Türkiyədəki ermənilər geri qayıdırlar
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Türkiyədə
Ermənistanın qeyri-qanuni şəkildə 100 min vətəndaşının olduğunu bir neçə dəfə səsləndirib.
Ərdoğan onu da qeyd edib ki, həmin ermənilər qeyri-qanuni Türkiyədə işləsələr də,
onları ölkədən çıxarmırlar. Ancaq Ərdoğan onu da sözlərinə əlavə edirdi ki,
Ankaranın istənilən an həmin erməniləri Türkiyədən çıxarmaq hüququ var.
Ermənistanda dəyişən hakimiyyətlər heç zaman ermənilərin
düşmən adlandırdıqları Türkiyədə işlədiklərini və qazandıqları pulları evlərinə
göndərdiklərini etiraf etməyiblər. Çünki necə deyəsən ki, bir tərəfdən Türkiyə
düşməndir, digər tərəfdən vətəndaşların ailələrini dolandırmaq üçün həmin ölkəyə
işləməyə gedirlər.
Ancaq koronavirus Ermənistan hakimiyyətini bu məsələdə
də pis vəziyyətdə qoyub. Türkiyədə qanunsuz işləyən ermənilərin bir qismi
koronavirusun yayılması səbəbindən Ermənistana qayıtmaq məcburiyyətində
qalıblar. Erməni jurnalistlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna
Naqdalyana konkret sual ünvanlayıblar: "Ermənistanla
Türkiyə arasında sərhədlər bağlı olduğu və iki ölkə arasında diplomatik münasibətlərin
olmadığı halda, necə olub ki, Ermənistan vətəndaşları Türkiyədən geri qayıda
biliblər?”
Sualın cavabənda Anna Naqdalyan iki etiraf etmək məcburiyəyətində
qalıb.
Birincisi, o deyib ki, Ermənistan hakimiyyəti müxtəlif ölkələrdəki
vətəndaşlarını geri qaytarmaq üçün çalışmalarını davam etdirir, yəni söhbət həm
də Türkiyədən gedir.
İkincisi, Ermənistan XİN mətbuat katibi Türkiyədəki ermənilərin
geri qayıtmasını söyləməsi düşmən adlandırdıqları ölkədə ermənilərin işlədiyinin
etirafıdır.
Bu arada, Türkiyə Cumhurbaşqanı İstanbuldakı erməni
patriki ilə telefonla danışıb. Erməni patriki daha sonra deyib ki,
koronavirusla mübarizədə Türkiyə Ermənistana yardım edə bilər. Erməni patriki
Türkiyənin Ermənistana dərman göndərə biləcəyini deyib. Rəsmi İrəvan Ankaranın
təklifini qəbul etməyəcək. Əks halda Ermənistan Türkiyəyə tarixi düşmənçiliyini
yumşaltmalı olacaq. Ermənistan hakimiyyəti və cəmiyyəti buna hazır deyillər.
Ermənistanda və Dağlıq Qarabağda koronavirusa
yoluxanların sayı artır. Koronavirusun yayılmasıyla Ermənistanda və Dağlıq
Qarabağda iqtisadi və sosial problemlərin miqyası da genişlənir. Sərhədlər
qapalı, iqtisadiyyat iflic olub, vəziyyətdən çıxmaq üçün maliyyə resursları
yoxdur. Bu problemləri həll etmək üçün Ermənistanın və Dağlıq Qarabağ
separatçılarının maliyyə inaələrinə ehtiyacları var. İndiki şəraitdə Ermənistana
heç bir dövlət və beynəlxalq təşkilat milyardlarla dollar və ya avro
ayırmayacaq. Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistana
satdığı qazın qiymətindən də narazıdır. Təsadüfi deyil ki, o bir neçə gün əvvəl
Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək Rusiyanın bu ölkələrə
satdığın qazın baha olmasından şikayət edib.
Elxan ŞAHİNOĞLU
"Atlas”
Araşdırmalar Mərkəzi