• cümə, 19 Aprel, 12:51
  • Baku Bakı 25°C

Türkiyəli kino xadimləri Bakıda - Fotolar

27.11.19 09:00 619
Türkiyəli kino xadimləri Bakıda - Fotolar
V Türk Filmləri Həftəsi tamaşaçıların böyük marağı ilə davam edir
Türkiyə ilə Azərbaycan arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Bizlər bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etmək üçün bir araya gəlməliyik. Türk filmləri həftəsi isə buna vəsilədir".
Film mədəni təbliğat vasitəsidir. Onun köməyi ilə bütün dünyaya sözünü deyə bilərsən. Bir ölkəni tanıtmaq üçün ideal vasitə olan film festivalları və təqdimatların rolu isə bu yöndə əvəzsizdir.

Noyabrın25-dəNizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə V Türk Filmləri Həftəsinin açılış mərasimi keçirildi. Noyabrın 29-na qədər nəzərdə tutulmuş film həftəsində Türkiyədə çəkilən yeni filmlər iştirak edir. Eyni zamanda bu layihəyə filmlərdə baş qəhrəmanları yaradan aktyor heyəti, rejissorlar, prodüserlər də qatılıb. Onlar bir həftə ərzində filmlərin nümayişi ilə bərabər, iki ölkə arasında mədəni əlaqələrin yaradılmasında əsas vasitəçi rolunu oynayırlar. Belə ki, bu bir həftə ərzində Türkiyədən Bakıya səfər edən yaradıcı heyət tələbələrlə diskussiyalar, azərbaycanlı rejissor və prodüserlərlə yaradıcı fikir mübadilələri aparacaqlar.

Bu dəfə Azərbaycana "Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, "Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla İrmak, "Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, "Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM baş direktoru Mehmet Güleryüz, "Star” qəzetinin mədəniyyət-sənət redaktoru Bedir Acar, Türk Filmləri Həftəsinin layihə assistenti Fatma Gezer və baş koordinatoru Öner Kılıç gəlmişdilər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçiqeyd edir ki, V Türk Filmləri Həftəsinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə təsirsiz ötüşmür: "Bakıda keçirilən V Türk Filmləri Həftəsi hər iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və film sektorunda qarşılıqlı münasibətlərin yaradılmasına müsbət təsir göstərir. Günümüzün ən aktual və birbaşa təsir gücünə malik olan sənət növü məhz filmlərdir. Danılmaz faktdır ki, dünyada türk filmləri kifayət qədər sevilir və izlənilir. O cümlədən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə də ən təsirli vasitələrin başında filmlər dayanır. Hər kəsə bəllidir ki, bu gün türk filmləri öz inkişaf dövrünü yaşayır, xaricdə belə türk film və serialları çox izlənilir, sevilir. Azərbaycan da bunun bir parçası olmağa başlayıb. Çünki Türkiyədə kinoteatrlarda nümayiş etdirilən filmlər, demək olar ki, eyni zamanda Azərbaycanda da nümayiş etdirilir. Türk filmlərinin Azərbaycanda çoxlu tamaşaçıları var. Bu, kiçik hadisə deyil, yaxınlığın, birliyin, bərabərliyin ən önəmli göstəricilərindən biridir. Bu baxımdan, sadəcə bu layihə deyil, türk filmləri ilə bağlı keçirilən bütün tədbirlər müsbət təsirlidir”.

İ.Çiftçi qeyd etdi ki, Bakıda keçirilən türk filmləri həftəsi çərçivəsində kinosevərlər maraqlı filmləri izləmək fürsəti əldə edir: "V Türk Filmləri Həftəsində nümayiş olunan filmlər hər bir tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdırır. Təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə türkiyəli peşəkar rejissorların, aktyorların tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış filmləri təqdim edilir. Həftə ərzində təqdim olunacaq ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha onlara çatdırır”.


Müşavir festivaldan danışarkən türk filmlərinin beynəlxalq kino sənayesindəki hazırkı vəziyyətinə də aydınlıq gətirdi. Bildirdi ki, bu gün türk filmləri nəinki dünya və Türkiyə kinoteatrlarında, eyni zamanda "Youtube” kanallarında da ən çox izlənilən filmlərdir: "Film çox əvəzsiz vasitədir və məhz film vasitəsi ilə türk aktyorları dünyaya çıxır, tanınır, sevilir və böyük rəğbət qazanır. Türk filmləri, eləcə də aktyorlar, rejissorlar dünyaca məşhur film müsabiqələrində ən önəmli nominasiyalara layiq görülürlər. Misal üçün, bir neçə il bundan öncə Nuri Bile Ceylan "Qış Yuxusu” filmi ilə "Kann” film festivalının baş mükafatı olan "Qızıl palma”ya layiq görüldü. Ötən gün türk aktyoru Haluk Bilginər "Şahsiyet” serialındakı Agah Beyoğlu roluna görə 47-ci beynəlxalq "Emmi” mükafatınalayiq görüldü. Yəni bu gün türk filmləri dünyada tanınır və kifayət qədər sevilir. Biz isə bununla fəxr edirik”.
V Türk Filmləri Həftəsinın baş koordinatoru Öner Kılıç ötən illərdə də Bakıda türk film həftələrinin keçirildiyini və tamaşaçıların marağına səbəb olduğunu, türk filmlərinin böyük izləyici kütləsinin formalaşdığını dedi: "Həftə ərzində təqdim olunacaq ekran əsərləri türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq. Hazırda türk filmlərinin böyük auditoriyası var. Qardaş Azərbaycanda belə bir tədbirin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinə xidmət edir. V Türk Filmləri Həftəsinin keçirilməsində əsas məqsəd türk dünyası filmləri ilə bağlı forum yaratmaq, ortaq tük dünyası kinosu forumu olaraq rejissorlar, ssenaristlər, prodüserləri bir mərkəzdə birləşdirərək ortaq mədəniyyəti, dili olan topluluqların ortaq sənət əsərlərini yaratmaqdır.Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil edildi və biz bu görüşdən böyük zövq aldıq. Onu da qeyd edim ki, bu layihə çərçivəsində Türkiyə ilə Azərbaycan arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Bizlər bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etmək üçün bir araya gəlməliyik. Türk filmləri həftəsi isə buna vəsilədir".
Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müaviniArzu Əhədovabizimlə söhbətində 5 ildir ki, türk filmləri həftəsinin keçirildiyini və hər il bu festival ərəfəsində Kino Mərkəzində böyük izdiham yaşandığını bildirdi: "Film həftəsi başlamamışdan artıq filmlərin sosial şəbəkələrdə elanı verilmişdi. Tamaşaçılar bir həftə öncədən maraqlanır və filmlərin seanslarını öyrənib izləməyə gəlirlər. Nizami Kino Mərkəzində keçirilən türk filmləri həftəsində zallarımız tamaşaçı ilə dolu olur. Bizim kiməsə müraciət etməyimizə ehtiyac olmur. İzləyicilər özləri "Facebook”, "İnstagram” səhifəmizi izləyirlər və seçdikləri filmlərə baxırlar. Ötən il türk filmləri həftəsində o qədər çox tamaşaçı bizə müraciət etmişdi ki, məcbur qalıb, kiçik zalı böyük zalla əvəz etmişdik. Tamaşaçıları yerləşdirmək üçün daha böyük zalları açdıq və bu dəfə də bütün tədbirləri, gələn qonaqları nəzərə almışıq”.

Arzu xanım bildirir ki, bu layihə türk filmlərinin tanıdılması və sevdirilməsi üçün ən gözəl vasitədir: "Festivalda türk rejissorlarının çəkdiyi yeni filmlər nümayiş olunur. Hansı ki, bu filmlər Türkiyədə də kifayət qədər sevilir və izlənilir. Danılmaz faktdır ki, türk filmləri dünyada da ən çox izlənilən və baxılan filmləri sırasındadır. V Türk Filmləri Həftəsində iştirak edən türk qonaqlarımızın məqsədi burada öz tamaşaçıları ilə görüşmək və Azərbaycandakı həmkarları ilə birlikdə böyük layihələrə imza atmaqdır. Onlar istəyirlər ki, bizim rejissorlarla, aktyorlarla münasibət qursunlar, müştərək filmlər çəksinlər. Türkiyəli məşhur aktyor və rejissorlar həftə ərzində burada olur, universitetlərə gedir, tələbələrlə görüşürlər. Həm də bizim rejissor və prodüserlərlə görüşlər təşkil olunur. Bu görüşlərdə müəyyən danışıqlar aparılır, əlaqələr qurulur”.


A.Əhədova Nizami Kino Mərkəzində tamaşaçıların türk filmlərini böyük maraqla izlədiyini və daha çox 25-45 yaşında tamaşaçıların üstünlük təşkil etdiyini deyir.
Qeyd edək ki, film həftəsi ərzində noyabrın 27-də saat 17:00-da "Annem”, 19:00-da "Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da "Çakallarla dans 5”, 19:00-da "Kapan”; noyabrın 29-da saat 17:00-da "Rafadan Tayfa”, 19:00-da "Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq. Giriş sərbəstdir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər