Türkiyəli qonaqlar DOST Agentliyində olublar
Türkiyəli qonaqlar DOST Agentliyinin 1 saylı DOST mərkəzində pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək
münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr
üzrə xidmət bölmələri ilə tanış olublar. Qonaqlara agentliyin və mərkəzin iş
prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat, ünvanlı
dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta,
sosial rifah, təlim sahələrində vətəndaşlara göstərilən bir pəncərə sisteminə əsaslanan
xidmətlər barədə məlumat verilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün
ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq.
Nazir S.Babayev vurğulayıb ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri
və müharibə əlillərinin mənzillə və
avtomobillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan
olanlara dövlət vəsaiti hesabına mənzil və avtomobillər verilir. O əlavə edib
ki, bu il müavinətlər və təqaüdlər 100 faizədək artırılıb. Ölkəmizdə bu
kateqoriyadan olan vətəndaşları təmsil edən qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr
yaradılıb.
Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və
qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 15 sentyabr 1918-ci ildə Qafqaz
İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən
danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata
keçiriləcəyi vurğulanıb.
Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə,
veteranlarına dövlətin yüksək səviyyədə qayğısının şahidi olduqlarını bildiriblər.
Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.