• cümə axşamı, 18 aprel, 12:44
  • Baku Bakı 22°C

Türkiyədə təhsil alan tələbələrimiz “Sabah” qəzetinə etiraz ediblər

14.05.14 16:13 1029
Türkiyədə təhsil alan tələbələrimiz “Sabah” qəzetinə etiraz ediblər
Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) sədri Rəşad Abdullayev Türkiyənin Sabah qəzetində “Çırpınırdı Qara dəniz” əsərinin erməni şair Sayat Novaya məxsus olduğunu bildirən “Ermeni Vatandaşlara Sayat Nova Müjdesi” adlı məqalədən təəssüfləndiyini bildirib.
Gün.Az-ın verdiyi xəbərə əsasən, Rəşad Abdullayev təəssüflə qeyd edib ki, ötən həftə Türkiyənin “Sabah” qəzetində "Çırpınırdı Qara dəniz" mahnısının erməni əsəri olduğunu ifadə edən məqalə nəşr olundu.
“Məqalədə xəbər verilir ki, yeni qərara əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi erməni şair Səyat Novanın əsərlərini həm erməni, həm də türk dilində çap edəcəkdir. Lakin əsas məsələ xəbər deyil, Azərbaycanın məşhur şairi Əhməd Cavadın 1914-cü ildə yazdığı “Çırpınırdı Qara dəniz” şeirinə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1918-ci ildə musiqi bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının erməni şairin adına çıxılmasıdır”, - o deyib.
R.Abdullayev xatırladıb ki, ermənilər illər boyunca Azərbaycanın mədəni irsini müxtəlif ölkələrdə öz mədəniyyətləri kimi təqdim edirlər.
“Təəssüf ki, qardaş Türkiyədə də eyni vəziyyətlə qarşılaşırıq. Qafqaz İslam Ordusu Bakını 15 sentyabrda bolşevik-daşnak işğalçılarından azad etdikdən sonra Üzeyir Hacıbəyov bu əsəri 1918-ci ildə Nuru Paşaya və Osmanlı dövlətinin əsgərlərinə ithaf edir. “Çırpınırdı Qara dəniz” mahnısının erməni şairə məxsus olduğunu iddia etmək nəinki Azərbaycana, eyni zamanda Azərbaycan üçün vuruşmuş şəhidlərin ruhuna hörmətsizlikdir.
Biz AzeDer olaraq belə halların baş verməməsi üçün Türkiyədə, o cümlədən bir sıra başqa ölkələrdə Azərbaycanın daha yaxından tanıdılmasına xidmət edirik. Bir neçə ay əvvəl AzeDer-in təşkilatçılığı ilə Çexiyanın paytaxtı Praqada Muğam və Klassik Simfonik musiqinin sintezindən ibarət konsert təşkil edildi, Bahçeşehir universitetində keçirilən “Azərbaycan Günləri” tədbirinə dəstək verildi. Ümid edirik ki, gələcək fəaliyyətimiz insanların məlumatlanmasına səbəb olacaq və bu halların təkrarlanmasının qarşısını alacaqdır”.
Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr də məsələ ilə bağlı öz mövqelərini bildiriblər.
İstanbul Universiteti, Ədəbiyyat fakültəsinin tələbəsi Şükran Qarayev sosial şəbəkədə Azərbaycan mahnısının erməni mahnısı kimi qələmə verilməsinə öz etirazını bildirmişdir:
“Himnimizin müəllifi, Qara dənizin sevdalısı,Vətən sevgili şairimiz Əhməd Cavadın qələmə aldığı və Türk dünyasının himni halına gəlmiş bir şeirin bu gün hansısa bir sözdə erməni şairin adına çıxarılması, Əhməd Cavad kimi bir dühamızın müəllifi olduğu bir əsəri türkə düşmən olan onun milli dəyərlərinə sahib çıxmaq istəyən erməni fitnəkarlarının yeni bir oyunu, yeni bir iftirasıdır”.
İstanbul Texniki Universitetinin tələbəsi Fərhad Həsənov:
“Türkiyədə təhsil aldığımız müddətdə Azərbaycan mədəniyyətini bacardığımız qədər təbliğ etməyə çalışmışıq və təəssüf ki, keçən həftə Türkiyə mətbuatında Azərbaycan musiqisinin yanlış təqdim olunması bizi təəccübləndirdi. Biz gənclər də öz növbəmizdə bu məsələyə öz etirazımızı bildirmək üçün redaksiyaya müraciət etdik”.
Hacettepe Universitetinin Biznesin Təşkili və İdarəolunması fakültəsinin tələbəsi Azər Cəfərov:
“Türkiyənin paytaxtı Ankara bildiyiniz kimi hər zaman siyasi cərəyanların mərkəzi olub və biz də burada gənclərin siyasi arenasında Azərbaycanın təbliğinə çalışmışıq. AzeDer-in də dəstəyi ilə Türkiyə mediası ilə qarşılıqlı əməkdaşlığımız da vardır. Lakin Türkiyə mediasında belə səhv məlumatın yayılması biz gəncləri təəssüf hissinə boğaraq, üzərimizə düşən təbliğatı daha aktiv şəkildə həyata keçirməyə təşviq etmişdir”.
banner

Oxşar Xəbərlər