• cümə, 29 Mart, 00:19
  • Baku Bakı 7°C

Türkiyəli deputatlar seçkilərdən yazdılar

24.10.13 11:03 1284
Türkiyəli deputatlar seçkilərdən yazdılar
“Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib”. Bunu Türkiyə Böyük Millət Məclisinin üzvü AKP-dən olan millət vəkili Necdet Ünüvar “Zaman” qəzetində yazdığı məqaləsində bildirib. Adanadan olan millət vəkili yazır ki, dost və qardaş Azərbaycan altıncı prezident seçkilərini bu günlərdə reallaşdırdı: “22 ildir ki, müstəqil olan Azərbaycan dünyaya siyasi mədəniyyət göstərmiş oldu”. Türkiyə parlamentini təmsil edən 35 nəfərlik nümayəndə heyətinin tərkibində olan deputat 4 gün Azərbaycanda olub. Və bu müddət ərzində onun seçkidən əvvəl və sonrakı durumu analiz etmək imkanı olub. Prosesi 40 minə yaxın yerli və xarici müşahidəçinin izlədiyini qeyd edən deputat proses zamanı namizədlərin mətbuata çıxış və təbliğat aparmaq imkanlarını müsbət qiymətləndirib:
“Demokratiya yolunda addımlayan Azərbaycanın seçki prosesində bütün normativlərə əməl etdiyinin şahidi olduq. Azərbaycanın gələcəyi üçün çalışan namizədlərin etdikləri çıxışları izlədik. Azərbaycanda demokratiya mədəniyyətinin şahidi olduq”.
Müəllif qeyd edir ki, Türkiyənin Xarici İşlər Nazirliyi də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb. Onun sözlərinə görə, bəyanatda seçkilərin dinc və şəffaf şəraitdə keçməsindən məmnunluq ifadə olunur: “Biz tam əminik ki, Türkiyə-Azərbaycan əlaqələrinə mühüm töhfələr vermiş prezident İlham Əliyev önümüzdəki müddətdə də “bir millət, iki dövlət” prinsipi ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşməsinə səy göstərməkdə davam edəcəkdir. Prezident seçkiləri dost və qardaş Azərbaycanın demokratiya baxımından atdığı mühüm bir addımdır və Türkiyə bu seçkilərin Azərbaycan xalqı üçün xeyirli olmasını arzulayır”.
Müəllif ümid edir ki, Azərbaycanın bölgədə qazandığı müstəsna mövqe ilə mükəmməl səviyyəyə çatmış Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da dərinləşəcək, prezident İlham Əliyev istər Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafına, istərsə də ölkələrimiz arasında əlaqələrin inkişafına yeni töhfələr verəcək: “Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 dəfə yüksəlib. Son 20 ildə 2 milyard dollarlıq iqtisadiyyat 200 milyard dollara yüksəlib. Adam başına düşən milli gəlir 1200 dollardan 12000 dollara kimi yüksəldi. Hazırda 80 milyard dollarlıq valyuta ehtiyatına malik və dünyanın 51 iqtisadiyyatı güclü olan dövlətlərin sırasında yer alan Azərbaycan tək iqtisadi göstəriciləri ilə deyil, həm də dünya siyasətindəki yeri ilə özünü göstərir. Belə ki, bu illər ərzində Azərbaycan BMT TŞ-nın daimi olmayan üzvü seçildi”. İlham Əliyevi yenilən prezident seçilməsi münasibətilə təbrik edən AKP-dən olan deputat Azərbaycan xalqının bu seçimlə sabitliyə səs vermiş olduğunu vurğulayıb. “Türkiyə ilə Azərbaycan arasında münasibətlər çiçəklənmə yaşayır və hazırda bu əməkdaşlıq tək bu iki ölkə üçün deyil, bölgə ölkələri üçün, dünya üçün də son dərəcə önəmlidir. Çünki, bu iki ölkə Bakı-Ceyhan və TANAP başda olmaqla bir sıra önəmli layihələrə imza atıblar. Türkiyə-Azərbaycan parlament dostluq qrupunun rəhbəri olaraq dost və qardaş Azərbaycanı önəmli bir proses başa vurması münasibətilə təbrik edirəm. Seçkilərin nəticələrinin Azərbaycan xalqına uğurlar gətirməsini arzu edirəm. Qarşıdakı dövrdə Türkiyə ilə Azərbaycan dünya siyasətində gücünü və qüvvətini daha ada artırmasını istəyirik”.
