Türkiyədə “Əl-Qaidə” üzvü olan 2 azərbaycanlı yaxalanıb

Türkiyədə “Əl-Qaidə” üzvü olan 2 azərbaycanlı yaxalanıb

Təfsilat
11 Aprel 2013, 14:34 1373
Türkiyə polisi “Əl-Qaidə” üzvlərinə qarşı əməliyyat keçirib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tekirdağ vilayəti Əmniyyət Müdirliyi (polis idarəsi) əməkdaşlarının İstanbul və Çorlu şəhərlərində keçirdikləri əməliyyatda 12 “Əl-Qaidə” üzvü yaxalanıb. Onlardan ikisi azərbaycanlıdır.

Əməliyyatın kökü 2 il əvvələ gedib çıxır. Belə ki, Tekirdağ polisi 2 il əvvəl Əfqanıstandakı düşərgələrdə təlim keçərək Türkiyəyə qayıdan və Çorlu şəhərində qalan “Əl-Qaidə” üzvünü izləməyə başlayıb. “Əl-Qaidə” üzvlərinin Çorlu və İstanbulda qaldıqları 2 ev müəyyənləşdirilib. Polis onların partlayıcı maddələr əldə etdiyini və hədəf seçdikləri yerlərə terror hücumları təşkil etməyə hazırlaşdıqlarını öyrəndikdən sonra əməliyyata başlayıb.

Tekirdağ polisinin keçirdiyi əməliyyat zamanı Çorluda 8 nəfər həbs edilib. Onların qaldığı evdə 5 tüfəng, 5 tapança aşkarlanaraq götürülüb. İstanbulun Böyükçəkməcə rayonunda isə 4 “Əl-Qaidə”çi yaxalanıb. Bu şəxslərin yaşadığı evə baxış keçirilərkən 22 kq “C-4” partlayıcısı aşkarlanıb.

Həbs olunanlardan 8-i Türkiyə, 2-si Azərbaycan vətəndaşı, digər 2 nəfər isə çeçendir. Onların adları açıqlanmayıb. Bu şəxslərin Türkiyədəki ABŞ səfirliyinə, İstanbuldakı sinaqoqa qarşı terror, Acun Ilıcalı, Adnan Oktar kimi tanınmış şəxslərə isə sui-qəsd hazırladıqları ortaya çıxıb.

Terrorçuların qaldıqları evlərdə tapılan 6 noutbuk və müəyyən sənədlər araşdırılır.