Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair unikal nəşrlər - İlk dəfə
Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət dörd toplu və "Yeni
Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd kitab nəşr edib.
"Azerbaycan Cümhuriyyeti. 1918-1920. Osmanlı
arşiv belgeleri” adlanan
sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir
sənəd yer alıb. Bütün sənədlər transkripsiya edilərək iki yüzdən çox adda
qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti
ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual
problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.
"Azerbaycan
Cümhuriyyeti Osmanlı basınında” toplusunda Türkiyədə həmin dövrdə nəşr olunan qırx
dövri mətbuat orqanının, o cümlədən
"Tasviri-Efkar” (1864-1925), "Sabah” (1875-1922), "Tercüman-i
Hakikat”(1878-1921), "İkdam” (1894-1931), "Tanin” (1908-1947), "Alemdar”
(1912-1922) qəzetləri, "Sebilürreşad” (1908-1925) dərgisi və b. materialları
verilmişdir. Bununla eyni zamanda, topluda dövrün ən mühüm problemlərinə dair
Əhməd Ağaoğlunun, Yunus Nadinin, İbrahim Hilmi Tüccarzadənin, Fuad
Köprülüzadənin, Əhməd Nəbizadənin, Ruşen Əşrəfin, Refi Cavadın, Süleyman
Nazifin və Türkiyə mətbuatında iz qoymuş digər müəlliflərin məqalələri vardır. Bu
materiallarda Qafqazda və bilavasitə, Azərbaycanda cərəyan edən siyasi
proseslər, İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans, Bakının azad
edilməsi, Paris sülh konfransı tərəfindən Cümhuriyyətin de-fakto tanınmasının
Türkiyədə yaratdığı ruh yüksəkliyi və digər problemlərə dair indiyədək elmə
məlum olmayan dəyərli informasiyalar vardır.
"Birinci Dünya savaşı və Azerbaycan. Osmanlı arşiv
belgeleri” adlı digər sənədlər toplusu isə Azərbaycanın I Dünya müharibəsi
dövründəki vəziyyətini əks etdirir. Topludakı sənədlərin böyük bir qismi Cənubi
Azərbaycanda baş verən hadisləri əks etdirir. Bunun nəticəsində Azərbaycan
tarixşünaslığında ilk dəfə olaraq həm Şimali, həm də Cənubi Azərbaycanın I
Dünya müharibəsi dövrü tarixini paralel şəkildə izləmək mümkün olur.
"Kafkasyada "ermeni meselesi”. 1895-1912. Osmanlı
arşiv belgeleri” adlanan toplu xronoloji cəhətdən əvvəlki illərə
aid olsa da Azərbaycan Xalq Cümhuriyyətinə aparan yola işıq salır. Qafqazda
"erməni məsələsi”nin mahiyyəti, ermənilərin Şimali və Cənubi Azərbaycanda
azərbaycanlılara qarşı törətdikləri qətliamlara dair yeni arxiv sənədləri
problemin indiyədək məlum olmayan bir sıra ciddi məsələlərini müəyyən etməyə imkan
verir.
Toplulara daxil
edilən sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlık Dövlət Arxivləri Genel
Müdürlüyü Osmanlı Arxivi Dairə
Başkanlığı (BOA) və Baş Qərargahın Əsgəri Tarix və Strateji Etüt Dairə
Başkanlığı Arxivindən (ATASE) toplanmışdır. Tarix üzrə fəlsəfə doktorları Vasif
Qafarov və Qiyas Şükürovun nəşrə hazırladığı sənədlər toplusuna tarix üzrə
elmlər doktoru, professor Kərim Şükürov geniş ön söz yazıb.
"Yeni Kafkasya. 1923-1927” dərgisi Məmməd Əmin
Rəsulzadənin rəhbərliyi ilə İstanbulda çap olunmuşdur. Dərginin materialları
uzun müddətdir ki, Azərbaycan oxucusu üçün əlçatmaz hesab olunurdu. Avropa
Azərbaycan Cəmiyyətinin layihəsi əsasında bu dərginin də bütün sayları latın əlifbasına transkripsiya
edilmiş və bir araya gətirilərək dörd kitabda nəşr edilmişdir. Dərgini nəşrə
Yavuz Akpınar, Səlcuq Türkyılmaz və Yılmaz Özkaya hazırlamışdır. Professor
Yavuz Akpınar nəşrə ön söz və "Yeni Kafkasya”nın nəşri tarixi, müəllifləri,
məqalələri və və s. haqqında oxucunu maraqlandıran suallara cavab verən geniş
məqalə yazmışdır.
Bu kitablar
Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair fundamental mənbə bazası olub,
tələbələr, müəllimlər, tarixçi tədqiqatçılar və geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.