• çərşənbə axşamı, 23 aprel, 14:54
  • Baku Bakı 24°C

Türkiyədə yaşayan erməni əsilli iqtisadçı soydaşlarını necə şoka saldı?

25.07.18 15:35 605
Türkiyədə yaşayan erməni əsilli iqtisadçı soydaşlarını necə şoka saldı?
Ermənistanın baş naziri Nikol Paşinyanın qısa zaman kəsiyində ölkə iqtisadiyyatını dirçəldəcəyi, korrupsiyanın kökünü kəsəcəyi barədə verdiyi vədlər, deyəsən, elə arzu olaraq qalacaq. İnqilabdan üç ay keçsə də, ortada heç nə yoxdur. Əvəzində populist bəyanatlar və boşboğazlıqlarla dolu bəyanatlar var. Əhali isə artıq bunlara dözmək istəmir.
Onlar yeni hökuməti, verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar. Məsələn, başıbəlalı "Nairit” müəssisəsinin işçiləri növbəti dəfə etiraz aksiyasına qalxıblar. 7 aylıq əmək haqlarını yeni hökumətdən tələb edən işçilər, Paşinyan hökumətini onları aldatmaqda ittiham edib. Yeri gəlmişkən, baş nazir hakimiyyətə gələrkən üzünü xaricdəki varlı və imkanlı ermənilərə tutaraq, Ermənistanın düşdüyü ağır iqtisadi durumdan çıxmaq üçün yardım istəmişdi. Və bu cavab da özünü çox gözlətməyib. Ermənistanın nüfuzlu "Jamanak” qəzeti belə bir xəbər yayıb ki, dünyaca məşhur erməni əsilli iqtisadçı Taron Əcəmoğlu Ermənistan iqtisadiyyatının bərpası və inkişaf etdirilməsinə kömək etmək qərarına gəlib. Lakin buna, heç də vətənpərvərlikdən deyil, maddi baxımdan razılıq verib. Türkiyədə yaşayan iqtisadçı öz əməyini nə az, nə çox, düz 300 min dollar müqabilində qiymətləndirib. Yəni ermənilərə demək istəyib ki, ölkənin taleyi onu da dərindən narahat edir, amma əsas məsələ bu əməyinin necə qiymətləndirilməsidir. Bununla da erməni mediasının tənqidlərinə tuş gəlib. Məsələn, "1in.am” saytı yazır ki, görəsən Ermənistan hakimiyyəti iqtisadçıya vermək üçün bu pulu hardan tapacaq – büdcə vəsaitləri və yaxud digər mənbələrin hesabına? Lakin sayt yazır ki, bunlar məsələnin başqa tərəfidir. Əhəmiyyətli olan əvvəllər də, elə indi də faktiki olaraq davam edən yanaşmadır – nüfuzlu ermənilərə, diaspora, xilasedicilər və digərlərinə müraciət edilməsi tendensiyası. Ölkənin inkişaf məsələləri ilə bağlı onlardan yardım istənilməsi tendensiyası davam edir. "Konkret olaraq Taron Əcəmoğlunu götürək - bu şəxs dünyaca məşhur iqtisadçıdır, çoxsaylı kitab müəllifidir. Lakin bu şəxs Ermənistanı tanımır, buranın ab-havasını bilmir. Buradakı durumu, eləcə də, buradakı ictimai-siyasi, iqtisadi reallıqlardan xəbərsizdir. Onun nəzəri bilikləri və məlumatları kifayət etmir. Bu səbəbdən də Ermənistanı bilməyən, onun problemlərindən xəbərsiz birisi iqtisadiyyatı dirçəldə bilməz”, - deyə müəllif yazır. Və bu qənaətə gəlinir ki, inkişaf potensialı, ölkənin iqtisadi inkişafı elə ölkənin özündədir. Ölkənin kiçik, orta və iri biznesmenlərinə müraciət edilməsini məqbul sayan məqalə müəllifi, xaricdən cəlb edilən iqtisadçıların heç nəyə nail olmayacaqları qənaətindədir.
Ermənistanın daxilindəki iş adamları, biznesmenlər korrupsiya və rüşvət üzərində nəyəsə nail olublar, eləcə də, bu illər ərzində bir-birini əvəzləyən repressiv hakimiyyətləri yaşayıblar. Yəni, Ermənistana yaxşı, pis bələddirlər. Müəllif yazır ki, iqtisadiyyatın inkişaf etdirilməsi üçün iqtisadi prioritetlərə əsaslanan strateji konsepsiya işlənib hazırlanmalıdır. Müəllif xüsusi qeyd edir ki, bu hallar Ermənistanda mövcud deyil. Mövcud hakimiyyət yeni də olsa, perspektivdə nəyəsə nail olacağı üçün resursları yoxdur. Ümid Qərbə idi, lakin o da Paşinyanın ümidlərini puça endirdi. Sözsüz ki, Ermənistan üçün çıxış yollarından biri işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsidir. Bu həqiqətdir ki, ermənilər üçün bu torpaqlar ziyandan başqa heç bir xeyir gətirməyib. Bu illər ərzində qlobal əhəmiyyətli enerji, infrastruktur layihələrindən, milyardlarla dollarlardan məhrum oldular və sadə erməni insanı da bunu gözəl anlayır. Lakin gec də deyil. Yeni rəhbərlik isə hələ də vəziyyətdən çıxış yolunu populist bəyanatlar səsləndirməkdə görür. Bu da ona Sarkisyanın taleyini yaşada bilər.
Saytda dərc olunan materialda bu fikirlər əks olunmasa da, hər halda həqiqət budur ki, ermənilər 20 ildən artıq işğal siyasəti ilə çox şey itiriblər. Gün gələcək ki, erməni xalqı bunun hesabını öz rəhbərlərindən tələb edəcək. Materialda xüsusi qeyd edilir ki, iqtisadi siyasətin əsasını korrupsiya ilə mübarizə, ədalətli məhkəmə sistemi təşkil edir. Bu fikri baş nazir Nikol Paşinyan da bəyan edib. Lakin bu mübarizə sisteminin necə və nə cür olacağını heç özü də bilmir. Maraqlı olan odur ki, yeni hakimiyyət büdcə və iqtisadiyyatı bərpa etmək üçün özünəməxsus metoda əl atıb. Korrupsiya ilə milyonlar əldə etmiş şəxslərdən vəsaitləri zorla qoparmaq.
Lakin elə erməni iqtisadçıları da bu yolun düzgün olmadığı qənaətindədirlər. Əldə ediləcək vəsait o qədər cüzi olacaq ki, nəinki iqtisadi problemləri həll etməyə, hətta xırda işləri görməyə belə bəs etməz. Səbəb də odur ki, onlar çoxdan mənimsədikləri vəsaitləri xaricə daşıyıblar. Digər tərəfdən, bu mənbə də bir gün tükənəcək. Korrupsiya ilə mübarizə adı altında bu vəsaiti toplamaq mümkün olmayacaq. Ölkədə mövcud olan 20 illik korrupsiya sxemi Ermənistanı bərbad günə qoyub. Vəsaitlərin böyük bir qismi korrupsioner məmurlar tərəfindən ölkədən çıxarılıb. Məqalədə daha sonra vurğulanır ki, maliyyə və bank sistemində radikal islahatlar aparılmadan iqtisadiyyatda uzunmüddətli və perspektivli inkişafa nail olmaq mümkün deyil. Hətta bu inkişaf proqramlarını Karl Marks və Con Neş yazsa belə. O ki qaldı ədalətli məhkəmə sisteminə - bundan heç danışmağa dəyməz. Hakim korpusunun əksəriyyəti Sarkisyan rejiminin məhsullarıdır, rüşvət və korrupsiyaya bulaşıblar. Onları dəyişmək üçün isə zaman gərəkdir. Bir sözlə, müəllif ölkənin iqtisadi inkişaf perspektivlərinin dumanlı olduğu qənaətinə gəlir.
Müəllifin sonda gəldiyi qənaət maraqlıdır. Onun qənaətincə, erməni diasporunun Əcəmoğlu kimi üzvlərinə pul ödənilməsi - bütün əzab və məhrumiyyətlərə baxmayaraq, ölkədə qalan erməni vətəndaşları üçün təhqirdir. "Onlar Tarem Əcəmoğlu kimi, ölkəsini tərk edib bahalı təhsil müəssisələrində oxumağa getməyib, ölkələrində qalmağa üstünlük veriblər”, - deyə müəllif fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər