• çərşənbə, 17 Aprel, 00:20
  • Baku Bakı 14°C

Türkiyədə Silahlı Qüvvələr Günü qeyd olunub

29.06.15 15:13 1568
Türkiyədə Silahlı Qüvvələr Günü qeyd olunub
26 iyun tarixində ölkəmizin Türkiyə Respublikasındakı Səfirliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə geniş tərkibli rəsmi qəbul həyata keçirilib. Səfirlikdən “Kaspi” qəzetinə verilən məlumata görə, tədbirdə Türkiyə Respublikasının Müdafiə Naziri İsmət Yılmaz, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini Yaşar Gülər və Türkiyə Respublikasının Hava Qüvvələri Komandanı, Ordu Generalı Akın Öztürk başda olmaqla Türkiyə Respublikası silahlı Qüvvələrinin 41 generalı, çox sayda millət vəkili, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq səfirləri və çox sayda KİV nümayəndələri iştirak ediblər.
İki qardaş ölkənin himnləri səsləndiriləndən sonra tədbir açıq elan edilib. Daga sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi Polkovnik İlyas İbrahimov çıxış edərək qonaqları salamlayıb. Ölkəmizdə ordu quruculuğunun tarixindən söz açan polkovnik ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkəmizin ordu quruculuğu prosesində yeni bir mərhələyə qədəm qoyduğunu, bu siyasətin ölkə prezidenti, Ali Baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusunun regionun ən qüdrətli ordularından birinə çevrildiyini diqqətə çatdırıb. Hərbi attaşe Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında qonaqları ətraflı şəkildə məlumatlandırıb. Türkiyə Respublikasının Müdafiə Naziri İsmət Yılmaz öz çıxışında Azərbaycanın Türkiyənin Qafqazdakı strateji müttəfiqi olduğunu qeyd edərək, hərbi sahədəki mövcud əməkdaşlığın iki ölkə arasındakı əlaqələrdə xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitlik üçün mühüm amilə çevrildiyini vurğulayıb.
Türkiyə Respublikası prezidentinin baş katibi Fahri Kasırga, İnkişaf naziri Cəvdət Yılmaz və millət vəkili Nəcdət Ünüvarın tədbirə ünvanladıqları mesajlar oxunub.
Tədbirin sonunda Azərbaycan musiqisinin sədaları altında qonaqlara ziyafət verilib.

banner

Oxşar Xəbərlər