AZE | RUS | ENG |

Türkiyədə anti-Amerika əhval-ruhiyyə güclənməkdədir

Türkiyədə anti-Amerika əhval-ruhiyyə güclənməkdədir
Respondentlərin 71 faizi Birləşmiş Ştatlara qarşıdır

Türkiyədə keçirilən sosioloji sorğuların nəticələrinə görə, Vaşinqtonun PYD/YPG-nı açıq şəkildə dəstəkləməsi anti-Amerika əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. Tədqiqat göstərib ki, Türkiyə əhalisinin böyük bir hissəsi ABŞ-a qarşıdır. Bu haqda "Anadolu” agentliyi yazıb. Sorğu Türkiyənin 26 əyalətində 2000-ə yaxın insan arasında keçirilib. 

"Optimar” şirkətinin apardığı tədqiqat zamanı bəlli olub ki, Birləşmiş Ştatlara qarşı əhalinin 71 faizi çıxış edib, 22,7 faiz qismən anti-Amerika mövqeyi sərgiləyib, cəmi 5,4 faiz bəyan edib ki, amerikalıların əleyhinə deyillər. Rəyi soruşulanların 58 faizi bəyan edib ki, beynəlxalq qüvvələr – ABŞ, İsrail və Avropa ölkələri İŞİD-in Suriya və İraqda mövqelərinin möhkəmlənməsində iştirakçı olublar. Türkiyə və Rusiyanın yaxınlaşması ilə bağlı sualın cavabında respondentlərin 62 faizi bunu pozitiv hal kimi qiymətləndirib. 22 faiz isə bu yaxınlaşmanın neqativ nəticələri ola biləcəyini vurğulayıb. Respondentlərin 15,5 faizi heç bir fikir səsləndirməyib. Sosioloji şirkətin rəhbəri Hilmi Daşdəmir bildirib ki, "Optimar” Yaxın Şərq və xarici siyasət üzrə sorğular keçirməkdə ixtisaslaşıb. Yeni tədqiqata istinad edən Daşdəmir bildirib ki, anti-Amerika əhval-ruhiyyə pik həddədir. "Sorğunun nəticələri göstərir ki, ABŞ-Türkiyə münasibətləri gərginləşmək üzrədir. Səbəb də Birləşmiş Ştatların FETÖ və PYD-yə olan münasibətidir”, - deyə sosioloq vurğulayıb. 

Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşması 2016-cı il iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişinin təşkilatçısı olub. PYD və YPG isə PKK terror təşkilatının Suriya qanadı hesab edilir. Bu qruplaşma Türkiyənin Suriyada həyata keçirdiyi terror əleyhinə mübarizədə əsas hədəf hesab edilir. Türkiyə PKK terror qruplaşmasına qarşı 30 ildən artıqdır ki, mübarizə aparır. Bu illər ərzində separatçılar 40 mindən artıq insanın ölümünə səbəb olublar. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu adlandırsa da, qeyri-rəsmi yardımlar göstərməkdə davam edirlər. Bundan əlavə, qruplaşma üzvlərinə Avropa ölkələrində məmnuniyyətlə sığınacaq verilir. 

