• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

Türkiyədə onlarla Rusiya vətəndaşı saxlanılıb

11.11.17 14:45 1587
Türkiyədə onlarla Rusiya vətəndaşı saxlanılıb
İlin ən mühüm hadisələrindən biri sözsüz ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi bir mərhələyə qədəm qoyması hesab edilə bilər. Başa çatmaqda olan ildə iki ölkə prezidentləri arasında görüşlər, qarşılıqlı səfərlər görünməmiş həddə yüksəlib. Tərəflər arasında iqtisadi, siyasi, hərbi əməkdaşlıq sahəsində mühüm sazişlər imzalanıb. Bu əməkdaşlıq artıq xüsusi xidmət sahəsində əməkdaşlığı da əhatə etməyə başlayıb. Bu əməkdaşlığın nəticəsidir ki, Türkiyədə Rusiyadan olan onlarla şəxs saxlanılıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, son iki həftə ərzində yerli xüsusi xidmət orqanları 30-dan çox rusiyalını saxlayıb. Həmin məlumata əsasən, saxlanılanların hamısı Rusiyanı hakim dairələrin təzyiqi altında tərk etmiş Rusiyanın müsəlman icmasının üzvləridir. Bəzi məlumatlara görə, son ay ərzində Rusiyadan olan 80 nəfərə yaxın adam saxlanılıb. Saxlanılanların qohumları və vəkillərinin sözlərinə görə, hakimiyyət onları Türkiyənin milli təhlükəsizliyinə hədə yaratmaqda şübhəli bilir. Vəkillər deyiblər ki, müstəntiqlər saxlanılanlardan bəzilərinə onların Rusiyaya verilə biləcəyini bildiriblər. Türkiyədəki rusiyalı müsəlmanlar diasporunun nümayəndələri deyir ki, son həbslər dalğası bir aydır ki, davam edir. Çoxları bunu Moskva ilə Ankara arasında əlaqələrin yaxşılaşması ilə əlaqələndirir. Onlar hesab edir ki, Rusiyada Türkiyəyə köçmüş müsəlmanları Rusiya xüsusi xidmət orqanlarının xahişi əsasında saxlayırlar. "Bizdə olan məlumatlar güman etməyə əsas verir ki, çox vaxt saxlanmalar Rusiyadan göndərilən sorğu əsasında edilir. Moskva yazır ki, o və ya bu adam Türkiyənin milli təhlükəsizliyi üçün hədə yarada bilər. Ankara bu məlumatı yoxlamadan, göstərilən ünvanlara polis göndərir”, - Türkiyədə rusiyalı mühacirlər assosiasiyasının mətbuat katibi Salman Sever deyir. Türkiyədə yaşayan rusiyalı mühacirlərin kütləvi sürətdə saxlanması bundan əvvəl də baş verib. Əvvəllər Rusiyaya daha çox özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma ilə əlaqədə şübhəli bilinənləri deportasiya edirdilər.

Türkiyə DİN-in məlumatına görə, 2017-ci ilin iyul ayınadək silahlılara qoşulmağa cəhd etdiklərinə görə, 800-dən artıq rusiyalı deportasiya olunmuşdu. İndi isə söhbət Rusiyaya radikal ekstremistlərlə bağlı olmayanların da verilməsi mümkünlüyündən gedir. Misal üçün, 1990-2000-ci illərdə Rusiyaya qarşı döyüşlərdə iştirak edənlərin və Rusiyanın Suriyada hərəkətlərini pisləyənlərin də ekstradisiyası mümkün sayılır. Rusiya müsəlmanları diasporu təmsilçilərinin sözlərinə görə, əvvəllər Türkiyə xüsusi xidmət orqanları onları Rusiyadan gələn sifarişlər barədə xəbərdar edir və Türkiyəni növbəti polis reydi başlanana qədər tərk etməyi təklif edirdi. İndi isə vəkillərin sözlərinə görə, Şimali Qafqazdan olan saxlanılanlardan bir neçəsinə deyilib ki, onları ailələri ilə birlikdə Rusiyaya deportasiya edə bilərlər. Belə deportasiyalara hüquqi əsas verən müqavilə bu yaxınlarda qüvvəyə minib. Rusiya ilə Türkiyə arasında cinayət işləri xətti ilə hüquqi yardım və axtarılan şəxslərin verilməsi barədə saziş 2014-cü ildə imzalansa da, işləmirdi. Yalnız bu ilin iyulun 21-də iki ölkə arasında münasibətlərin yaxşılaşması fonunda həmin saziş işə salındı. "Bildiyimiz qədər, Ankara, əvvəllər saxlanılan rusiyalılar barədə məlumatı heç də həmişə Moskvaya ötürmürdü, indi isə vəziyyət dəyişib - indi hər bir saxlanılan rusiyalı barədə məlumat Moskvaya ötürülür”, - deyə Türkiyədə rusiyalı mühacirlər assosiasiyasında qeyd ediblər. Türkiyədə Rusiyadan müxtəlif səbəblərə görə köçmüş bir neçə min müsəlman yaşayır.

Türkiyənin aparıcı hökümətyönlü CETA analitik mərkəzində qeyd edirlər ki, rusiyalı müsəlmanların saxlanılmasının səbəbi siyasətlə bağlı olmaya da bilər. Türkiyədə son 1,5 il ərzində azı iki terror hücum Rusiya və digər MDB ölkələrinin təmsilçiləri tərəfindən törədilmişdi. 2016-cı il iyunun 28-də 3 nəfər - Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşları - İstanbul aeroportunda atəş açıb, sonra isə özlərini partladıblar. Hücum nəticəsində 45 nəfər həlak olub, Türkiyə bu hadisənin terror aktı olduğunu bəyan edib.

2017-ci il 1 yanvar gecəsi Özbəkistandan olan şəxs İstanbuldakı gecə klubunun qonaqlarına atəş açıb, nəticədə 39 nəfər həlak olub. CETA təhlilçilərinin qənaətinə görə, belə bir vəziyyətdə, Türkiyə xüsusi xidmətlərinin rusdilli müsəlmanların kompakt yaşadıqları rayonlarda reyd keçirməsi təəccüblü görünmür. "Ümumilikdə götürəndə, xüsusi xidmət orqanları arasında kəşfiyyat və potensial təhlükələr barədə məlumat mübadiləsi bütün dünyada normal praktika sayılır”, - CETA-nın təhlükəsizlik problemlərinin araşdırılması şöbəsinin rəhbəri Murat Yeşiltaş deyir. O, əlavə edib ki, Moskvadan sifariş gəldiyinə görə, polis kimi gəldi, tutmur, həbs aparmaq və ya deportasiya etmək üçün ciddi sübut bazası toplanmalıdır: "Digər ölkədən gələn məlumat polisə və xüsusi xidmətlərə yalnız ipucu verir. Göstərilən şəxsə nəzarət edilməyə başlanılır. Yalnız şübhələr öz təsdiqini tapandan sonra həmin adamı saxlayırlar. Ardıcıllıq bu cür olur, daha bunun əksinə yox”. Lakin Türkiyədə yaşayan rusiyalı müsəlmanları narahat edən odur ki, Ankara Rusiyaya, Türkiyə üçün təhlükə kəsb edənləri yox, Moskvanın ələ keçirmək istədiyi şəxsləri deportasiya edə bilər. Türkiyəyə köçmüş rusiyalı müsəlmanların dəqiq sayını heç kim bilmir. Ekspertlərə görə, belələri bir neçə min təşkil edə bilər, müsəlmanların özü isə hesab edir ki, onlar on minlərlədir. Suriya və İraqda mövqelərini itirib Türkiyəyə qaçan İŞİD silahlıları və tərəfdarlarının sayı az deyil. Gizlənməyə çalışan cihadçıları aşkara çıxarmaq asan olmur. Ankaraya vəziyyəti nəzarəti altında saxlamaq gərəkdir. Türkiyə DİN-nin məlumatına əsasən, Suriya və İraqdan Türkiyəyə sərhədi pozaraq keçdikləri zaman saxlanılmış xaricilər arasında rusiyalılar sayca birinci yerdədir. Odur ki, Türkiyə Rusiya xüsusi xidmət orqanlarından daxil olan məlumatlara diqqətlə yanaşır. Beləliklə, gəlinən qənaət budur ki, iki ölkə arasında münasibətlərdə hər hansı bir problem qalmayıb və tərəflərin münasibətləri artıq strateji önəm mərhələsinə daxil olur. Hər halda, xüsusi xidmət orqanları arasında qeyd olunan əməkdaşlıq bunu deməyə əsas verir.
Azər

banner

Oxşar Xəbərlər