• cümə axşamı, 28 mart, 15:42
  • Baku Bakı 16°C

Türkiyədə ilklərə imza atan azərbaycanlı – Təhsil

16.12.14 10:15 2674
Türkiyədə ilklərə imza atan azərbaycanlı – Təhsil
“Deyirlər ki, əsgərlik kişilik məktəbidir. Məncə yanılırlar. Əsgərlik vətənə borcunu az da olsa, ödəmək üçün vasitədir. Əsl kişilik məktəbi evdən uzaqda və xaricdəki tələbəlik illəridir ki, həyatda sənə hər şeyi öyrədir. Məcbur qaldıqda, yemək bişirir, hətta qab da yuyursan. Hər kəs bu məktəbi bitirə bilmir. İnsan gərək hər şeydə öz mövqeyini, seçimini tələbəlik illərindən təyin etsin”.
Bu sözləri bizimlə söhbətində Türkiyədə təhsil alan və qardaş ölkədə ilklərə imza atan gənc müsahibimiz Elvin Əjdərli dedi. Elvin Türkiyə-Azərbaycan Qardaşlıq Platformasının təsisçi sədri və Ədalət və İnkişaf Partiyası Eskişehir Universiteti Gənclər Birliyinin Xarici əlaqələr departamentinin rəhbəridir.
Məlumat üçün bildirək ki, müsahibimiz Türkiyə tarixində universitet tələbə gənclər təşkilatında ilk xarici və azərbaycanlı tələbədir. O sözügedən universitetdə ictimai fəallığı ilə seçilərək Tələbə Gənclər Təşkilatı sədrinin xarici əlaqələr üzrə müşaviri vəzifəsinə və Fakültə Tələbə Gənclər Təşkilatı sədrliyinə layiq görülüb.
1994-cü ildə Yevlax şəhərində anadan olan E.Əjdərli 2001-2009-cu illər arası Bakı şəhəri Binəqədi rayonu 179 saylı tam orta məktəbində, 2009-2012-ci ildə Yevlax şəhər 7 saylı tam orta məktəbində təhsil alıb. Elə həmin il Türkiyənin Eskişehir şəhərində yerləşən Eskişehir Osmangazi Universitetinin İqtisadi və İdarə Elmləri Fakultəsi “İdarəetmə” kafedrasına daxil olub. 2014-cü ildən isə siyasətə yaxından marağım olduğundan eyni fakültənin “Siyasət Elmləri və Dövlət İdarəçiliyi” kafedrasında təhsilini davam etdirib. Elvin eyni zamanda Anadolu Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində qiyabi təhsil alır.
“Hədəfimə çatdım”
Türkiyədəki günlərindən danışan müsahibimiz deyir ki, vətəndən uzaqda şərait nə qədər gözəl olsa da, heç nəyin dadı olmur. Həmsöhbətimiz Türkiyədə daha çox milli mətbəximiz üçün darıxıb: “Xaricdə təhsil almaq uşaqlıq arzum idi. Hələ orta məktəbdə oxuyarkən ən böyük hədəflərimdən biri təhsil alacağım hər hansısa xarici ölkədə özümü inkişaf etdirmək və ölkəmizi layiqincə təmsil etmək olub. Bu hədəfimə çatdığım üçün çox xoşbəxtəm. Amma problem ondadır ki, vətəndən uzaqda həqiqətən şərait nə qədər gözəl olursa olsun, heç nəyin dadı olmur. Türkiyəyə getdiyim ilk günlər heç nə yeyə bilmirdim. Günüm simit və sup içməklə keçirdi. Sonra yavaş-yavaş alışmağa başladım”.
Qarşısına milli-mənəvi dəyərlərimizi xaricdə tanıtmağı məqsəd qoyan müsahibimiz Türkiyədə gördüyü işlərdən də danışdı. Onun sözlərinə görə, təsis etdiyi qurum vasitəsilə milli-mənəvi dəyərlərimizi Türkiyədə təbliğ edir: “Elə bir məclis, iclas, dərs olmaz ki, orada milli-mənəvi dəyərlərimizdən, mədəniyyətimizdən, ölkəmizdə gedən uğurlu siyasətdən, ölkəmizin inkişafından danışmayım. Bu işlərə marağımın olmağı mənə o cəsarəti verdi ki, hələ birinci kursda oxuyarkən Türkiyə-Azərbaycan Qardaşlıq Platformasını təsis edim. Təşkilatımız hər il Ümummilli Lider Heydər Əliyevin anım günlərini, həmrəylik günümüzü, 20 Yanvar, Xocalı Soyqrımını və bunlarla yanaşı, bir çox milli günlərimizi qeyd edir. Azərbaycan adına buradakı uşaq və kimsəsizlər evlərinə yardımlar etmişik. Türkiyədə oxumağa gələn tələbələrimizin yerləşməsinə, ev problemlərinin həllinə dair bir çox qurumlarla görüşmüşük. Bu işdə bizə səfirimiz Faiq Bağırov və İstanbul Baş Konsulumuz Həsən Zeynalov dəstək verir”.
Tələbənin ən böyük xoşbəxtliyi...