Başqa bir mətbu orqan “Avropa” qəzeti Azərbaycanda demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkilərindən bəhs edən “Azərbaycan xalqı Əliyevlə davam dedi” başlıqlı geniş məqalə dərc edib. Qəzetin şərhçisi Necdət Sivaslının müəllifi olduğu məqalədə bildirilir ki, oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri dost və qardaş ölkənin liderinin xalqın böyük dəstəyinə malik olduğunu bir daha göstərdi: “İnsanlar bəzi mətbuat orqanlarında yazılan qərəzli məqalələri ciddi qəbul etmirlər. Çünki onlar bir həqiqəti çox aydın dərk edirlər: Azərbaycanın inkişafı və hazırkı rifah səviyyəsinə yüksəlməsi məhz Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin səylərinin nəticəsidir”. Müəllif vurğulayır ki, prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkənin beynəlxalq nüfuzu getdikcə artmaqdadır. Məqalənin sonunda bildirilir ki, artıq böyük təcrübəyə malik olan İlham Əliyevin komandasının növbəti illərdə daha böyük uğurlara imza atacağı heç kimdə şübhə doğurmur. Müəllif yazır ki, beynəlxalq standartlarla azad və ədalətli seçkilərə zəmanət verən qaydalar bir çox cəhətdən bəzi Qərb ölkələri üçün örnək ola bilər. Məsələn, gözdən zəif olanlar üçün xüsusi bülletenlər, fiziki imkanları məhdud olan insanların və ya həbsxana kameralarındakı məhbusların səslərinin qəbul edilməsi üçün mobil stendlər təşkil edilib”.
“Star” qəzetində isə Türkiyə parlamentinin xarici Əlaqələr Komissiyasının üzvü İsmayıl Safi “Azərbaycanda keçirilən seçkilərə bir qiymət” başlıqlı məqaləsi dərc edilib: “Seçkilərin bu qədər səssiz və sədasız, həyəcansız keçməsinin səbəblərindən bəlkə də ən önəmlisi, seçkinin qalibinin aylar əvvəldən müəyyən olmasıydı. Yəni xalq öz seçimimi o vaxtdan etmişdi” - deyə o bildirib. “Azərbaycanda olduğum dövrdə ölkənin iqtisadi və siyasi durumu, iqtidar-müxalifət münasibətləri ilə bağlı analiz etmək imkanı əldə etdim. Azərbaycan İlham Əliyevin prezidentliyi dövründə ABŞ, Avropa, Rusiya, İran və Türkiyə ilə bağlı siyasətdə uğurlu addımlar atıb. İlham Əliyevin prezidentliyi dövründə iqtisadi inkişaf üç dəfə artmış, işsizlik və inflyasiyanın səviyyəsi azalmış, Azərbaycan manatı dünyanın ən önəmli valyutalarından birinə çevrilib. Səhiyyə və təhsilə xərcləri 10 dəfə artıran Azərbaycan başda silah istehsalı olmaqla öz sənayesini qurub”. Müəllif daha sonra Azərbaycan müxalifətinin də vəziyyətinə toxunub. “Əliyev cinahında vəziyyət olduqca parlaq görünərkən, müxalifət cəbhəsindəki durum heç də belə deməyə əsas vermir. 20 ildir dağınıq vəziyyətdə olan müxalifət hələ də bu vəziyyətdən qurtula bilmir. Başda ölkənin əsas müxalifət partiyaları Müsavat və AXCP olmaqla indiyə qədər iqtidar qarşısına bir lider çıxara bilməyib. Sadəcə seçkidən seçkiyə qurduqları ittifaqlarla gözləntiləri heçə endiriblər. Son seçkidə yaradılan “Milli Şura” da bu qəbildən oldu”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər