• cümə, 19 Aprel, 04:22
  • Baku Bakı 18°C

“FETÖ-nün PKK və İŞİD terror təşkilatlarından fərqi yoxdur” - Fotolar

13.07.17 21:02 1055
“FETÖ-nün PKK və İŞİD terror təşkilatlarından fərqi yoxdur” - Fotolar
İyulun 13-də Türkiyənin Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı xarici media mənsubları ilə görüşüb. Nazirdən öncə media mənsubları qarşısında çıxış edən Mətbuat və İnformasiya Baş İdarəsinin rəhbəri Mehmet Akarca 15 iyul hərbi çevrilişinin qarşısı alınan zaman şəhid və qazi olan Türkiyə vətəndaşlarının daim hörmətlə anılacağını bildirib.
O, qeyd edib ki, həmin hadisələrdən sonra xarici ölkəyə səfər edən ailə və sosial siyasət nazirinə qarşı Hollandiya polisi tərəfindən hörmətsizlik edilib, onun maşın karvanı saxlanılıb, nazirin türk vətəndaşları ilə görüşməsinin, Türkiyədə yaşananları onlarla bölüşməsinin qarşısı alınıb. M.Akarca belə münasibətin Avropa ölkələrinin hadisələrə necə yanaşmasının göstəricisi olduğunu diqqətə çatdırıb.

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasında Türkiyə mediasının böyük rol oynadığını, hədəflərdən birinin də məhz media olduğunu söyləyib. Jurnalist – fotoqraf Mustafa Canbazın həmin gün şəhid olduğunu xatırladan nazir bildirib ki, Türkiyə mediası həmin gün qəhrəmanlıq və cəsarət ortaya qoyub. O, M.Canbazın, eləcə də onun həmkarlarının həmin vaxt çəkdiyi fotoların hər birinin 15 iyul dəhşətlərini aydın şəkildə nümayiş etdirdiyini qeyd edib. Nazir 15 iyul hərbi çevriliş cəhdini Türkiyənin tarixində yaşanan ən qorxulu və xain hərbi çevriliş, işğal cəhdi kimi dəyərləndirib. O, həmin gün yaşananların nəticəsi olaraq 450 türk övladının ata və anasız qaldığınısöyləyib.
Hərbi çevriliş cəhdinin Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən həyata keçirildiyini söyləyən F. B. S. Kaya qeyd edib ki, FETÖ-nün PKK və İŞİD terror təşkilatlarından fərqi yoxdur: "FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir. FETÖ millətimizin dini həssaslığından istifadə edib. FETÖ üzvlərini bu əməllərinə görə məhkəmələrdə layiqli cəza alacaqlar. FETÖ-nün hərbi çevriliş cəhdinin bir işğal cəhdi olduğu unudulmamalıdır. Bu cəhdin qarşısı xalqın dinc müqaviməti sayəsində alınıb. Millətimiz böyük fədakarlıq göstərib. İnsanlarımız əsgər geyimindəki terrorçuların güllələri ilə şəhid oldular, parlamentimiz bombalandı. Mən bir qadın olaraq 2 övladımı həmin gecə evdə anama tapşırıb, meydana çıxdım. Həmkarlarımızla qərar qəbul edib, parlamentə toplaşdıq. Parlamentdəki partiyaların deputatları həmin gün üzərlərinə düşən vəzifəni yerinə yetirdilər. Demokratiyaya sədaqətimizi dünyaya və Türkiyəyə nümayiş etdirmək üçün qorxmadıq, parlamentdə olduq. Bombalanan parlamentdə hərbi çevriliş cəhdinə qarşı olduğumuzu bəyan etdik. Hərbi çevriliş cəhdi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqı meydanlara, aeroportlara dəvət etməsi bir qırılma nöqtəsidir. Bu prosesin əsl qəhrəmanı isə xalq idi".

F. B. S. Kaya ABŞ və Avropa ölkələrinin həmin gün sadəcə, prosesləri izləməsinin təəssüf doğurduğunu vurğulayıb: "Hollandiyada insanlığa yaraşmayan münasibətlə üzləşmiş bir nazirəm. Məni Türkiyə səfirliyinə daxil olmağa qoymadılar. Bir çox Avropa ölkələrində FETÖ və PKK kimi terror təşkilatlarının aksiya keçirməsinə icazə verildiyi halda, bir Türkiyə siyasətçisinin danışmasına imkan verilmədi. Bu, mənim üçün yox, Hollandiya üçün bir utancdır. Bu yanaşma davam edir. G20 üçün bu günlərdə Almaniyaya gedən Türkiyə prezidentinin də türk vətəndaşları ilə görüş keçirməsinə imkan verilmədi. Demokratiyanı qorumaq üçün 250 şəhid vermiş bir xalqa bu cür münasibət təəssüf doğurur. Bu gün terror təhdidi ilə üzləşən Türkiyənin fövqəladə vəziyyət rejimi tətbiq etməsinə qarşı çıxılır. Ancaq bir sıra Avropa ölkələrində fövqəladə vəziyyət rejimi tətbiq edilən zaman səs çıxarmırlar. Türkiyə bütün terror təşkilatlarına qarşı qətiyyətlə mübarizə aparır. Türkiyənin terrora qarşı mübarizəsi Avropanın təhlükəsizliyinin təmini üçün çox vacibdir. Avropa ölkələrinin də Türkiyənin bu mübarizəsinə dəstək verməsi lazımdır. PKK, PYD, FETÖ kimi terror təşkilatlarına loyal münasibət bəşəriyyətin rifahına xidmət etmir".


Türkiyəli nazir 15 iyul hərbi çevriliş cəhdi dönəmində Qərbin bir sıra media orqanlarının terrorçulara dəstək ifadə etdiyini də söyləyib. Təəssüflə bildirib ki, həmin qurumlar baş verənləri Rəcəb Tayyib Ərdoğan tərəfdarları ilə əleyhdarları arasında mübarizə kimi təqdim ediblər.


Qeyd edək ki, media mənsubları Fatma Betül Sayan Kaya ilə yanaşı, Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) rəisi Mehmet Halis Bildenlə də görüşüblər.

Rufik İSMAYILOV
Türkiyə, Ankara
banner

Oxşar Xəbərlər