• cümə axşamı, 28 mart, 18:54
  • Baku Bakı 13°C

Türkiyəli professor: “Anadoludakı milli mübarizənin nüvəsini Qafqaz İslam Ordusunun əsgərləri təşkil etmişdi”

17.06.17 16:00 4476
Türkiyəli professor: “Anadoludakı milli mübarizənin nüvəsini Qafqaz İslam Ordusunun əsgərləri təşkil etmişdi”
"Qafqaz İslam Ordusu” beş seriyalı sənədli filminin prodüseri və rejissoru, professor Süleyman GündüzünAPA-ya müsahibəsi
- Qafqaz İslam Ordusunu yaratma düşüncəsi kimin ağlına gəlmişdi: Ənvər paşa bu işi Osmanlı sarayına qəbul etdirmişdi, yoxsa Ordunun yaradılması təlimatı Ənvər paşaya saraydan verilmişdi?
- Birinci dünya savaşının sonuna doğru Osmanlı imperiyasının məğlub ortaya çıxmışdı. Çox vaxt Ənvər paşa başda olmaqla, İttihad və Tərəqqi idarəçilərini "Osmanlı imperiyasını Birinci dünya savaşına daxil edərək nəhəng bir imperiyanı sona çatdırmaqla” günahlandırırlar. Vaxt keçdikcə çox üzə çıxan arxiv sənədlərinə baxanda görürük ki, Ənvər paşanın Almaniyanın tərəfində Osmanlı imperiyasını savaşa daxil etməsi yeganə düz qərar idi: bu, məcburiyyət idi. Çünki arxiv sənədləri ingilislərin və fransızların, Osmanlı imperiyasını parçalamaq üçün qərar qəbul etdiklərini, Ənvər paşanın savaşa girməsiylə əslində 1920-ci ildəki işğallara qədər imperiya torpaqlarının önəmli qismini parçalanmaqdan qorunduğunu görürük.Digər tərəfdən, Ənvər paşanın almanlarla məşvərət halında savaş qərarı qəbul etməsi cəmiyyətdəki döyüş və azadlıq iradəsini daha da gücləndirərək, 1919-cu ilin mayında qurtuluş hərəkatının başlamasına və təşkilatlanmasına önəmli təkan vermişdi. Ənvər paşa Osmanlı imperiyasının dağılması halında Qafqazda və Orta Asiyada yeni Türk dövlətlərinin qurula bilmə ehtimalını da düz dəyərləndirmiş, Qafqaz İslam Ordusu o dəyərləndirmələrdən sonra meydana çıxmışdı. Ənvər paşa o vaxt Liviya cəbhəsində olan qardaşı Nuri paşanı İstanbula çağıraraq, ordunun qurulması üçün təlimat vermişdi. Qafqaz İslam Ordusunun yaradılmasında Azərbaycanın qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin və Şimali Qafqaz Cümhuriyyətinin lideri Əbdülməcit Çermoyevin Sultan Mehmet Rəşadla görüşünün böyük rolu olmuşdu. Sentyabrın 15-də Bakının erməni cinayətkar dəstələrindən təmizlənməsi üçün hazırlanan hərbi əməliyyat qərarı Rəsulzadənin 6 sentyabrda İstanbulda Sultan Mehmet Rəşadla görüşündən sonra qəbul edilmiş, o görüşü dünya Osmanlının gənc Azərbaycan Cümhuriyyətini tanıması kimi qəbul etmişdi. Qafqaz İslam Ordusunaİraqın şimalından,Suriyacəbhəsindən və 1916-cı ildə Kutül-Amarə zəfərini qazanmış ordudan əsgərlər cəlb edilmişdim. Bundan başqa, Azərbaycanda general Əliağa Şıxlinskinin "Vəhşi diviziyası”nın əsgərləri və 1905-ci ildə gizli yaradılmış Şimali Qafqazdan bir çox döyüşçüsü olan "Difai” təşkilatının üzvləri qoşulmuşdu.Qafqaz İslam Ordusunun kağız üstündə heç bir qeydiyyatı olmadığından rəsmi ordu sayılmırdı. Mən Qafqaz İslam Ordusunun keçib gedəcəyi yerlərin xəritələrini, Ordunun əməliyyat planlarını görmüşəm. Ordunun məqsədi həm Azərbaycanın müstəqilliyinə dəstək vermək və həm də Xəzər dənizinin şimalından Orta Asiyaya keçərək quru yolu Türklərin nəzarəti altında saxlamaq idi.
- Ordunun gizli komandanının Ənvərin və Nurinin əmisi Xəlil paşa olduğu iddia edilir...
- Xəlil paşa o vaxt Təbrizdə idi, Osmanlı ordularının cənubdakı və şərqdəki hərbi hissələrinə komandanlıq edirdi. Kutül-Amarədə ingilisləri ağır məğlubiyyətə uğradan ordunun komandanı Xəlil paşa əlbəttə ki, İstanbul vasitəsilə Nuri paşa komandanlığındakı Qafqaz İslam Ordusunun yaradılmasını və irəliləyişini yaxından təqib edirdi. Ordunun komandanı Nuri paşa idi, Bakının xilas edilməsi əməliyyatında Ərzurumlu Mürsəl paşa şəhərin cənub tərəfindən girərək önəmli dəstək vermişdi. Azərbaycan Cümhuriyyəti 28 mayda Tiflisdə elan edilmişdi - Azərbaycanın sərhədlərindən kənarda. Hökumətin qısa müddətdə sərhədlərin daxilinə köçməsi lazım idi. Nuri paşa 15 iyunda Tiflisə getdi, hazırlıqlar tamamlanandan sonra 17 iyunda hökumət onun əsgərlərinin himayəsində Gəncəyə köçdü.Bir az irəli gedərək bunu da deyim ki, 15 sentyabrda Bakı erməni cinayətkar dəstələrdən azad edilən kimi Nuri paşa Gəncəyə teleqram göndərərək, baş nazir Xan Xoyskinin dərhal hökuməti Gəncədən xilas edilən Bakıya köçürməsini istədi. Osmanlı ordularının bu qədər geniş əraziyə yayılmasının əsas səbəbi Ənvər paşanın 1914-cü ilin axırında Sarıqamışda rus ordusuna qarşı göstərdiyi böyük müqavimət idi. Türkiyədə çox vaxt deyirlər ki, Ənvər paşa 90 min əsgərimizin Sarıqamışda donaraq, ölməsinə səbəb oldu. Ancaq bu rəqəm düz deyil. Orada 16-17 min şəhid vermişik, rus mənbələrində bu rəqəm 23, ingilis mənbələrində isə 24 mindir. Ənvər paşa Sarıqamışda ruslara 17 min şəhid bahasına müqavimət göstərməsəydi, rus orduları rahatlıqla gəlib İstanbulu da işğal edərdilər. Tarixi hadisələrdən danışarkən heç kimi birtərəfli böyütmək və ya suçlamaq olmaz. Hadisələrə hərtərəfli baxmaq lazımdır ki, düzgün nəticəyə gəlmək mümkün olsun.
- Qərb tarixçiləri 1918-ci il yayın axırında Azərbaycanın şimalının və cənubunun Ənvər paşanın ordularının nəzarəti altında olduğunu yazıblar. Bugünkü Ermənistanın 2/3-si də o vaxt Osmanlı ordularının nəzarətində idi. Türk ordusu Qafqazda olanda başqa ölkələr oraya müdaxilə etməkdən çəkinirdi, çünki bölgədə mühit sülhü dəstəkləyirdi. Bu mənzərə ilə bağlı nə demək istərdiniz?
- Əslində Qafqaz İslam Ordusunun fəaliyyəti Qafqazda Azərbaycanın, Gürcüstanın, Ermənistanın və Şimali Qafqazın azadlığının təmin edilməsi və Birinci Dünya Müharibəsindən sonra Wilson tərəfindən gündəmə gətirilən "xalqların öz müqəddəratını təyin etmə” prinsipinin daha əvvəl həyata keçirilməsidir. Hamımız bilirik ki, 1917-ci ildə Çar Rusiyasının dağılmasından sonra ortaya güclü, başıpozuq dəstələr, hətta ordular çıxmışdı. O qrupların Gürcüstanda, Azərbaycanda, Şimali Qafqazda böyük qətliamlar törətdiyini bilirik. Bolşevik-menşevik münaqişələrini fürsət bilən erməni radikal qrupları, xüsusilə, Azərbaycanda çox ciddi terror aksiyaları həyata keçirirdi. Qafqaz İslam Ordusu Azərbaycanın, Gürcüstanın, Ermənistanın və Şimali Qafqaz xalqlarının dövlət qurmalarını təminat altına almışdı, yəni son dərəcə sülhsevər bir ordu idi. Bunu da qeyd etməyimiz lazımdır: Osmanlının ogünkü refleksi - öz torpaq bütövlüyünü qorumaq və ondan kömək istəmiş xalqlara kömək etmək fəlsəfəsi üzərində qurulmuşdu. Məsələn, o dönəmdə Osmanlı ilə Qacarların hakimiyyətdə olduğu İran arasında yaxşı münasibətlər vardı. 1918-ci ildə Xəlil paşa İrəvana gedərək orada nitq söyləyir. Xəlil paşa, 1915-ci ildə baş vermiş hadisələrin Çar Rusiyasının, ingilislərin, fransızların təşviqiylə hərəkət edən erməni cinayətkarların həyata keçirdiyini, bu hadisələrin iki xalq arasındakı dostluğu pozduğunu deyir. İrəvanda insanlar aclıqdan ölmək üzrəykən Xəlil paşa Nuri paşaya xəbər göndərir ki, anbarlarda artıq buğda varsa, onlara verilsin. Maraqlıdır ki, o dönəmdə qatarla ermənilərə buğda göndərilir. Bunlar tarixdə olub, ancaq bu gün bölgə ölkələri arasında cərəyan edən proseslərə görə bu barədə danışılmır. Bu gün Ermənistan adlandırılan və keçmişdə Rəvan xanlığı olub. Bu gün İrəvan adlandırılan torpağın əslində türklərə aid olduğu, daha sonra ermənilərə verildiyini hamının bilməsi lazımdır. Qafqaz İslam Ordusu həm Çar Rusiyasının dağılmasından sonra yaranan bu xaosu və xalqların bir-birinə qarşı olan düşmənçilik mövqelərini aradan qaldırmaq, həm də bölgədəki xalqların dövlət qurmalarına kömək məqsədiylə yaradılmış bir hərbi təşkilat idi. Ona görə də sülhsevər olub, işğalçı siyasət güdməyib.Ənvər paşa Turan idealının orada qurulan yeni dövlətlərin birliyi və həmrəyliyi ilə gerçəkləşəcəyini xəyal edirdi. Qafqaz İslam Ordusu Osmanlı imperiyasının Anadoluda təhlükəyə düşməsi halında o ordunun əsgərlərinin geri qayıdaraq, Anadolunu xilas etməsi üçün yaradılmış ehtiyat ordusu idi. Ordu öz missiyasını o çərçivədə yerinə yetirib.Anadoludakı milli mübarizənin nüvəsini Qafqaz İslam Ordusunun əsgərləri təşkil edirdi. Çünki Mudros sazişiylə Osmanlı ordusu ləğv edilmiş və silahları əllərindən alınmışdı. 1919-cu ilin mayında başlayan milli mübarizə üçün ordusu ləğv edilmiş coğrafiyada orduya əsgər aparmaq mümkün olmadığından Qafqaz İslam Ordusunun Anadoluya qayıtmasıyla milli mübarizə silahlı qüvvələrinin təməli də yaradılıb. Almanlar və ingilislər Qafqaz İslam Ordusuna qarşı çıxdıqları üçün almanların təqib edə bilməməsi üçün ordu Gürcüstandan Azərbaycana keçəndən sonra körpü partladılmışdı. Bu, Birinci Dünya Müharibəsində almanlarla türklərin arasındakı ittifaqın nə qədər könülsüz olduğunu göstərən örnəklərdən biridir. Necə ki, 15 sentyabr 1918-də Qafqaz İslam Ordusu Azərbaycanın paytaxtı Bakıya girəndə Ənvər paşa İstanbuldakı Baş Qərargahdan Nuri paşaya teleqram göndərərək, dərhal əməliyyata son qoyulmasını istəyib. Gecə isə öz evindən Qafqaz İslam Ordusunun komandanı Nuri paşaya göndərdiyi teleqramda bu uğura görə onu təbrik edir, Azərbaycanın müstəqilliyini böyük məmnuniyyətlə qarşıladığını, artıq Azərbaycan Türk Cümhuriyyətinin qurulmuş olduğunu, Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əliağa Şıxlinskini təbrik etdiyini və Qafqazda müttəfiq bir dövlətin yarandığını yazıb. İki teleqram arasındakı paradoks o dönəmin taktika savaşlarının necə davam etdiyini də göstərir.Qafqaz İslam Ordusunun Bakını azad etməsindən 12 gün əvvəl - sentyabrın 3-də orada sayı kifayət qədər olan ingilis ordusu Qafqaz İslam Ordusu ilə savaşa girməmək üçün Bakıdan İrana tərəf geri çəkilir. Orta Şərqdə neftə sahib olmaq məqsədiylə Birinci Dünya Savaşını gizli şəkildə planlaşdıraraq başladan ingilislər eyni şəkildə Azərbaycan neftinə də sahib olmaq üçün Bakıda idilər. 31 oktyabrda Mudros sazişinin imzalanmasına və Osmanlının təslim olmasına baxmayaraq, Qafqaz İslam Ordusu əməliyyatlara davam edir. 5 noyabrda Dərbənd, 7 noyabrda isə Mahaçqala alınır. Daha əvvəl də demişdik, bu rəsmiyyətdə olmayan bir ordu idi, orada savaşarkən şəhid olan əsgərlərin ailələrinə daha sonra maaş verilə bilmir, çünki leqal ordu deyildi.
- Bəzilər Osmanlı ordusunun Bakı küçələrindəki zəfər paradını "Turan idealının zirvə nöqtəsi” kimi qiymətləndirir. Nuri paşanın şimaldan, Ərzurumlu Mürsəl paşanın (İstiqlal savaşı qəhrəmanlarından və Atatürkün istəyi ilə Bakü soyadını almış general) cənubdan Bakıya daxil olmalarından sonra Əhməd Cavad o tarixi zəfərin şərəfinə "Bismillah” şeirini yazıb. Hər şeyə Mudros sazişi əngəl oldu?
- Sultan Mehmet Rəşad vəfat edəndən sonra taxta Vəhdəddin çıxdı. O, Ənvər paşanın lideri olduğu İttihad və Tərəqqinin kadrlarından çox başqalarına inanırdı. 1918-ci ilin axırında Ənvər paşa müdafiə naziri kimi qalsa da, baş komandan əvəzi statusunu itirmişdi, bu vəzifəni Sultan Vəhdəddin icra edirdi. Ənvər paşa sazişin daha gec imzalanması üçün müqavimət göstərirdi. Onun planına görə, Mudros sazişi dekabrda və ya 1919-cu ilin yanvarında imzalansaydı, Qafqaz İslam Ordusu Həştərxana çatacaq və Orta Asiyaya gedən yol açılacaqdı. Anadoludakı mübarizəyə Orta Asiyadan yeni qüvvələr o yoldan keçərək qatıla biləcəkdi. Ənvər paşanın Turan xəyalı var, ancaq o, Turan xəyalını, əslində İttihadi-İslam üçün düşünən bir adamdır. Osmanlı ordusunun məğlub olaraq, geri çəkilməsinə dair bədbin xəbərlərin gəldiyi dönəmdə Qafqaz İslam Ordusunun qazandığı zəfərlərin son dərəcə böyük mənası vardı. Ona görə də başda Azərbaycan türklərinin müstəqil dövlət qurması olmaqla, Qafqaz xalqlarının da müstəqil olmaları İstanbulda razılıqla qarşılanırdı.Ancaq Ənvər paşanın arzusu gerçəkləşmədi, çünki Osmanlı erkən təslim oldu. Osmanlının təslim olması Qafqazdakı xalqların müstəqil dövlətlərini qoruma cəhdlərinə mənfi təsir göstərdi. Buna baxmayaraq, Ənvər paşanın Almaniyada qalmayıb, Rusiyadan Bakıya gedərək orada şərq xalqlarının qurultayını çağırması, Anadoludakı mübarizəyə dəstək verməsi və Orta Asiyadakı türkləri təkrar bir çətir altında toplamaq cəhdləri o dönəmin şəraitində son dərəcə önəmlidir. Ənvər paşa hərbi və siyasi mənada bir dahidir, ancaq ona "Bəxti gətirməyən dahi” deyə bilərik. Çünki Napoleon da demişdi ki, nə qədər böyük hərbçi və siyasətçi olsanız da, bəxtiniz gətirmirsə, heç bir şey edə bilməzsiniz. Ənvər paşa o vəziyyətdə çox böyük işlər görmüş hərbçi və siyasətçidir. Əhməd Cavad kimi bir şairin Qafqaz İslam Ordusuna şeir həsr etməsi tarixi hadisə idi. O, 1912-1913-cü illərdəki Balkan müharibəsi vaxtı İstanbula gələrək müharibəyə getmək istəyib. "Çırpınırdın Qara dəniz” şeirini o vaxt yazıb, Nuri paşa Bakını azad edəndən sonra o şeirə mahnı bəstələnib.
- Qafqaz İslam Ordusunun fəaliyyətiylə bağlı gördüyünüz işlər barədə oxucularımıza hansı məlumatları vermək istərdiniz? Bundan sonrakı planlarınız nələrdir?
- Unutmadan bunu deyim, son cümlə kimi bunu yazarsınız: Osmanlı imperiyası tarix səhnəsindən çəkilərkən belə, zülmə məruz qalan xalqların üfüqünü işıqlandırırdı. Mən 2009-2010-cu illərdə Qafqaz İslam Ordusu ilə bağlı 5 hissədən ibarət sənədli film çəkmişəm. Türkiyənin bir çox telekanalında göstərildi, hələ də göstərilir. Orada rəsmi tarixlə qeyri-rəsmi tarixin sintezini yaratmışam. Filmdə o günlərdə danışılmağa cəsarət edilməyən bir çox şey barədə danışmışıq. Gələn il Azərbaycan Cümhuriyyətinin 100-cü ilidir. Heç birimiz tarixdə yaşadıqlarımızdan utanmamalıyıq. Tarixdə yaşanmış hadisələr o millətlərin var olmasının ən önəmli mərhələləridir. Qələbələri və məğlubiyyətləriylə bir yerdə türklərin möhtəşəm tarixi var. Əlbəttə, tarixin səhifələrindən dərslər almalıyıq. 1914-1922- ci illərdə baş vermiş hadisələr olmasaydı, bu gün müstəqil Türkiyədən, sərhədləri müəyyənləşdirilmiş Azərbaycan Cümhuriyyətindən, hansı şərtlərdə olmalarından asılı olmayaraq, Şimali Qafqaz xalqlarından, Gürcüstan və Ermənistandan danışmağımız mümkün olmazdı. 1914-1922-ci illər arasında yaşanan hadisələr bu ölkələrin bugünkü statuslarını müəyyənləşdirib. Bu gün Qafqazdakı dövlətlər, muxtar respublikalar və vilayətlər öz varlıqlarını Osmanlı imperiyasının o dönəmdəki gənc idarəçilərinə borcludur. Bunu deməkdə bir problem görmürəm. 100-cü il münasibətiylə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan bəlkə Qafqazda sülhü bərqərar etmək üçün başlanğıc edə bilər. Bizim ölkədə Çanaqqala, Kutül-Amarə zəfərləri qeyd edilir. Normandiya hərəkatından sonra mətbuat konfransı keçirən general Eyzenhoverə jurnalistlər sual vermişdilər ki, bu qələbə kimə aiddir? ABŞ generalı deyir ki, ordunun qazandığı istənilən qələbə generaldan sıravi əsgərədək bir orduya aiddir. Mətbuat konfransı bitəndən sonra Eyzenhover əlavə edib ki, məğlubiyyət kimə aid edilirsə, qələbə də onundur. Sarıqamış məğlubiyyətini Ənvər paşa aid edənlər Çanaqqala, Kutül-Amarə qələbələrini də niyə ona aid etmirlər?
banner

Oxşar Xəbərlər