• cümə axşamı, 25 aprel, 01:25
  • Baku Bakı 19°C

Türkiyəli ekspert: “İqtisadi baxımdan Orta Asiya ölkələrinin Rusiyadan üz döndərmələri mümkün deyil”

09.03.17 12:30 1078
Türkiyəli ekspert: “İqtisadi baxımdan Orta Asiya ölkələrinin Rusiyadan üz döndərmələri mümkün deyil”
"Keçmiş Sovet İttifaqından qalma münasibətlərin davamı kimi Orta Asiyadakı türk ölkələrinin Rusiya ilə münasibətləri müstəqillik dövründə də isti olub. Burada Qazaxıstan və Qırğızıstanı xüsusi qeyd etmək lazımdır. Özbəkistan müəyyən vaxtlarda bəzi təşkilatlara üzv olub, daha sonra ayrılıb və keçmiş prezident İslam Kərimovun dövründə ABŞ-la bəzi müqavilələr çərçivəsində əməkdaşlıq qurub. Orta Asiyanın türk cümhuriyyətləri içərisində Qazaxıstanın Rusiya ilə əlaqələri daha ön plandadır”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putinin Orta Asiyaya son səfəriniAPA-ya şərh edən Ankaradakı Ahi Evren Universitetinin dosenti Kürşad Zorlu deyib.
K. Zorlu bildirib ki, iqtisadi münasibətlər baxımından nə Qazaxıstanın, nə də digər ölkələrin Rusiyadan üz döndərmələri mümkün deyil: "Keçən il dünyadakı vəziyyətə görə ticarət dövriyyələrində azalma müşahidə edilsə də, Rusiya o ölkələr üçün daim etibarlı ticari tərəfdaş sayılır”.
Ekspert qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp və komandasının Orta Asiyaya açılım etmələriylə bağlı bəzi planları var: "Bu barədə ABŞ-ın paytaxtından bəzi məlumatlar da yayılır.Vladimir Putinhəm də Donald Trampın Orta Asiya bölgəsindəki açılımlarına qarşı öz strateji və taktiki həmlələrini əvvəlcədən edərək Orta Asiyanın öz nüfuz dairəsində olmasına dair dünyaya mesaj verir”.
Orta Asiyanın demokratiya yolunda addımlar atması ehtimalına toxunan K. Zorlu bölgədə sovet sistemindən qalma idarəçilik modellərinin və bugünkü Rusiyadan örnək alınan metodların ağırlıqda olduğunu söyləyib: "Dediyiniz istiqamətdə Qazaxıstanın konkret niyyəti olduğunu görməkdəyik. Qazaxıstandakı mənbələrdən aldığım məlumata görə, ölkənin prezident üsuli-idarəsindən parlament üsuli-idarəsinə keçməsi üçün prezident Nazarbayev 40 səlahiyyətini Məclisə və hökumətə verəcək. Qırğızıstanda dəfələrlə seçki keçirilib, bəzi ümidlər cücərib. Türkmənistanın tamamilə özünəməxsus idarəçilik modeli var, tarixdən gələn adət və ənənələrə üstünlük verilir. O biri ölkələrlə müqayisədə Türkmənistanda demokratiya istiqamətində addımlar atılmasının daha uzun vaxt alacağını düşünürəm”.
banner

Oxşar Xəbərlər