AZE | RUS | ENG |

Türkiyədə dövlət universitetində işləyən azərbaycanlı professor azı 3000-3300 manat əməkhaqqı alır

Türkiyədə dövlət universitetində işləyən azərbaycanlı professor azı 3000-3300 manat əməkhaqqı alır
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Ahmet Cevat Acarın özəl olaraq Trend-ə müsahibəsi

- Son dövrlərdə Türkiyəyə işləməyə gedən Azərbaycan alimlərinin sayı artıb. Hazırda Türkiyədə nə qədər Azərbaycan alimi çalışır?
- Həqiqətən də Türkiyədə bir çox Azərbaycan alimi çalışır. Lakin onların dəqiq sayını deyə bilmərəm. Çünki buna Türkiyədə Yüksək Öyrətim Kurulu (YÖK) baxır. Amma Türkiyədə dövlət və özəl məktəblərdə çalışan azərbaycanlı elm adamları var, onların bir qismi ilə hətta tanışam. Bunu deyə bilərəm ki, Türkiyədə xarici tələbələr arasında azərbaycanlı tələbələr ilk sıralarda yer alırlar. Azərbaycanlı tələbələrin sayında son illərdə artım qeydə alınır. Ancaq bununla belə, Türkiyədə çalışan azərbaycanlı alimlərin də sayının azaldığını zənn etmirəm.

- Azərbaycan alimləri daha çox hansı sahələr üzrə fəaliyyət göstərirlər?
- Azərbaycan alimləri dəqiq elmlərdə - riyaziyyat, fizika və s. sahələrdə daha çox çalışırlar. Bundan başqa, incəsənət sahəsində çalışan azərbaycanlı elm adamları və sənətçilərinin sayı çoxdur. Təbii ki, ortaq dəyərlərimiz olduğundan türkoloji, türk tarixi sahəsində də çalışanlar var. Lakin Azərbaycan dəqiq elmlər və incəsənət sahəsində güclü bir keçmişə sahib olduğundan Türkiyədəki azərbaycanlı elm adamları da daha çox bu sahələrdə çalışırlar.

- Türkiyədə çalışan Azərbaycan aliminin orta aylıq əməkhaqqı nə qədərdir?
- Əgər azərbaycanlı alim dövlət universitetində çalışırsa, onun aldığı əməkhaqqı türk aliminin aldığı əməkhaqqından aşağı olmur. Hətta bəziləri Türkiyə vətəndaşı olan alimlərdən daha yüksək əməkhaqqı alırlar. Hazırda dövlət universitetlərində bir professor təxminən 8000-9000 türk lirəsi (3000-3300 manat- İ.İ.) məbləğində əməkhaqqı alır. Azərbaycanlı professor dövlət universitetində çalışırsa, ən azı bu qədər əməkhaqqı alır. Türkiyədə mütəxəssis azlığı olan bəzi sahələrdə çalışan alimlər Türkiyə vətəndaşından daha çox əməkhaqqı ala bilirlər. Türkiyədə "xaricdən gələnlərə daha az əməkhaqqı verək" kimi yanaşma yoxdur. Universitetlərin hamısında standart əməkhaqqı tətbiq edilir.

- Azərbaycan aliminin Türkiyədə işləməsi üçün tələb olunan şərtlər hansılardır?
- Türkiyə və Azərbaycan arasındakı əlaqələr digər ölkələr arasındakı əlaqə kimi deyil. Biz Türkiyədə çalışan azərbaycanlı alimləri türk vətəndaşları kimi görürük. Amma buna baxmayaraq, Azərbaycan vətəndaşı olan alimlərin Türkiyədə çalışması üçün bəzi şərtlərə əməl edilməlidir. Bu şərtlər çalışma icazəsinin alınması, Yüksək Öyrətim Kurulundan icazənin alınması və s. ilə bağlı ola bilər. Amma hesab edirəm ki, digər ölkələrlə müqayisədə bu, Azərbaycandan gələnlər üçün daha rahat prosesdir.

- Yaxın vaxtlarda Türkiyə Elmlər Akademiyasının prezidenti vəzifəsini başa vuracaqsınız. Akademiya prezidenti vəzifəsinə seçilmək üçün yenidən namizədliyinizi verəcəksiniz?
- 2012-ci ilin avqustunda ilk dəfə, 2015-ci ilin avqustunda isə ikinci dəfə akademiya prezidenti seçilmişəm. Bu il avqust ayında artıq prezident vəzifəsində olma müddətim başa çatır. Amma artıq iki dəfə bu vəzifəyə seçildiyim üçün yenidən namizədliyimi verə bilməyəcəyəm. Türkiyədə bir şəxsin yalnız iki dəfə Akademiyanın prezidenti seçilməsi mümkündür. Buna görə də avqustda prezidentlik postunu başqa bir şəxsə təhvil verəcəyəm.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176