• cümə, 29 Mart, 11:37
  • Baku Bakı 5°C

Türkiyədə yeni Konstitusiya ilə bağlı hazırlıq işlər başa çatıb

25.10.16 13:13 876
Türkiyədə yeni Konstitusiya ilə bağlı hazırlıq işlər başa çatıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin siyasi sisteminin dəyişdirilməsini nəzərdə tutan yeni Konstitusiya layihəsini hazırlayıb başa çatdırıb. Ölkənin prezident üsul-idarəsinə keçidini nəzərdə tutan layihə barədə Qərb nəşrlərinə ilk olaraq baş nazir Binəli Yıldırım məlumat verib. "Biz yeni Konstitusiya və prezidentlik sistemi ilə bağlı işləri başa çatdırmışıq. İndi təkliflərimizi müzakirə və müvafiq qərar qəbul etməsi üçün parlamentə göndərəcəyik”, - deyə baş nazir vurğulayıb. "İnanırıq ki, Məclis bu dəyişikliyi qəbul edəcək və millət də uyğun bildiyi şəkildə qərara səs verəcək. Konstitusiya dəyişikliyi əskiklikləri düzəltmək üçündür”, - deyə Yıldırım bildirib.

Yeni üsul-idarəyə keçid baş tutarsa, bu, prezident Rəcəb Tayyib Ərdoğana əlavə səlahiyyətlər vermiş olacaq. Yeni layihə ilə bağı müzakirələr çoxdan bəri idi ki, davam edirdi. İyulda baş verən uğursuz hərbi qiyam isə bununla bağlı məsələləri sürətləndirib. Qiyamdan sonra məsələ ilə bağlı hakimiyyət müxalifət partiyaları ilə də danışıqlar aparıb. Onların iştirakı ilə komissiya da yaradılıb.Məlumata görə, komissiyada hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası yer alıb. Komissiyada CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə millət vəkili Mehmet Parsak təmsil edir.

Çevriliş təhlükəsi sovuşduqdan bir müddət sonra prezident "köhnə Türkiyə keçmişdə qalır və Türkiyəyə yeni Konstitusiya lazımdır” bəyanatı ilə çıxış edib. Onun sözlərinə görə, yeni Konstitusiya Türkiyə prezidentinə geniş səlahiyyət verə bilər, hazırda isə prezident vəzifəsi daha çox simvolik səciyyə daşıyır. Hazırda Türkiyədə 1980-ci il hərbi çevrilişindən sonra qəbul olunan 1982-ci il Konstitusiyası qüvvədədir. Oktyabrın əvvəlində parlamentin yeni çağırış iclasında çıxış edən prezident bəyan etmişdi ki, maksimal dərəcədə yeni Konstitusiyanın qəbulunu tezləşdirmək gərəkdir. Yeni Konstitusiyanı qəbulu üçün hakim partiyaya 367 səs lazımdır. 550 yerlik parlamentdə isə AKP 317 mandata sahibdir. MHP lideri Dövlət Bağçalı bu günlərdə yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsinə qarşı olmadıqlarını bildirib. Qeyd edək ki, MHP-nin parlamentdəki deputat sayı 40-dır. Yerdə qalan iki partiya - CHP və kürdpərəst HDP-yə gəldikdə - onlar Türkiyədə parlament üsul-idarəsinin prezidentliklə əvəzlənməsinə qarşı çıxırlar. Onlar prezidenti ölkədə təkhakimiyyətlilik qurmaq cəhdində günahlandırırlar. Əgər qanun layihəsinə deputatların ən azı 330-u, 367-dən az deputat səs verərsə, onda məsələ referenduma çıxarılacaq.

Yeri gəlmişkən, Türkiyənin rəsmi şəxsləri bir neçə dəfə bəyan ediblər ki, referendum gələn il baş tuta bilər."Türkiyə prezident idarəçilik formasına keçmək üçün referenduma gedə bilər”. Bu barədə hakim AKP-nin sədr müavini Hayati Yazıçı açıqlama verib. Onun sözlərinə görə, yeni Konstitusiya ilə bağlı təklif yanvarda Məclisə təqdim oluna bilər: "Konstitusiyanın yeni layihəsi ilə bağlı işlər başa çatıb. 12-15 bənd üzrə dəyişikliklərə parlamentdə qışın ortasında baxıla bilər, referendum isə apreldə baş tuta bilər”.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da prezident üsul-idarəsinə keçid üçün ölkədə referendum keçiriləcəyini açıqlayıb. Nazir bunun üçün MHP ilə danışıqlar aparıldığını deyib: "AKP MHP ilə anlaşarsa, referendum 2017-ci ilin əvvəlində keçiriləcək. Cənab Baxçalının çıxışını canlı izlədim. Belə başa düşdüm ki, Baxçalı prezident idarəçiliyinin parlamentdə müzakirə olunmasını istəyir. Deməli, 330 millət vəkili səs versə, referendum olacaq. Xalq "yox” desə, bu məsələni birdəfəlik bağlayacağıq”.
Azər

banner

Oxşar Xəbərlər