• cümə, 29 Mart, 13:34
  • Baku Bakı 14°C

Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib

16.12.18 19:30 545
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İstanbulda "Türkiyədə yaşayan azərbaycanlılarla görüş: planlar və perspektivlər” mövzusunda görüş keçirilib.
Dövlət KomitəsindənAZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyədə yaşayan azərbaycanlılar, Türkiyənin rəsmi şəxsləri, bu ölkənin universitetlərindən məzun olmuş və hazırda təhsil alan azərbaycanlı gənclər, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, fəalları, nüfuzlu azərbaycanlı iş adamları, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgiyə baxış keçirilib. Görüş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev 2019-cu və növbəti illər üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı məlumat verib. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə yaşayan soydaşlarımızın sosial müdafiəsinin təmin edilməsi, hüquq və azadlıqlarının qorunması, onların yerli cəmiyyətə inteqrasiyasının Dövlət Komitəsinin prioritetlərini təşkil etməklə yanaşı, bu istiqamətdə müasir dövrün çağırışlarına uyğun fəaliyyətinin təşkil etdiyini diqqətə çatdırıb. Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyini qeyd edib. Görüşün də soydaşlarımız arasında birlik və həmrəyliyin, diaspor təşkilatlarının birgə fəaliyyətinin təmin olunması, Türkiyədə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə keçirildiyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli 2018-cu ilin yekunları barədə, komitə tərəfindən son dövrlər görülmüş işlər, eləcə də dünya azərbaycanlılarının virtual birliyinə nail olmaq məqsədi ilə İKT vasitəsilə icra edilmiş layihələr haqqında danışıb.
Türkiyə Respublikası Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin şöbə müdiri Murat Kazancı çıxışında Dövlət Komitəsi ilə təmsil etdiyi qurum arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, iki qurum arasında diaspor siyasətinə dair anlaşma memorandumunun imzalanmasını xatırladıb. M.Kazancı Türk Şurası ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə bir çox iri layihələrin icra ediləcəyini bildirib. Bununla yanaşı, Azərbaycan və türk diaspor təşkilatlarının, o cümlədən türkdilli diasporların ortaq maraq və məqsədlər baxımından beynəlxalq platformalarda birgə çıxış etmələrinin təşviq edilməsi sahəsində də konkret addımların atıldığını və bunun daim davam etdiriləcəyini bildirib.
Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Başar Kömür və Bilkənt Universitetinin Nanotexnologiya Araşdırma Mərkəzinin baş məsləhətçisi, professor Əmrulla Məmmədov diaspor hərəkatının inkişaf etdirilməsi üçün müasir dövrün elmi nailiyyətlərinin, İKT imkanlarından geniş istifadə etməyin, ziyalıların, alimlərin bu sahədə fəaliyyət göstərən ekspertlərin cəlb olunmasının və Azərbaycan diasporunu akademik səviyyədə fəaliyyətinin vacibliyini qeyd edib.
Türkiyənin Giresun Universitetinin sabiq rektoru, professor Aygün Attar isə görüşün azərbaycanlıları narahat edən problemlərin və onları maraqlandıran məsələlərin öyrənilməsi, onların arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımdan əhəmiyyətindən danışıb.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Süver isə Azərbaycan-Türkiyə münasibətlərinə toxunarkən hər iki ölkə arasında bütün sahələrdə yüksək əməkdaşlığın olduğunu qeyd edib.
Türkiyə parlamentinin 24-cü çağırış deputatı, Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) qurucusu və sədri Sinan Oğan çıxışında əsasən Türkiyədəki Azərbaycan və türk diaspor təşkilatların yerli və beynəlxalq mediada müntəzəm çıxışlarını, beynəlxalq təşkilatlarla əməkdaşlıq və gənclərin sosial şəbəkələrdə hər iki ölkənin maraqlarını müdafiə etməsinin vacibliyini vurğulayıb.
Milliyyətçi Hərəkat Partiyasının İğdır Bələdiyyəsinə namizədi, əslən azərbaycanlı İsa Yaşar Təzəl 2019-cu ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etdiyini və gələcək ictimai-siyasi fəaliyyətində daim Azərbaycan və Türkiyə münasibətlərini və bu ölkədə yaşayan azərbaycanlıların problemlərini diqqətdə saxlayacağını bildirib.
Daha sonra diaspor təşkilatlarının rəhbərləri və digər iştirakçılar müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflərdən biri də Türkiyədəki diaspor təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin edilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması ilə bağlı olub. Bununla bağlı işçi qrupu yaradılıb və Şuranın fəaliyyətini tənzimləyəcək sənədləşmə işlərinin həyata keçirilməsi qrupa həvalə olunub.

banner

Oxşar Xəbərlər