• çərşənbə axşamı, 16 aprel, 19:27
  • Baku Bakı 18°C

Türkiyədə Hüseyn Cavidə ucaldılan söz abidəsi

15.11.13 17:14 2353
Türkiyədə Hüseyn Cavidə ucaldılan söz abidəsi
«Hüseyn Cavid elə şəxsiyyətdir ki, onun haqqında bir dəfə yazmaq, onu ildə bir dəfə xatırlamaq azdır. Bu, nəşr də imkan verir ki, Cavid yaradıcılığına, irsinə yenidən qayıdasan. Hər yazıçı yenidən çap olunursa, o, yenidən doğulur. Doğulursa, yenidən xalqa, cəmiyyətə, insanlara qayıdır. Hüseyn Cavid də «Hüseyn Cavid. Əsərləri» nəşri ilə yenidən doğuldu”.
Bu fikirlər Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü və «Kaspi» qəzeti – Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunan «Hüseyn Cavid. Əsərləri» (İlk Türkiyə nəşri. 2013) kitabının Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən təqdimat mərasimində səslənib.
Cavidşünaslıqda yeni mərhələ

«Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Hüseyn Cavid kimdir» - deyə mərasimi giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli dramaturqu Azərbaycanda öz məktəbini yaradan şəxsiyyət kimi dəyərləndirib: «Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının banisi olub. O, mənzum romantik dramaturgiya yaratmaqla ədəbiyyatda yeni bir istiqamət açdı. O, Azərbaycan şeirini bir çox janrlarla zənginləşdirib. Hüseyn Cavid eyni zamanda, fəlsəfi dramaturgiyanın da banilərindən biri olub. Hüseyn Cavid tarixə, cəmiyyətdə gedən proseslərə bir mütəfəkkir kimi yanaşaraq cəmiyyətin fəlsəfəsini yaratmağa nail olub». İ.Həbibbəyli qeyd edib ki, böyük dramaturqun «Keçmiş günlər» adlanın ilk kitabı 100 il öncə çap olunub. Bu illər ərzində isə H.Cavidin bir çox kitabları nəşr edilib: «Sağlığından etibarən Cavidin irsi Azərbaycanda bir əsrdir ki, nəşr olunur. 1913-cü ildə onun «Keçmiş günlər» adlı ilk kitabı çıxıb. 100 il keçəndən sonra isə 2013-cü ildə «Hüseyn Cavid. Əsərləri» işıq üzü görüb. Bu nəşr cavidşünaslığa gözəl hədiyyədir”. H.Cavidi Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar kimi dəyərləndirən akademik İstanbul Universitetinin və Türkiyə mühitinin onun üçün yeni məktəb olduğunu qeyd edib. Belə ki, Hüseyn Cavid Avropa romantizm ənənələrini Türkiyədən əxz edib. Sonradan onun pantürkist kimi damğalanması da onun taleyində acı yer tutur. Bu, əslində Cavid fəlsəfəsinin, mahiyyətinin varlığını müəyyən edir. Ona görə də hesab edirəm ki, bu kitab Türkiyədə Hüseyn Cavidə ucaldılan böyük abidədir». Nəşrin Azərbaycan-Türkiyə əlaqələri üçün bir körpü olduğunu qeyd edən akademik bildirib ki, ölkəmizdə 10 cildlik Türk Ədəbiyyatı Antalogiyasına, o cümlədən Türkiyədə Azərbaycan Ədəbiyyatı Antalogiyasına ehtiyac var.