Siyasətlə xüsusi olaraq maraqlandığın deyən müsahibimiz bildirdi ki, o bu marağı sayəsində vətən sevgisinin necə hiss olduğunu öyrənib: “Hər şey ailə tərbiyəsindən asılıdır. Mən də çalışıram, gənc yaşımdan həyatdakı mövqeyimi düzgün seçim. Ümumiyyətlə, bizim evdə siyasi söhbətlər çox müzakirə olunardı. Xüsusilə babam həmişə evdə Azərbaycanın çətin günlərindən danışardı. Heydər Əliyevin hakimiyyətə gəlməsi, xalqımızı o ağrılı günlərdən xilas etməsi babamla bizim əsas söhbətimiz idi. Bu söhbətlər nəticəsində uşaqlıqdan siyasətə marağım oyanıb. Məncə, siyasət var olanı görmək istədiyin kimi deyil, gördüyün kimi qəbul edib onun yaxşı və pis tərəfini tapmaqdır”.
Türkiyədə tələbələrə kömək etdiyi üçün onların etimadını qazanan həmsöhbətimiz xarici ölkədə Tələbə Gənclər Təşkilatının sədri olmağının çətinliklərindən də danışdı: “Tələbələrin etimadını qazandığım üçün hamısı mənə səs verib birinci etdilər. Çünki ondan öncə də müşavirlik etdiyim vaxtlarda tələbələrlə sıx əlaqədə olub onların problemlərini dinləyirdim və lazım gəldiyi yerlərdə dekanlıqlar və rektorluqla tələbələrin problemlərinin həllinə dair müzakirələr edir, onlara kömək etməyə çalışırdım. Məhz onlarla sıx əlaqədə olmağım, hər problemlərinə qaçmağım onların sevgisini qazanmağıma gətirib çıxartdı və məni özlərinə sədr təyin etdilər. Hər işin çətinliyi olur. Bəzən tələbələrin istəklərindən, tədbirlərin çoxluğundan özümə vaxt ayıra bilmirəm. Işimin müsbət tərəfi də odur ki öz yaşıdlarından seçilirsən, həmişə yeni insanlarla tanış olursan, əhatən genişlənir, diqqət mərkəzində olursan, müəllimlər tərəfindən nümunə çəkilirsən. Məncə, bu, bir tələbə üçün ən böyük xoşbəxtlikdir”.
“Türk oğlanları filmlərdəki kimi olmur”
Türkiyədə olduğu müddətdə milli mətbəximiz üçün darıxan Elvin özü yemək bişirməyi öyrənib: “Əl qabiliyyətim pis deyil. Vaxtım olduqca özümə milli mətbəximizdən yemək bişirməyə çalışıram. Düzdür, normal xanım o işi etsə, maksimum 30 dəqiqə çəkər, amma mən 1 saata, bəzən də daha çox vaxta bişirirəm. Əsas odur ki, ac qalmıram. Yeməyimə çox diqqət edirəm. Amma evlərinə ziyarət etdiyim tələbə dostlarımız var ki, əksər hallarda makaron bişirirlər. Ən gözəl süfrələri isə çoban salatı və toyuq qızarmasından ibarətdir”.
Türk tələbələrlə bizim tələbələr arasındakı fərqə gəldikdə isə, müsahibimiz deyir ki, bizim tələbələr türklərdən daha baxımlı olurlar: “Mən bir çox ölkədə olmuşam, amma bizim xanımlarımız kimi baxımlı, səliqəli və gözəl xanımlar görməmişəm. Eləcə də oğlanlarımız. Burada qızlar siqaret çəkir və çox baxımsız olurlar. Dərsə çox vaxt idman geyimində gəlirlər. Türk oğlanları isə heç də filmlərdəki kimi olmur. Əksəriyyəti yuxudan durub dərsə gəlir, saç-saqqal bir-birinə qarışır. Fakültədə bir yerdən ətir iyi və ya kabluk səsi gəlirsə, bilirəm ki, bu, azərbaycanlı xanımdır. Oğlanlarımız da səliqəli geyimləri ilə universitetdə fərqli görünürlər. Belə şeyləri gördükdə, fəxr edirəm ki, Azərbaycan gənciyəm”.
Utandım...
Həmsöhbətimiz başına gələn maraqlı hadisələrdən də danışdı. O deyir ki, dərsə təzə başlayanda belə hadisələrlə çox rastlaşıb: “Bir gün tədbirdən sonra rektorla oturub söhbət edirdik. O zaman Türkiyəyə təzə gəlmişdim. Rektor məndən işlərimin necə olduğunu, şəhərə alışa bilib bilmədiyimi soruşdu. Mən də şəhərin çox gözəl, amma qarışıq olduğunu, hər dəfə şəhərə çıxanda azdığımı bildirdim. Birdən rektorun mimikası dəyişdi. Heç nə anlamırdım. Yanında köməkçisi ona izah etdi ki, “azmaq” onların dilində “kayb olmaq” deməkdir. Sonra bildim ki, burada “azmaq” vulqar söz imiş. O zaman çox utanmışdım”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər