• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

“Türkiyədəki siyasi düşərgə Müsavatı tanımır”

04.02.14 10:58 1641
“Türkiyədəki siyasi düşərgə Müsavatı tanımır”
Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) sədri Hürrü Əliyev bu yaxınlarda Türkiyə Cümhuriyyətində səfərdə olub. Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıncdaroğlu, eləcə də digər siyasi təşkilat rəhbərləri ilə bir sıra görüşlər keçirib. Qurultay öncəsi AMACP sədrinin qardaş ölkəyə getməsi, orada kimlərlə görüşməsi, türk cəmiyyətinin Azərbaycan müxalifəti haqqında rəyi, Milli Şuranın düşdüyü durum və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını H.Əliyev cavablandırır.
- Hürrü bəy, Türkiyəyə səfərinizin məqsədi nə idi, orada kimlərlə görüşdünüz, nələri müzakirə etdiniz?
- Sözsüz ki, Əbülfəz Elçibəyin dönəmindən Türkiyə ilə bağlantılarımız var idi. Təşkilatımızı yaradandan sonra bu bağlantılardan istifadə edib Türkiyəyə tanışlıq məqsədli səfərimiz oldu. Türkiyə siyasi dairələri ilə tanış olduq, əlaqələrimizi bir az da genişləndirdik. İkinci səfərimiz isə rayon təşkilatlarımızı yaratdığımız bir ərəfəyə təsadüf etdi. Qərara aldıq ki, dost-qardaş ölkəyə qurultay öncəsi yenidən gedək. Orada gözlədiyimizdən də artıq səviyyədə qarşılandıq. Həm siyasi partiya və dərnəklər, həm də cəmiyyətin digər üzvləri səviyyəsində özümüzə qarşı xoş münasibəti gördük. Bir sıra təşkilatlarda olduq. Demokratik Sol Partiyasından başlamış Cümhuriyyət Xalq Partiyasına qədər ən yüksək səviyyədə görüşlərimiz oldu. Onunla ölkələrimiz arasındakı dostluq, qardaşlıq əlaqələrini müzakirə etdik. Səfər çərçivəsində təşkilat üzvlərimizlə birlikdə Cümhuriyyət Xalq Partiyasının Ankara Böyükşəhər adayı Mansur Yavası seçim bürosunda ziyarət etdik, ona uğurlar arzuladıq. CXP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu ilə görüşümüz də yaddaqalan oldu. Həmçinin, Demokratik Sol Partiyanın mərkəzi qərargahında təşkilatın sədri Masum Türkərlə də görüşdük. Azərbaycan və Türkiyə qardaşlığı barədə səmimi müzakirələr apardıq. Onu da qeyd edim ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəylə DSP qurucusu Bülənt Ecevitin dostluq əlaqələri olub. Görüşdə bu əlaqələr, bəylə bağlı xatirələr də dilə gəldi, Türkər mərhum prezidentin onlar üçün önəmli şəxsiyyət olduğunu vurğuladı, partiyasının ona heyranlıq bəslədiyini dedi. Bundan başqa, Türkiyənin ana müxalifət lideri Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu bizi qərargahında növbəti dəfə qəbul etdi. Əvvəl geniş heyətlə başlayan görüş daha sonra təkbətək davam elədi. İkilikdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələlərini müzakirə etdik, CXP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı razılıq əldə etdik.
- Bundan əvvəl Türkiyəyə gedəndə bildirmişdiniz ki, ənənəvi müxalifətdən səfərinizə mane olmaq istəyənlər olub. Bəs, bu dəfə necə, hər hansı maneə ilə üzləşmədiniz ki?
- Həm səfərdən öncə Azərbaycan daxilində, eləcə də buradakı bəzi qüvvələrin Türkiyədəki uzantıları bizim səfərimizi əngəlləmək üçün hər vasitəyə əl atdılar. Ancaq alınmadı. Hətta bizə təzyiqlər də göstərirdilər. Bunun da səbəbi aydındır. Çünki ənənəvi müxalifətin Türkiyə ilə bağlı az-çox əlaqəsi Əbülfəz Elçibəy vasitəsilə qurulub. O zaman bəzi insanlar Türkiyəyə getdilər və ideya üçün deyil, şəxsi mənfəətləri üçün çalışmağa başladılar. Onlardan bəziləri geri qayıdarkən isə Türkiyə ilə hər hansı bağlantılar yaratmadılar. Belələri bizim səfərimizi əngəlləmək üçün əllərindən gələni etdilər. Lakin biz getdik və Türkiyə ilə, oradakı siyasi düşərgə ilə bağlantılar yaratdıq. Türkiyədə olarkən AXCP ilə Müsavat kimi qüvvələrin heç də onların düşündükləri kimi ümumilikdə Azərbaycan müxalifətinin, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy yolunun daşıyıcıları adından danışmadıqlarını bir daha izah etdik. Bəyan etdik ki, radikal qüvvələrin söylədiklərinin əksinə olaraq, Azərbaycan dövlətinin Əbülfəz Elçibəyə, onun ailəsinə böyük sayqısı var.
- Qardaş Türkiyədə Azərbaycan müxalifətin indiki durumu ilə bağlı ümumi rəy necədir?
- Əbülfəz Elçibəydən sonra yeganə olaraq biz, bizim siyasi təşkilat Türkiyədə yüksək səviyyədə qarşılandı. Siyasi düşərgədə çox böyük görüşlər keçirdik. İnandırıram sizi ki, Türkiyədəki siyasi düşərgə Müsavatı tanımır. Onlar heç bilmirlər ki, bu partiya kimə məxsusdur, sədri kimdir. Belə bir vəziyyətdə hansısa rəydən danışmağa dəyməz. Amma onu deyə bilərəm ki, Türkiyədəki siyasi dairələrlə münasibətlərimizi daha da yaxşılaşdırmağımız həm ölkəmizə, həm də millətimizə xeyirlidir. Türkiyə-Azərbaycan əlaqələri, türkçülük bizim ana xəttimizdir. Yaxın gələcəkdə Türkiyəyə növbəti səfərimiz də olacaq. Ardınca Kuzey Kıbrıs Türk Cümhuriyyətinə gedəcəyik, burada dövlət rəsmiləri ilə görüşlər keçirəcəyik. Mart ayının sonunda isə Almaniyaya gedəcəyik. Orada Bundestaqın üzvləri ilə görüşlərimiz nəzərdə tutulub. Bu, bizim xarici siyasi xəttimizdir. Daxili siyasətimizlə bağlı isə deyim ki, mart ayında qurultayımızı möhtəşəm şəkildə keçirəcəyik. Bu gün pərakəndə düşmüş milli qüvvələri, radikal müxalifətdən, Milli Şuradan bezmiş insanları, əsl vətənpərvərləri ətrafımıza toplayacağıq. Azərbaycanda bu gün iki siyasi sistem var. Əgər biz millətimizi, torpaqlarımızı, Qarabağımızı qurtarmaq istəyiriksə, bu iki sistemin uzlaşmasına nail olmalıyıq. Problemlərimizin həlli üçün müxalifətlə iqtidarın uzlaşması, bir arada olması qaçılmazdır. Bundan kənarda uşaq siyasəti yürüdənlər, yalnız hər şeyi bərbad etməklə məşğuldurlar. Belələrini isə ölkədən kənarda da ciddi siyasi qurum kimi qəbul etmirlər.
- Milli Şurada baş verən son prosesləri necə qiymətləndirirsiniz?
- Mən bundan əvvəlki açıqlamalarımda da qeyd eləmişdim ki, Milli Şura ümumilikdə Azərbaycan müxalifətinin birliyi deyil. Orada şəxsi, qrup, partiya maraqları olan, bir-birinə zidd olan insanlar toplaşmışdı. Sonda da maraqlar toqquşduğundan, Milli Şura iflasa uğradı. Mən 25 il Əbülfəz Elçibəyin yanında böyüyən bir adamam. Bilirəm ki, kim kimdir, nədir, hansı mənsəbə qulluq edir. Xalq və millət üçün kimin səmimi mübarizə apardığını da yaxşı bilirəm. Bu gün özlərini demokratik qüvvə sayıb meydana atılanların 20 ildir ki, eyni ittihamlarla, eyni sözlərlə xalqı necə aldatdığının şahidiyik. Onlara əks arqumenti dinləmək, güzəştə getmək, gəncliyə yol vermək, yeni təfəkkürün, yeni düşüncənin qarşısını açmaq səriştəsi yaddır. Ona görə də nə AXCP və Müsavat rəhbərliyinin, nə də Milli Şuradakı digər adamların Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy adından yararlanmağa, onların yolundan danışmağa haqları yoxdur. 20 ildir xalqı aldadan bu radikallar Əbülfəz Elçibəy ideologiyasına, amalına xidmət etməyiblər. Yalnız şəxsi amallar uğrunda savaş aparıblar. Şəxsən mən bu gün Rəhim Qazıyevlə İsa Qəmbər və Əli Kərimli arasında heç bir fərq görmürəm. Hər üçü Əbülfəz Elçibəyə, onun yoluna xəyanət edənlərdir. Bizə belə gədə-güdələr lazım deyil. İndiki məqamda bizə konstruktiv, hadisələrə real gözlə baxan, milli və dövlət maraqlarını hər zaman üstün tutan qüvvələr lazımdır. Həm Müsavatda, həm də AXCP-də belə adamlar da yox deyil. Biz onları da öz ətrafımıza toplayıb yeni qüvvə kimi meydana çıxacağıq.
- Milli Şuranın tamamilə yeni tərkibdə meydana çıxması, gələcəkdə cəmiyyətdə müəyyən mövqe tutması mümkündürmü?
- Mən nəinki Milli Şuranı, ayrılıqda heç AXCP və Müsavatı da real qüvvə kimi görmürəm. Onların bundan sonra cəmiyyətin hər hansı təbəqəsinin dəstəyini qazanmaq, arxalarınca aparmaq şansları yoxdur. İnsanlara verəcəkləri vədləri, deyəcəkləri doğru-düzgün sözləri yoxdur. İstər birlikdə, istərsə də ayrılıqda insanlara nə deyəcəklər ki? Birlikdə Milli Şurada nəyə qadir olduqlarını nümayiş etdirdilər. Seçkini uduzdular, əvvəlcədən deyildiyi kimi, xalqın geniş kütləsi onları dəstəkləmədi. İndi yenidən birləşməyin nə mənası? İndiki dövr o dövr və zaman deyil.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər