• cümə axşamı, 25 aprel, 21:07
  • Baku Bakı 21°C

Türkiyədən Avstriyaya sərt şillə

25.05.17 10:00 871
Türkiyədən Avstriyaya sərt şillə
Türkiyəyə qarşı ayrı-seçkilik siyasəti yürüdən Qərb və onun çoxsaylı strukturları artıq bunun əvəzini ödəməli olurlar. Rəsmi Ankara uzun illərdir ki, ona qarşı ayrı-seçkilik, qərəz nümayiş etdirən Qərb strukturlarının atdıqları addımları cavabsız qoymamaq qərarına gəlib. Heç kimə sirr deyil ki, illər uzunu kürd separatçıları, terrorçularına açıq dəstəyi məhz onlar göstəriblər. Məqsəd də bəllidir - nəyin bahasına olursa-olsun, Türkiyə sərhədlərində kürd dövlətinin yaradılması.
Məsələn, ABŞ mayın 15-dən 20-dək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD”yə 100 TIR ağır silah göndərib. Silah-sursat İraq-Suriya sərhədindən keçirilərək, Suriyanın Hasek şəhərində terrorçu PYD-yə təhvil verilib. İŞİD-lə mübarizə başa çatdıqdan sonra bu silahların PKK-nın əlinə keçəcəyinə heç kim zəmanət verə bilməz. Bu isə Türkiyənin maraqlarına ziddir. Yeri gəlmişkən, Qərb strukturlarında təmsil olunan bəzi dövlətlər açıq şəkildə Türkiyənin ünvanına sərt ittihamlar səsləndirir, ona qarşı qərəzli mövqe nümayiş etdirirlər. Belə dövlətlərdən biri də Avstriyadır. Bu ölkə dəfələrlə Türkiyənin ünvanına hədyanlar səsləndirib, onun Avropa İttifaqına üzvlüyünə qarşı çıxıb. Türkiyə də bunu cavabsız qoymaq istəməyib. Belə ki, Ankara NATO-nun Avstriya ilə əməkdaşlığına qadağa qoyub. Bu da Avstriyanın 41 ölkə ilə əməkdaşlığını məhdudlaşdırıb.
"Daily Sabah” yazır ki, Türkiyə, Avstriyanın onun Avropa İttifaqına üzvlüyünə maneçilik törətdiyinə görə acıqlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə Türkiyə və Avropa arasında əlaqələrin pisləşməsində Avstriyanı günahlandırıb. Qeyd edilir ki, Avstriya Türkiyənin Avropa İttifaqına qoşulması prosesini dəfələrlə əngəlləyib. Bəlli olduğu kimi, Türkiyə NATO tərkibində Amerika Birləşmiş Ştatlarından sonra ən çox "əzələ nümayiş etdirən” ölkədir. Lakin Avstriya da NATO ilə yaxından əməkdaşlıq edir. Avstriyanın Kosovoda 400 hərbçisi fəaliyyət göstərir. Türkiyə NATO və Avstriya arasında əməkdaşlığa veto qoymaqla, alyansın 41 ölkə ilə tərəfdaşlıq əlaqələrinə əngəl yaradıb. Məhz bu səbəbdən NATO bu yaxınlarda öz daxili qaydalarını dəyişib və alyans indi tərəfdaşlıq münasibətlərini hər bir ölkə ilə ayrı-ayrılıqda quracaq.
BBC məlumatlı mənbələrdən aldığı məlumat əsasında bildirir ki, Ankara əslində NATO-nun Vyana ilə tərəfdaşlığını son bir il ərzində bloklayıb. Türkiyənin vetosu NATO-nun Azərbaycan da daxil, bir sıra keçmiş sovet respublikaları ilə tərəfdaşlığını da bloklamışdı, lakin adının çəkilməsini istəməyən alyans nümayəndəsi deyib ki, artıq tərəfdaşlıq qaydası dəyişdirilib.