Hüseyn Cavid haqqında hələ sağlığında ölkəmizdə tədqiqatların aparıldığını bildirən İ.Həbibbəyli qeyd edib ki, 37-ci ilin qurbanlarından olan Hüseyn Cavid 50-ci illərdə bəraət almasına baxmayaraq, ona ehtiyatla yanaşılıb. “Baxmayaraq ki, onu “Azərbaycan ədəbiyyatının Şekspiri” olduğunu etiraf ediblər, ehtiyatla gündəmə gətirilib. Onun əsərlərini səhnəyə az qoyurdular, kitablarını nəşr etmirdilər. Ancaq ona siyasi bəraəti ulu öndər Heydər Əliyev qazandırdı. Yalnız bundan sonra onun əsərləri nəşr olundu və səhnəyə qoyuldu, irsi araşdırıldı”. Yeni nəşr haqqında təzə tədqiqatların bundan sonra meydana çıxacağına ümid etdiyini bildirən akademik həmçinin Hüseyn Cavidin Türkiyə və Azərbaycan tərəfindən ortaq şəkildə tədqiq ediləcəyinə inamını da bildirib: «Bu kitabla cavidşünaslıqda yeni mərhələ başlayacaq». Kitabın demək olar ki, Hüseyn Cavidin əsas əsərlərini əhatə etdiyini diqqətə çatdıran institut direktoru nəşrdə dramaturqun 9 məşhur dram əsərinin, Türkiyədə olarkən yazmağa başladığı «Maral», «Uçurum», «Afət» pyeslərinin, Cavid düşüncəsini və mahiyyətini əhatə edən şeirlərindən seçmələrin, «Müharibə və ədəbiyyat» publisist yazısının və «Azər» poemasından parçaların yer aldığını bildirib. «Müəllif çevirmə zamanı ortaq türkcəyə yaxın bir yol tutub. Sanki kitabın içindəkiləri Türkiyə türkcəsində səsləndirməyi bacarıb. Orijinalın ruhu, səs, vurğu sistemi tamamilə qorunub saxlanılıb”. Akademik indiyə qədər Hüseyn Cavid irsini tədqiq edən Əkrəm Cəfər, Turan Cavid və Hüseyn Cavid muzeyinin sırasına daha bir imzanın da qoşulduğunu qeyd edib: «Bu sıraya «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva da daxil oldu. Bu nəşr həm Azərbaycan, həm də Türkiyə üçün ərməğandır. Bu, Azərbaycan-Türkiyə əlaqələri üçün böyük əhəmiyyətə malik qiymətli nümunədir. Cavidi dünyaya tanıtmaq üçün mühüm vasitədir. Hüseyn Cavidin dünyaya çıxışı Vətəni Azərbaycandan başlayır. Bu nəşr Cavidi dünyaya çıxartmaq üçün atılan ilk addımdır”.
«İmlasına toxunmamalı…»

Yeni nəşri türkoloji hadisə adlandıran filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev «Dünyanın elə yazıçıları var ki, hər gün onları xatırlamaq və onlara qayıtmaq lazımdır» deyib: «Hüseyn Cavid də elə şəxsiyyətdir ki, onun haqqında bir dəfə yazmaq azdır. Bu, nəşr də imkan verir ki, onun yaradıcılığına, irsinə yenidən qayıdasan. Hər yazıçı yenidən çap olunursa, o, yenidən doğulur. Doğulursa, yenidən xalqa, cəmiyyətə, insanlara qayıdır. Puşkinin əsərləri min dəfə çap olunub. Demək o, Rusiyada min dəfə doğulub. Bizimkilərsə onunla müqayisədə azdır». «Hüseyn Cavid. Əsərləri» kitabının İstanbulda nəşrinin böyük dramaturqun yenidən doğulması hadisəsi hesab edən tədqiaqatçı Hüseyn Cavid kimi böyük şəxsiyyətləri “ideyaların yaratdığı insanlar” adlandırıb: «Biz Cavidin əsərlərinə baxarkən Türkiyəni görürük. Bir az da geniş baxsaq, oradan bütün dünya görünür. Cavidin əsərləri Şərqdən-Qərbə, Şimaldan-Cənuba hər yerdə səslənir». Repressiya illərinin dəhşətli faciələrini xatırlayan tədqiqatçı Hüseyn Cavidin böyük bir təbliğat maşınının qurbanı olmasını kədərlə qeyd edib: «Böyük bir maşın bu cür görkəmli sənətkarları yoxa çıxarıb. Ancaq böyük insanları, dahi şəxsiyyətləri yoxa tamamilə yoxa çıxarmaq olmaz».
Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı yeni kitabın məziyyətini təkcə sanballı olması ilə deyil, nəşri araya-ərsəyə gətirənlərin Cavid əsərlərinin çağdaş oxucular tərəfindən maksimum mənimsənilməsi üçün əllərindən gələni əsirgəməməsi ilə əlaqələndirib: «Dil canlı orqanizm kimi daim dəyişir, nəfəs alır. Dünya mədəniyyəti tarixində qocalıb ölən dillər də az olmayıb. O baxımdan, Cavidin 100 il əvvəlki türkcəsilə çağdaş türkcə arasında bir sıra fərqlərin meydana gəlməsi təbiidir. Bu baxımdan ətək yazılarında lüğət və izahların verilməsi oxucunun işini xeyli asanlaşdırır. Kitabın nəşrə hazırlanması zamanı Cavid ocağının son yadigarı Turan xanımın tərtib etdiyi beşcildli külliyyatın ana qaynaq kimi alınması da əsərin sanbalına öz təsirini göstərib”. Cavidi dil yaradıcılığı prosesini uğurla inkişaf etdirən sənətkar adlandıran G.Babaxanlı öz əsərlərinin taleyi üçün əsən Cavidin ən narahat vəsiyyəti olan «İmlasına toxunmamalı» prinsipinə kitabda imkan daxilində əməl edilməsinə səy göstərilməsini də vurğulayıb. “Bununla həmçinin Cavid türkcəsinin unikallığı diqqətə çatdırılıb. Sirr deyil ki, dahi sənətkarlar çox vaxt öz fərdi üslub və dilləri ilə ümumilikdə ədəbi dilin və üslubun inkişafına xidmət göstərmiş olurlar”.
İrfan adamı

«Cavidlə tanışlığımda, onun əsərlərini başdan-ayağa oxuyandan sonra gəldiyim qənaət ondan ibarət olub ki, Hüseyn Cavid ilahi tərəfindən xüsusi missiyalı adam idi. Bu mənada Cavid böyük irfan adamı idi” deyə qeyd edən «Kaspi» qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva böyük ədibə irfan ədəbiyyatını və mədəniyyətini yaratmaq və onun romantikasından istifadə edərək millətin gələcəyi üçün vacib olan, onun tarixdə duruşunu təmin edəcək milli məfkurənin, türkçülük və turan fəlsəfəsini qorumaq kimi missiyalar verildiyini bildirib. “Hüseyn Cavidin irfan adamı olması doğuluşundan taleyində kodlarla şifrələnib. Doğulduğu Naxçıvan mühitinin hər qarışında övliyaların olması, insanlarının çoxunun xislətində həmin əqidənin daşıyıcısı olması kimi və s. xüsusiyyətlər onun taleyində iz qoyub”. Sonradan Məhəmməd Tağı Sidqinin tərbiyə məktəbində oxuması, Urmiyada dini təhsil alması, Ərəbistan, Buxara, Dərbənddən evlərinə gələn söz adamları ilə tanışlığı onun tale yazısına çevrilib. “Dini təhsil ona irfan mədəniyyətini formalaşdırmaq üçün lazım idi. İrfanlığından irəli gələrək onun türkçülük düşüncəsi, turan fəlsəfəsi daha geniş yazıldı və müddəalarla möhkəmlənə bildi. Nəhayət, İstanbul həyatı onun dünyagörüşündə böyük rol oynadı. O, İstanbulda məhəbbəti və həqiqəti dərk etdi. O, Tofiq Fikrətlə tanış oldu. Qurbanəli Şərifzadəyə yazdığı məktublarında “İstanbul həyatı həqiqət və məhəbbəti dərk etməyində mənən yardımçı oldu” deyə bildirdi. Ancaq buna qədər o, irfan mədəniyyətinin bir neçə mərhələsini adlamalı oldu. İrfani duyğular Cavidə təsadüfən keçməmişdi, o, məfkurə adamı idi. Cavid bilirdi ki, min Cavidi fiziki cəhətdən öldürə bilərlər. Ancaq o, irfan adamı olduğu üçün bütün fiziki və mənəvi əzablara tab gətirə bilirdi. Onun ən böyük məhəbbəti də EŞQ səviyyəsində idi. Bu EŞQ onun millətinə, xalqına olan sevgisi idi. O, fikirləşirdi ki, millətin duruşu və xilası mütləq milli məfkurənin yetişdirilməsindədir”.
S.Vəliyeva qeyd edib ki, Hüseyn Cavid təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də dünyada yaşayan və Rusiyaya səpələnən türkləri ümumtürkiyə birliyi ətrafında birləşdirmək üçün ədəbi dil olaraq Türkiyə türkcəsini qəbul edib. “Heç bir dini təriqətə qoşulmadan bu həqiqətin içində dini, milli, dil və çağdaş tərəqqinin birliyindən çıxış edərək turan birliyinin vacibliyini Cavid ön plana çəkərək Türkiyə türkcəsini əsas qəbul edirdi. Eyni zamanda, yaradıcılığının əsas dövrlərindən başlayaraq bütün türkdilli xalqlara aydın olacaq bir məsələni düşünməyə başladı. Elə ona görə də bütün əsərlərini Azərbaycan və Türkiyə türkcəsində - tam şirin və aydın bir dildə yazdı. Biz bu kitabı çap edərkən də həmin məsələlər ortaya çıxdı. Cavidin əlyazmalarının kənarında «imlasına toxunmamalı» sözləri yazılıb. Burada onun yenə irfan adamı olması ortaya çıxır. Bəlkə min illər bundan sonra Cavid tədqiq olunanda belə, o, zühur edəcək və deyəcək: «Mənim dilimə toxunmaq olmaz, bu, xalqın dilidir, bu Alpərin dilidir, bu böyük Türkün dilidir». Ona görə də biz bu dilin üzərində dayandıq və müəyyən sözlərin izahını səhifənin aşağısında verməyi qərara aldıq”.
S.Vəliyeva ulu öndər Heydər Əliyevin Hüseyn Cavid şəxsiyyətinin və ideyalarının millət üçün vacibliyini dərk edərək atdığı addımları xatırlayıb. Belə ki, ulu öndər Hüseyn Cavid irsinin tədqiqatı, xatirəsinin əbədiləşdirilməsi, yubileyinin keçirilməsi, kitablarının nəşri ilə bərabər onun üçün məqbərə ucaltdırıb. “Ulu öndər bilirdi ki, Cavid sıradan olan bir adam deyil. Məhz onun üçün məqbərə ucaldılmalıdır. Məqbərə yalnız bir xalqın talyeində və tarixində rol oynayan şəxslərə ucaldılır. Həmin məqbərədə onun ailə sülaləsi yer alır. Ulu öndər Cavidə olan ehtiramını həm də bu məqbərə ilə ortaya qoydu. Sonradan ulu öndərdən başlanan bu mənəvi yol cənab Prezident İlham Əliyevin Cavidin əsərlərinin nəşri və yubileylərinin keçirilməsinə diqqət göstərməsi ilə davam etdi”. Cavidin əsərlərinin İstanbuldakı nəşri ilə böyük dramaturqun yenidən doğulduğunu vurğulayan S.Vəliyeva əsərin Türkiyədə dövlət səviyyəsində yayılmasını tövsiyə edib.
İlkə atılan imza

«Mən Hüseyn Cavidin tədqiqatçısı deyiləm, amma bu mövzuya 7 cildlik romanımda toxunmuşam – deyən Millət vəkili Elmira Axundova Hüseyn Cavidi bütün türk dünyasının şairi adlandırıb. H.Cavidin siyasi bəraət almasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlayan millət vəkili “ulu öndər Hüseyn Cavidi yenidən Azərbaycan xalqına qaytardı” deyə qeyd edib: “Heydər Əliyev Naxçıvanda olduğu blokada illərində Hüseyn Cavidin 110 illik yubileyini keçirdi. Daha sonra da Hüseyn Cavidlə bağlı iki sərəncamı oldu”. Millət vəkili indiyə qədər Hüseyn Cavid əsərlərinin Türkiyədə nəşr olunmamasına təəssüfünü bildirərək yeni nəşri türk dünyasına hədiyyə kimi dəyərləndirib.
«Biz Hüseyn Cavid kimi dahilərin kitablarını ona görə nəşr etməliyik ki, onlar həmişə şərə qarşı mübarizə aparıblar” deyən Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov qeyd edib ki, Hüseyn Cavidin yaradıcılığı gənclər üçün örnək olmalıdır. “İnanıram ki, bundan sonra da dəyərli söz sahibinin kitabları davamlı olaraq nəşr olunacaq».
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilklərə imza atmağın çətin olduğunu qeyd edib: “Ən çətini işlərdə ilklərə imza atmaqdır. «Hüseyn Cavid. Əsərləri» kitabı ilə Hüseyn Cavidin Türkiyədə ilk nəşrinə imza atıldı. Cavid Naxçıvanda doğulub. Ancaq o təkcə Azərbaycanın deyil, bütün türk dünyasının şairidir. Bu nəşrlə böyük dəyərimizə dəyər verilib. Hüseyn Cavid bu millətin və türk dünyasının dəyəridir».
Türkiyənin Azərbaycandakı səfirliyinin turizm və tanıtım müşaviri Seyid Əhməd Arslan Hüseyn Cavidi türk məfkurəsini usanmadan gündəmə gətirən və təbliğ edən şəxsiyyət kimi dəyərləndirib: «Mən onun yaradıcılığını oxuduqca bir eşq və sevgi adamı olduğunu, əsərlərini də bu xətt üzərində qurduğunu gördüm. Hüseyn Cavidin Türkiyə üçün çox önəmli yazıları var. O, bütün türk dünyasının Cavididir. Hüseyn Cavid irfan adamı olmasaydı, bu qədər fiziki təzyiqlərə dözə bilməzdi. Bu əzablar böyük şəxsiyyətlərin həyatında var. Hüseyn Cavid də öz yaradıcılığı və taleyi ilə ədəbiyyatda fərqli yer tutan şair, dramaturq və şəxsiyyətdir».
«Mən dünyada çox xoşbəxt insanlardan biriyəm ki, Hüseyn Cavidin 1913-cü ildə çap olunan ilk kitabı – «Keçmiş günlər»in sayca az qalan nüsxələrindən biri məndədir” deyə qeyd edən filologiya üzrə fəlsəfə doktoru, «Ədəbiyyat» qəzetinin baş redaktor müavini, «Hüseyn Cavid. Əsərləri»ni nəşrə hazırlayan Azər Turan son nəşrin – «Hüseyn Cavid. Əsərləri»nin Türkiyədə ilk dəfə çap olunduğunu sevinclə diqqətə çatdırıb: «Hesab edirəm ki, Hüseyn Cavid əsərlərinin çox gec də olsa Türkiyədə çap olunması tarixi bir ədalətsizliyə son verəcək. Baxmayaraq ki, Hüseyn Cavid türk məfkurəsi uğrunda canını fəda etmiş bir mütəfəkkirdir, amma onun yaradıcılığı indiyədək Türkiyədə tədqiq edilməyib. İnanırıq ki, bu kitab onun əzablı ruhunu sevindirəcək və yaradıcılığının daha yaxından öyrənilməsi üçün vasitə olacaq. Cavidin türkcəsi nə tam Azərbaycan ədəbi türkcəsi, nə də tam Türkiyə ədəbi türkcəsidir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkçü arasında bir körpü qurub. Bu iki şivə arasındakı məsafəni qısaldıb. Cavidin yazdığı türkcə olduqca şirin və gözəl bir türkcədir. Cənubi və Şimali Azərbaycan, Türkiyə və digər türk dövlətlərində tək bir aydın tapılmaz ki, Cavidi oxusun, amma anlamasın və onun türkcəsindən zövq almasın. Bu kitab bütün cavidsevərlər üçün gözəl hədiyyədir».
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər