Türkiyədə anti-Amerika əhval-ruhiyyə güclənməkdədir
Türkiyədə keçirilən sosioloji sorğuların
nəticələrinə görə, Vaşinqtonun PYD/YPG-nı açıq şəkildə dəstəkləməsi anti-Amerika
əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. Tədqiqat göstərib ki, Türkiyə
əhalisinin böyük bir hissəsi ABŞ-a qarşıdır. Bu haqda "Anadolu” agentliyi yazıb.
Sorğu Türkiyənin 26 əyalətində 2000-ə yaxın insan arasında keçirilib.
"Optimar” şirkətinin apardığı tədqiqat zamanı bəlli
olub ki, Birləşmiş Ştatlara qarşı əhalinin 71 faizi çıxış edib, 22,7 faiz
qismən anti-Amerika mövqeyi sərgiləyib, cəmi 5,4 faiz bəyan edib ki,
amerikalıların əleyhinə deyillər. Rəyi soruşulanların 58 faizi bəyan edib ki,
beynəlxalq qüvvələr – ABŞ, İsrail və Avropa ölkələri İŞİD-in Suriya və İraqda
mövqelərinin möhkəmlənməsində iştirakçı olublar. Türkiyə və Rusiyanın
yaxınlaşması ilə bağlı sualın cavabında respondentlərin 62 faizi bunu pozitiv
hal kimi qiymətləndirib. 22 faiz isə bu yaxınlaşmanın neqativ nəticələri ola
biləcəyini vurğulayıb. Respondentlərin 15,5 faizi heç bir fikir səsləndirməyib.
Sosioloji şirkətin rəhbəri Hilmi Daşdəmir bildirib ki, "Optimar” Yaxın Şərq və
xarici siyasət üzrə sorğular keçirməkdə ixtisaslaşıb. Yeni tədqiqata istinad
edən Daşdəmir bildirib ki, anti-Amerika əhval-ruhiyyə pik həddədir. "Sorğunun
nəticələri göstərir ki, ABŞ-Türkiyə münasibətləri gərginləşmək üzrədir. Səbəb
də Birləşmiş Ştatların FETÖ və PYD-yə olan münasibətidir”, - deyə sosioloq
vurğulayıb.
Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşması
2016-cı il iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişinin təşkilatçısı
olub. PYD və YPG isə PKK terror təşkilatının Suriya qanadı hesab edilir. Bu
qruplaşma Türkiyənin Suriyada həyata keçirdiyi terror əleyhinə mübarizədə əsas
hədəf hesab edilir. Türkiyə PKK terror qruplaşmasına qarşı 30 ildən artıqdır ki,
mübarizə aparır. Bu illər ərzində separatçılar 40 mindən artıq insanın ölümünə
səbəb olublar. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu adlandırsa da,
qeyri-rəsmi yardımlar göstərməkdə davam edirlər. Bundan əlavə, qruplaşma
üzvlərinə Avropa ölkələrində məmnuniyyətlə sığınacaq verilir.
Daşdəmir, həmçinin 2016-cı ildə keçirilən sorğunun
nəticələrindən də danışıb: "O zaman biz soruşurduq ki, sizcə, 15 iyul qiyamının
arxasında kimlər durur. Bu suala cavab olaraq 36,9 faiz FETÖ-nü, 25 faiz
Birləşmiş Ştatlar və FETÖ-nü, yalnız 5,6 faiz ABŞ-ı göstərmişdi”. H.Daşdəmirin
sözlərinə görə, getdikcə daha az insan Türkiyə və Birləşmiş Ştatlar arasında
münasibətlərin qalmasını istəyir: "2015-ci ildə biz sual qoymuşduq ki, "Türkiyə
hansı ölkə ilə əməkdaşlıq etsin”. Bu suala cavab olaraq 23 faiz ABŞ-ı
göstərmişdi. Lakin indi onların sayı 13 faizə düşüb. İnsanlar getdikcə daha çox
Çin və Rusiya kimi ölkələrlə əməkdaşlığın tərəfdarıdır”.
Bundan əlavə, AGS Global adlı başqa bir şirkət də
bu yaxınlarda keçirdiyi sorğunun nəticələrini elan edib. 393 biznesmen arasında
keçirilən sorğunun nəticələrinə görə, 66 faiz Birləşmiş Ştatlara qarşı neqativ
mövqedə olduğunu bildirib. 13 faiz pozitiv, 21 faiz isə ikili münasibətdə olduğunu
qeyd edib. Biznesmenlərin böyük əksəriyyəti ABŞ-a qarşı neqativ mövqelərini
onunla əsaslandırıblar ki, bu ölkə etibar doğurmur. AGS Global-ın rəhbəri Əhməd
Gülər bildirib ki, Qərb ölkələri yeni Türkiyəyə köhnə nöqteyi-nəzərdən
baxırlar. Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələrinin ziddiyyətli və
bir-birinə əks bəyanatları, eləcə də bu ölkələrdə liderlik böhranı türk
biznesmenlərində onlara qarşı mövqenin dəyişməsinə gətirib çıxarıb. Xüsusən də
Donald Trampın prezident seçilməsindən sonra vəziyyət mənfiyə doğru dəyişib.
Qərbdə baş verən böhranlar fonunda Rusiyada sabit vəziyyət biznesmenlər
arasında pozitiv əhval-ruhiyyənin yaranmasına gətirib çıxarıb. Ə.Gülərin
qənaətincə, Türkiyədə anti-Amerika əhval-ruhiyyənin güclənməsinin digər bir
səbəbi dünya iqtisadi və siyasi mərkəzinin Asiya-Sakit Okean regionuna doğru
irəliləməsidir.
A&G sosioloji təşkilatının baş direktoru Adil
Gur hesab edir ki, anti-Amerika əhval-ruhiyyənin artması ilə yanaşı, anti-Rusiya
mövqeyi xeyli zəifləyib: "Anti-Rusiya mövqeyi 20 il bundan əvvəl xeyli güclü
idi. ABŞ-ın PYD, YPG, PKK və FETÖ-nü açıq şəkildə dəstəkləməsi son illər bu
ölkəyə qarşı münasibətin mənfiyə doğru dəyişməsinə gətirib çıxarıb. Bu
əhval-ruhiyyə Türkiyənin Afrində "Zeytun budağı” əməliyyatı fonunda Amerikanın PKK-nı
dəstəkləməsindən sonra daha da güclənib. Türkiyənin ciddi şəkildə
narazılıqlarına baxmayaraq, ABŞ bu qruplaşmalara silah və sursat çatdırmaqda
davam edir. Açıq şəkildə bəyan edir ki, bunlar PKK-nın filialları deyil.
Əksinə, ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində etibarlı müttəfiqidirlər”. Gur
bildirib ki, Türkiyədə yaşayan kürdlərin 82 faizi ABŞ-ı dost və müttəfiq hesab
etmir. "Onlar bildirilər ki, Amerika PYD-ni öz maraqlarına uyğun olaraq müdafiə
edir. Türkiyənin 87 faiz yaşlı sakini hesab edir ki, PYD PKK-nın davamçısıdır”.
Türkiyə mediası yazır ki, separatçı terror
təşkilatı PKK/PYD-YPG 19 ölkədən silah alır. Suriyadakı terrorçuların
silahlarını Amerika Birləşmiş Ştatları və çoxmillətli koalisiyaya üzv 19 ölkədən
aldıqları bildirilib.Bu silahlar taktiki və strateji olaraq ikiyə
ayrılır. Taktiki silahlar terror təşkilatı İŞİD-lə mübarizədə, strateji olanlar
isə Türkiyəyə qarşı istifadə edilir. İz azdırmaq üçün bu mürəkkəb silah
sistemlərinin üzərindən istehsalçı ölkə və şirkətlərin seriya nömrələri
silinir. Ona görə həm tədarükçüləri tapmaq çətinləşir, həm də terrorun miqyası
günbəgün artır.
Xatırladaq ki, bu yaxınlarda keçirilən başqa bir
sorğu da ABŞ-a qarşı neqativ mövqeni ortaya qoyub. Türkiyənin nüfuzlu Kadir Has
Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyə üçün
Azərbaycandan sonra ən önəmli ölkə Şimali Kipr Türk Cümhuriyyəti (43) və bir
qədər qəribə olsa da, Rusiya (30) olub. Birləşmiş Ştatlar və İsrail Türkiyə
üçün ən böyük xarici təhdid kimi göstərilib. Araşdırmaya qatılanların 64 faizi
ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü açıqlayıb. Respondentlər Gürcüstanı
(30), Pakistanı (28,9), Çini (18) və İranı da (17,8) dost kimi görür. Əvəzində,
Türkiyənin NATO üzrə müttəfiqləri isə ilk səkkizliyə belə düşə bilməyib. ABŞ
15, Almaniya 14, Fransa isə 11 faizdə qərarlaşıb.
Azər NURİYEV