Avstriya da Türkiyənin vetosuna acıqlı reaksiya verib. Müdafiə naziri Hans Peter Doskozil deyib ki, Ankaranın hərəkəti bütün Avropanın təhlükəsizliyini riskə atır. Nazir bildirib ki, Türkiyənin hərəkəti bu ölkənin həqiqətən də Avropa İttifaqı üzvlüyünə layiq olmadığını nümayiş etdirir: "Mən Türkiyənin NATO-daki hərəkətlərini ciddi şəkildə tənqid edirəm. Bu, Avstriyaya qarşı çox məsuliyyətsiz hərəkətdir və bu, mənim Türkiyənin Aİ-nin bir hissəsi olmaqdan çox uzaqda olduğu düşüncəmi daha da möhkəmləndirir”. BBC ilə danışan bir NATO rəsmisi deyib ki, "müttəfiqlik Avstriya ilə əməkdaşlığa son qoymur. Bizim birgə təhlükəsizliyimiz üçün onların göstərdiyi dəyərli səylərə minnətdarıq. Ümid edirik ki, Türkiyə və Avstriya arasında ikitərəfli məsələlər mümkün olduqca tez həll olunacaq”.
NATO-nun növbəti görüşü mayın 25-də Brüsseldə keçirilməlidir. Görüşün terrorla mübarizə və öhdəliklərin daha ədalətli paylaşılması barədə olacağı bildirilir.
Yeri gəlmişkən, NATO daxilində də bir gərginlik nümayiş olunur. Söhbət üzvlük haqlarından gedir. ABŞ prezidenti Donald Tramp da Ümumi Daxili Məhsulunun (ÜDM) ən azı 2 faizini müdafiə üçün xərcləməyən NATO üzvlərini tənqid edib.
Onu da qeyd edək ki, Avstriya ilə yanaşı, Türkiyənin Almaniya ilə də münasibətləri pisləşib. İki qüdrətli NATO üzvü arasında diplomatik gərginlik yaşanır. Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfəri ləğv edib. Bu barədə alman mətbuatı məlumat yayıb. Qeyd edək ki, Bundestaqın vitse-prezidenti Klaudiya Rot ("Yaşıllar Partiyası”) və daha üç deputat 25-28 may tarixlərində Ankara, Diyarbəkir və İstanbula səfər etməyi planlaşdırıblarmış. Səfər çərçivəsində Türkiyə XİN nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər nəzərdə tutulmuşdu. "İncirlik” aviabazasına baş çəkmək deputatların planlarına daxil olmayıb. Qərarın səbəbləri açıqlanmır. Səbəbləri Klaudiya Rot mayın 24-də açıqlayacağını bildirib. Rəsmi Ankara bundan əvvəl alman deputatların "İncirlik” aviabazasına səfərinin mümkünsüz olduğunu bəyan etmişdi.
Gündəmdə alman hərbçilərin "İncirlik” hərbi bazasından çıxarılması da var. Lakin hələ ki bununla bağlı qərar verilməyib. Almaniya müdafiə naziri Ursula fon der Leyen deyib ki, bu məsələni hazırda Türkiyə hökuməti ilə müzakirə edirlər. Beləliklə, gəlinən nəticə budur ki, Qərb ölkələri məqsədli şəkildə Türkiyəni öz sıralarına qəbul etmək istəmir. Lakin Avropa anlamalıdır ki, Türkiyənin Avropadakı qurumlardan uzaqlaşması Avropaya heç nə qazandırmayacaq. Türkiyə Avropadan nə qədər asılıdırsa, Avropa da eyni zamanda Türkiyədən asılıdır. Avropa ilə ticarət dövriyyəsində Türkiyənin böyük rolu var. Eyni zamanda, NATO çərçivəsində Türkiyəni "cənub qalası” adlandırırlar. Avropanın enerji təhlükəsizliyində tranzit olaraq Türkiyədən istifadə olunur. Bu siyahını bir az da genişləndirmək olar. Belə olan halda, qardaş ölkəyə bu münasibət qərəzlidir və həm də təsadüfi deyil. Çünki illər öncə Almaniya kansleri Angela Merkel deyirdi ki, Avropa İttifaqı bir xristian klubudur və Türkiyəni burada görmək istəmirik. Türkiyənin də bu səbəbdən adekvat addımlar atması təqdirəlayiq hesab edilməlidir.
Azər
banner

Oxşar Xəbərlər