• cümə, 26 Aprel, 00:48
  • Baku Bakı 16°C

Türkiyədə iki ağır proses

01.08.15 10:16 1292
Türkiyədə iki ağır proses
Gündəmin əsas mövzularından biri terror təşkilatlarına qarşı mübarizədirsə, digəri partiyalar arasında koalisiya danışıqlarının aparılmasıdır
Türkiyədə gündəmin əsas mövzularından biri PKK və İŞİD terror təşkilatlarına qarşı mübarizədirsə, digəri partiyalar arasında koalisiya hökumətinin qurulması barəsində danışıqların aparılmasıdır. İyul ayının 31-də hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə parlamentdə ikinci səs çoxluğuna malik Cümhuriyyət Xalq Partiyası (CHP) arasında aparılan danışıqların üçüncü mərhələsi keçirilib. Təxminən 7 saat 40 dəqiqə ərzində davam edən müzakirələrin əsas mövzusu iqtisadi islahatlar və seçki baryeri olub.
CHP pensiyaçılara ildə 2 maaş qədər vəsaitin ayrılmasını, minimum əmək haqqı alan vətəndaşların gəlir vergisindən azad edilməsini, fermerlərə mazutun 1.5 lirəyə satılmasını və ailə sığortasına keçməyi təklif edib. Lakin AKP büdcəyə daha çox yük olacağına görə bu təklifləri qəbul etməyib. CHP nümayəndələri bunların büdcəyə sadəcə 66 milyard lirəyə başa gələcəyini qeyd edib. Amma AKP ilə CHP yeni bir təşviq və vergi islahatları, bölgələr arasında fərqlərin aradan qaldırılması, müasir memarlıq haqqında qanunun yaradılması başda olmaqla bir çox məsələlərdə razılığa gəliblər.
Buna baxmayaraq, insanlar bu iki partiya arasında koalisiya hökumətinin qurulacağına inanmırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çin səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlama da koalisiya hökumətinin qurulmayacağını və Türkiyədə yeni seçkilər keçiriləcəyini göstərir. Türkiyə prezidenti qalıcı azlıq hökumətinin qurulmasının əleyhinə olduğunu bildirib: “Lakin yeni seçkilər keçiriləcəksə, azlıq hökumətinin qurulmasının əleyhinə deyiləm. Hökumət qurmaq səlahiyyətləri olan partiya qıraqdan başqa bir partiya vasitəsi ilə dəstəklənə bilər. Lakin bununla ölkədə yeni seçkilər keçiriləcək”.
Onun sözlərinə görə, Türkiyədə baş verən son terror hadisələrinin hökumətin qurulmasına heç bir təsiri yoxdur: “Koalisiya hökumətinin qurulub-qurulmayacağını zaman göstərəcək. Amma son 20-30 ilə nəzər yetirəndə koalisiyaların ən uzun müddətinin 3.5 il olduğunu görürük. Hətta 16 ay müddətində fəaliyyət göstərən koalisiya hökumətləri də olub. Bu cür qurulan koalisiyalar ölkəmizə fayda gətirməyəcək. Sabitlik və inam olmadığı yerdə ölkəmizə yeni sərmayələr qoyulmayacaq. Bizim hakimiyyətdə olduğumuz müddətdə Türkiyəyə bir ildə 22 milyard dollar investisiya qoyulub. Lakin bizdən qabaq il ərzində ölkəmizə ən uzağı bir milyard dollar sərmayə qoyulurdu. Bir partiyanın hakimiyyətdə olmasının ən əsas müsbət cəhəti də budur. Koalisiya hökumətinin qurulmasından müsbət qərar çıxmadığı təqdirdə, milli iradəyə müraciət edəcəyik. Yalnız bununla biz hazırkı vəziyyətdən canımızı qurtara bilərik”.
R.T.Ərdoğan Türkiyədə törədilən terror hadisələrini də sərt şəkildə qınayıb. O qeyd edib ki, baş verən terror hadisələri PKK-nın əsl simasını orta qoyur: “Bu hücumların cavabı mütləq veriləcək. Diyarbəkirin Çinar qəsəbəsində bir polisimizi, Şırnakda üç əsgərimizi itirmək bizi çox üzür. Terror hadisələrini minimuma endirmək barəsində çox qərarlıyıq. Silahlı qüvvələrimizin İŞİD və PKK terror təşkilatlarına qarşı keçirdiyi əməliyyatlar da bunu göstərir”.
Türkiyə prezidenti Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəttin Dəmirtaşı terroru dəstəkləməkdə ittiham edib: “ABŞ və Avropa İttifaqının terror siyahısında olan PKK-nı sən terror təşkilatı kimi qəbul edirsənmi? Hazırda onlar Suriyada və digər bölgələrdə fəaliyyət göstərən terror qruplarını müdafiə edirlər”.
Amma HDP sədri ona ünvanlanan ittihamları qəbul etmədiyini bildirib: “Bu vəziyyətdən müzakirələrlə və danışıqlarla çıxmaq mümkündür. Müvəqqəti hökumət müharibə qərarları verə bilir. Lakin onlar barışıq qərarı verə bilmirlərmi? Gözləmək olmaz. Hətta yeni seçkilərin keçirilməsi haqqında qərar qəbul edilsə belə, biz müzakirələrin davam etdirilməsinin tərəfdarıyıq. Sülh cəsarət tələb edir. Biz hər zaman müharibənin, silahın əleyhinə olmalıyıq. Ölkəmizdə qan, göz yaşı istəmirik. Bir türk ilə kürd ananın göz yaşlarının rəngi eynidir”.
HDP sədri yeni “həll prosesi”nin başladılmasının vacib olduğunu qeyd edib: “Danışmaq təhqiredici bir proses deyil. Türkiyə cəmiyyəti olaraq hər iki tərəfə bu işin masa ətrafında həll olunacağını bildirməliyik. Belə zamanlarda demokratik siyasət kanalları sonuna qədər açıq olmalıdır. Partiya bağlamaq, deputatların toxunulmazlığını əllərindən almaq belə kanalları bağlaya bilər. Biz Allahdan başqa heç kimdən qorxmuruq. Bizim xalqımıza sülh barəsində verdiyimiz bir söz var. Yenidən silahla mübarizə aparmaq bir seçim deyil. Biz bunun əleyhinəyik. Demokratik siyasətdən başqa heç nəyə ehtiyacımız yoxdur. Bizə səs verən 6 milyon vətəndaşımızla birlikdə bu haqsızlığa qarşı mübarizə aparacağıq. Heç kim demokratiyaya mane olacaq işlər görməməlidir. Bu torpaqlar hamımızın vətənidir”.
S.Dəmirtaş CHP lideri Kamal Kılıçdaroğlu ilə də bir görüş keçirəcəyini vurğulayıb: “Bizi yox sayanlara belə, qapılarımız açıqdır. Sülh üçün hər qapıya getməyə hazırıq. Bu bizim partiyanın qərarıdır. Seçkilərdən daha çox sülh haqqında düşünməliyik”.
Qeyd edək ki, Türkiyə Prokurorluğu ötən ilin 6-8 oktyabr tarixlərində baş verən hadisələrlə əlaqədar HDP sədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi başladıb. HDP sədrinin kütləvi etiraz aksiyalarında əli olduğu bildirilir. S.Dəmirtaş Türkiyə Cəza Qanununa görə, millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma yaratmaqda ittiham edilir. Prokurorluq HDP sədrinin günahkar olduğunu müəyyən edərsə, S.Dəmirtaş deputat toxunulmazlığı statusundan məhrum edilə bilər.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər