• cümə axşamı, 25 aprel, 04:53
  • Baku Bakı 19°C

Türkiyəli nazirdən sensasion bəyanat Təhlil

23.09.13 18:09 1231
Türkiyəli nazirdən sensasion bəyanat Təhlil
“Ola bilsin Türkiyə heç bir zaman Avropa Birliyinin üzvü olmasın”. Bu sensasion bəyanatla Türkiyənin Avropa Birliyi ilə üzvlük üzrə danışıqlara məsul naziri Egemen Bağış çıxış edib. Bununla da o, onilliklər ərzində elitar Avropa klubuna üzv olmağa çalışan Türkiyənin yürütdüyü siyasətin iflasla nəticələndiyini bəyan edin ilk yüksək rütbəli şəxs olub.
Nazir ölkəsinin bu addımını Ukrayna və Litva prezidentləri Viktor Yanukoviç və Dali Qribaruskaytenin sədrliyi ilə keçirilən “Yalta Avropa Strategyası” konfransında çıxışı zamanı bildirib. Forumun işində əsas məsələlər sırasında Kiyev və Avropa Birliyi arasında assosiativ razılaşmanın imzalanmasına hazırlıq məsələsi olub. Ötən həftə sənəd Ukrayna Nazirlər Kabineti tərəfindən təsdiq olunub. “Kiyev indiki kimi Avropa cəmiyyətinin daxilinə yaxın olmayıb” - deyə Polşanın keçmiş prezidenti Aleksanlr Kvasnevski bildirib.
Türkiyəli nazir isə forum iştirakçılarının diqqətinə assosiativ üzvlükdən tam hüquqlu üzv olmağa kimi prosesin nə qədər uzun çəkə biləcəyini çatdırıb. O qeyd edib ki, Türkiyə assosiativ üzv statusunu 1964-cü ildə alıb. Rəsmən danışıqlara isə 2005-ci ildə başlanılsa da, bu proses dəfələrlə dayandırılıb.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da dəfələrlə Avropa Birliyini ölkəsinə qərəz, ayrı seçkilik nümayiş etdirməkdə günahlandırıb. Və quruma üzv olan təzə ölkələrlə müqayisədə Ankaraya qarşı daha sərt tələblər qoyulduğunu vurğulayıb. Avropa Birliyinə inteqrasiya istiqamətindəki maneələri aradan qaldırmaq və qanunvericiliyi Avropa standartlarına çatdırmaq üçün Rəcəb Tayyib Ərdoğan hökuməti bir sıra köklü islahatlar həyata keçirib. Əvvəlcə ordunun dövlətə təsirini minimuma kimi azaltmağa müvəffəq oldu. Bundan əlavə 2010-cu il referendumunda konstitusiyaya dəyişikliklər edildi. Bununla da hakimlərin və hərbçilərin hüquqları məhdudlaşdırıldı. Lakin bu da Avropanı qane etmədi və nəticədə Ankara Avropa Birliyini Türkiyəyə qarşı həddən artıq ayrıseçkilik göstərməkdə günahlandırdı.
Avropa Komissiyasının üzvlüyə namizədlərin şanslarını qiymətləndirən 2012-ci il hesabatında Türkiyə “qeyri-müəyyən perspektivlərə malik ölkələr”in reytinqində sonuncu olub. Hətta Avropa Birliyinin komissarları Ankaranı Kipr münaqişəsinin nizamlanmamasında suçlu bilərək, insan hüquq və azadlıqlarını pozmaqda günahlandırıb. “Amnesty International”ın hesabatında isə Türkiyə Avropa insan haqlarının hüquq və normalarını pozmaqda günahlandırılıb. Lakin ekspertlər hesab edir ki, mahiyyətcə, Ankara və Brüssel arasında dialoq hələ 2010-cu ildə pozulub. Buna səbəb Parisin ermənilərin qondarma soyqırımının baş verdiyini etiraf etməsi olub.
Bir faktı da qeyd edək ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində ən güclü müttəfiqi Almaniya hesab edilirdi. Lakin vəziyyət kökündən bu ilin yayında dəyişdi. Rəcəb Tayyip Ərdoğan hökuməti İstanbulda baş verən son olaylar zamanı nümayişçilərə qarşı zor tətbiq etmək barədə qərar qəbul etdikdən sonra rəsmi Berlin Türkiyə hökumətini kəskin tənqid etməyə başladı. “Türkiyədə baş verənlər bizim söz azadlığı və insan haqlarının qorunması prinsiplərimizi ziddir” - deyə Almaniya kansleri Angela Merkel bəyan edib. Türkiyənin də cavabı özünü çox gözlətməyib. Rəsmi Ankara Almaniyada neonasistlərin fəallaşdığını və türklərə qarşı zorakılıqlara yol verildiyini bəyan etdi. Bu da iki ölkə arasında münasibətlərə təsirsiz ötüşmədi. Almaniyanın təşəbbüsü ilə Ankara ilə danışıqlar payızı kimi təxirə salındı. Hətta insan haqları ilə bağlı pozuntular davam edəcəyi təqdirdə, danışıqların gələcəkdə də təxirə salına biləcəyi istisna edilməyib.
Ümumiyyətlə, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi əvvəlkitək qeyri-müəyyən olaraq qalır. Hələ ki, tərəflərdən heç biri danışıqların tam şəkildə iflasla nəticələndiyini bildirməyib. Lakin Bağışın bəyanatından belə çıxır ki, gələcəkdə bunun yenidən bərpa olunması mənasızdır. Özü də nazir Avropa Birliyi ilə gələcək münasibətlərin alternativ modelini aşağıdakı kimi təsvir edib. “Hesab edirəm ki, Türkiyə sonda Norveçin malik olduğu statususa malik olacaq. Tam hüquqlu üzv olmayacaq. Lakin vahid Avropanın ticarət ailəsinə üzv olacaq” - deyə nazir vurğulayıb. Maraqlıdır ki, Almaniyanın xarici işlər naziri olan Gudo Vestervel Merkellə müqayisədə əks fikirdədir. O hesab edir ki, Türkiyənin üzvlük müraciətinə baxılmalıdır. Onun bu çıxışı isə Almaniyanın koalisiya hökuməti daxilində gərginliyə səbəb olub.
Türkiyənin üzvlüyünün əleyhinə olan Birlik Partiyaları adlanan partiyalar qrupu Vestervelin Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində hökumət adından danışa bilməyəcəyini deyiblər. Almaniyanın Xristian Sosial Birlik Partiyası, Türkiyədə keçirilən son seçkilərdən sonra ölkədə din amilinin daha da gücləndiyini irəli sürərək Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasını tələb etmişdi.
Azər Nuriyev
banner

Oxşar Xəbərlər