini üzə çıxarıb. Xatırladaq ki, təyyarənin vurulması qalmaqalı ilə pisləşən münasibətlər sonradan Türkiyənin üzrxahlığı ilə yaxşılığa doğru istiqamət götürüb. Son ildə iki lider arasında mütəmadi görüşlər artıq pik həddə çatıb. Bundan əlavə, ikitərəfli iqtisadi layihələrin də reallaşması bu göstəriciyə səbəb olub. Əvəzində Birləşmiş Ştatlar və İsrail Türkiyə üçün ən böyük xarici təhdid kimi göstərilib. Çox güman ki, Vaşinqtonun bu kateqoriyaya daxil olmasının səbəbi Suriyada PKK və onun qolları YPG və PYD-yə açıq dəstək verməsi ilə bağlıdır. Ağ evin açıq şəkildə Türkiyə ilə sərhəddə terrorçulardan ibarət bufer ərazi yaratmaq planı Ankarada qəzəblə qarşılanmış və Türkiyəni cavab tədbirləri görməyə məcbur etmişdi. Bu səbəbdən də araşdırmaya qatılanların 64 faizi ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü açıqlayıb. ABŞ-a dəstək əvvəlki illərdə 65 faiz idi. Respondentlər Gürcüstanı (30), Pakistanı (28,9), Çini (18) və İranı da (17,8) dost kimi görür. Əvəzində, Türkiyənin NATO üzrə müttəfiqləri isə ilk səkkizliyə belə düşə bilməyib. ABŞ 15, Almaniya 14, Fransa isə 11 faizdə qərarlaşıb.
Bundan əlavə, hökumətin xarici siyasət kursuna dəstək verənlərin sayı artıb - 45 faiz hesab edir ki, hakimiyyət bu sırada uğur qazanıb, 24,5 isə onu bu işin öhdəsindən gələ bilməməkdə günahlandırır. Respondentlərin 25 faizi hesab edir ki, Türkiyə xarici siyasətdə türk cümhuriyyətləri ilə, 19 faizin fikrincə isə, müsəlman ölkələri ilə əməkdaşlığa üstünlük verməlidir. "Türkiyə təkbaşına hərəkət etməli” qənaətində olanların da sayı 16 faizə düşüb. Halbuki, əvvəlki illərdə bu göstərici 49 faiz idi. Rusiya Türkiyənin NATO üzrə müttəfiqlərindən daha yaxın ölkə kimi göstərilib. Eləcə də, Avropa İttifaqına da dəstək artıb. Türkiyənin Avropa İttifaqına üzv olacağını düşünənlərin sayı 11 faiz artaraq 38 faizə yüksəlib. Avropa İttifaqına üzvlüyü 2014-cü ildə 71, 2015-ci ildə 65, 2016-cı ildə isə 45 faiz dəstəkləyirdi. İndi bu rəqəm 57-yə yüksəlib.
Türkiyənin Afrindəki YPG/PYD hədəflərinə yönəlik "Zeytun budağı” hərəkatına dəstək verənlərin sayı 56 faizə yüksəlib. Xüsusən də ordunun keçirdiyi uğurlu əməliyyatları müdafiə edənlər çoxluqdadır. Xarici ölkələrdə hərbi kontingent olmasına dəstək verənlərin sayı isə 48 faiz olub. Araşdırmaya qatılanların 49 faizi prezident seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiklərini bildiriblər. Əksinə, onu dəstəkləməyənlərin sayı 28 faiz təşkil edib.
Ölkə daxili məsələlərə gəldikdə, respondentlər terroru ən böyük problem kimi göstəriblər. 2015-ci ildə 39, 2016-cı ildə 35, 2017-ci ildə isə 29 faiz Türkiyə üçün terroru əsas problem kimi gördüklərini açıqlayıblar. Düzdür, illər ərzində bununla bağlı enmə müşahidə olunsa da, hər halda, yenə də terror ilk sırada yer almaqdadır. İkinci sırada yer alan təhlükə isə FETÖ (27 faiz) göstərilib. Fətullah Gülən tərəfdarlarına qarşı mübarizənin önəmli olduğu xüsusi qeyd edilib. Araşdırma zamanı respondentlərə "Türkiyədə siyasi boşluq varmı” sualı da ünvanlanıb. Rəyi soruşulan 43 faizi bu sualı "bəli”, 39 faizi isə "yox” cavablandrıb. MHP-dən ayrılan İyi Partiyanın lideri Meral Akşenerin siyasi boşluğu doldura biləcəyi barədə suala gəldikdə, bu suala 45 faiz "bəli” deyib. Yerdə qalanlar isə "yox” kimi cavablandırıb. Sorğu zamanı o da bəli olub ki, Türkiyədə hər iki nəfərdən biri kitab oxumur. Heç teatra getməyənlər 70, kinoya getməyənlər isə 37 faizdir. "Türkiyədə demokratiya varmı” sualına 31 faiz "bəli”, 27 faiz "Türkiyə demokratikləşməkdədir”, 36 faiz "demokratiya zəifləməkdədir”, 6 faiz isə "demokratiya yoxdur” kimi cavab verib.
Ən maraqlısı isə odur ki, qonşusunun kürd olmasını istəməyənlər 19, erməni olmasını istəməyənlər isə 40 faiz təşkil edib. Orduya olan inam 47 faizdən 60-a yüksəlib. Ən az etibar edilən qurum isə media olub. Mətbuata inam 35 faizdir. Sorğuda bunlarla yanaşı, başqa məsələlər də əks olunub. Məsələn, iqtisadi problemlər də tədqiqat zamanı qabardılıb - işsizlik 17 faizlə üçüncü yerdə qərarlaşıb. Ondan sonrakı yerdə bahalaşma (13) göstərilib. İşsizlik və bahalaşma toplam olaraq 30 faiz təşkil edib.
Beləliklə, nüfuzlu tədqiqat mərkəzinin açıqladığı nəticə ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olduğunu bir daha üzə çıxarıb. Bununla yanaşı, ilbəil güclənən bu münasibətlərə hər hansı qüvvənin xələl gətirə bilməyəcəyinə dair əminlik daha da artıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər