• cümə, 29 Mart, 06:12
  • Baku Bakı 5°C

Türkiyəli siyasətçilər Dağlıq Qarabağa səfər edənləri kəskin pisləyirlər

28.09.17 20:06 1370
Türkiyəli siyasətçilər Dağlıq Qarabağa səfər edənləri kəskin pisləyirlər
Türkiyəli deputatlar və siyasətçilər türkiyəli yazarların Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına səfərinə kəskin reaksiya veriblər.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasının İstanbul millət vəkili Atilla Kaya işğalçı Ermənistana səfər edən Türkiyə vətəndaşlarının orada öz ölkəsi və Azərbaycan əleyhinə bəyanatlar vermələrini pisləyib.

"Türkiyədə kript erməniləri var. Təəssüf ki, bunlar vətəndaşı olduqları, çörəyini yeyib suyunu içdikləri ölkəyə xəyanət edirlər. Türk millətinə qarşı həm Anadoluda, həm də qardaş Azərbaycanda soyqırımı həyata keçirən, XXİ əsrdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edən Ermənistana gedib orada öz ölkəsinin və Azərbaycanın əleyhinə danışan adamları qınayıram. Təkrar edirəm, kript erməniləri məsələsi Türkiyə üçün çox narahatedici bir reallıqdır. Gərgin günlər yaşadığımız bu dönəmdə Ermənistana və qardaş Azərbaycanın işğal altındakı torpaqlarına gedərək bizi suçlayan açıqlama vermək qəbul edilən deyil”, - deyə o vurğulayıb.

Cumhuriyyet Xalq Partiyasının İstanbul millət vəkili Dursun Çiçek isə Ermənistana və Dağlıq Qarabağa gedərək Türkiyəni və Azərbaycanın əleyhinə bəyanatlar verənləri problemli şəxslər adlandırıb: "Onlar keçmişdə Türkiyədə də subyektiv açıqlamalar verərək problemlər yaradıblar. Erməni işğalı altındakı Azərbaycan torpaqlarına getmələri beynəlxalq hüquqa zidd olduğu kimi, orada dedikləri sözləri ciddi qəbul etmək lazım deyil. Onların sözlərinin heç bir qüvvəsi yoxdur. O şəxslərin sözləri köklü tarixi ənənələri olan Türkiyə-Azərbaycan qardaşlığına qətiyyən kölgə sala bilməz, öz şəxsi fikirləridir”.

Vatan Partiyasının sədri Doğu Perinçek isə sözügedən şəxsləri işğalçıları dəstəkləməkdə ittiham edib. "O adamlar Azərbaycanın vətən uğrunda savaşına mane olmaq üçün Ermənistana və işğal olunmuş Azərbaycan torpaqlarına gediblər. Amma cəhdləri boşa çıxacaq, biz qüvvələrimizi birləşdirərək qardaş Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb.
banner

Oxşar Xəbərlər