Daşdəmir, həmçinin 2016-cı ildə keçirilən sorğunun nəticələrindən də danışıb: "O zaman biz soruşurduq ki, sizcə, 15 iyul qiyamının arxasında kimlər durur. Bu suala cavab olaraq 36,9 faiz FETÖ-nü, 25 faiz Birləşmiş Ştatlar və FETÖ-nü, yalnız 5,6 faiz ABŞ-ı göstərmişdi”. H.Daşdəmirin sözlərinə görə, getdikcə daha az insan Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlərin qalmasını istəyir: "2015-ci ildə biz sual qoymuşduq ki, "Türkiyə hansı ölkə ilə əməkdaşlıq etsin”. Bu suala cavab olaraq 23 faiz ABŞ-ı göstərmişdi. Lakin indi onların sayı 13 faizə düşüb. İnsanlar getdikcə daha çox Çin və Rusiya kimi ölkələrlə əməkdaşlığın tərəfdarıdır”. 
Bundan əlavə, AGS Global adlı başqa bir şirkət də bu yaxınlarda keçirdiyi sorğunun nəticələrini elan edib. 393 biznesmen arasında keçirilən sorğunun nəticələrinə görə, 66 faiz Birləşmiş Ştatlara qarşı neqativ mövqedə olduğunu bildirib. 13 faiz pozitiv, 21 faiz isə ikili münasibətdə olduğunu qeyd edib. Biznesmenlərin böyük əksəriyyəti ABŞ-a qarşı neqativ mövqelərini onunla əsaslandırıblar ki, bu ölkə etibar doğurmur. AGS Global-ın rəhbəri Əhməd Gülər bildirib ki, Qərb ölkələri yeni Türkiyəyə köhnə nöqteyi-nəzərdən baxırlar. Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələrinin ziddiyyətli və bir-birinə əks bəyanatları, eləcə də bu ölkələrdə liderlik böhranı türk biznesmenlərində onlara qarşı mövqenin dəyişməsinə gətirib çıxarıb. Xüsusən də Donald Trampın prezident seçilməsindən sonra vəziyyət mənfiyə doğru dəyişib. Qərbdə baş verən böhranlar fonunda Rusiyada sabit vəziyyət biznesmenlər arasında pozitiv əhval-ruhiyyənin yaranmasına gətirib çıxarıb. Ə.Gülərin qənaətincə, Türkiyədə anti-Amerika əhval-ruhiyyənin güclənməsinin digər bir səbəbi dünya iqtisadi və siyasi mərkəzinin Asiya-Sakit Okean regionuna doğru irəliləməsidir. 

A&G sosioloji təşkilatının baş direktoru Adil Gur hesab edir ki, anti-Amerika əhval-ruhiyyənin artması ilə yanaşı, anti-Rusiya mövqeyi xeyli zəifləyib: "Anti-Rusiya mövqeyi 20 il bundan əvvəl xeyli güclü idi. ABŞ-ın PYD, YPG, PKK və FETÖ-nü açıq şəkildə dəstəkləməsi son illər bu ölkəyə qarşı münasibətin mənfiyə doğru dəyişməsinə gətirib çıxarıb. Bu əhval-ruhiyyə Türkiyənin Afrində "Zeytun budağı” əməliyyatı fonunda Amerikanın PKK-nı dəstəkləməsindən sonra daha da güclənib. Türkiyənin ciddi şəkildə narazılıqlarına baxmayaraq, ABŞ bu qruplaşmalara silah və sursat çatdırmaqda davam edir. Açıq şəkildə bəyan edir ki, bunlar PKK-nın filialları deyil. Əksinə, ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində etibarlı müttəfiqidirlər”. Gur bildirib ki, Türkiyədə yaşayan kürdlərin 82 faizi ABŞ-ı dost və müttəfiq hesab etmir. "Onlar bildirilər ki, Amerika PYD-ni öz maraqlarına uyğun olaraq müdafiə edir. Türkiyənin 87 faiz yaşlı sakini hesab edir ki, PYD PKK-nın davamçısıdır”. 

Türkiyə mediası yazır ki, separatçı terror təşkilatı PKK/PYD-YPG 19 ölkədən silah alır. Suriyadakı terrorçuların silahlarını Amerika Birləşmiş Ştatları və çoxmillətli koalisiyaya üzv 19 ölkədən aldıqları bildirilib. Bu silahlar taktiki və strateji olaraq ikiyə ayrılır. Taktiki silahlar terror təşkilatı İŞİD-lə mübarizədə, strateji olanlar isə Türkiyəyə qarşı istifadə edilir. İz azdırmaq üçün bu mürəkkəb silah sistemlərinin üzərindən istehsalçı ölkə və şirkətlərin seriya nömrələri silinir. Ona görə həm tədarükçüləri tapmaq çətinləşir, həm də terrorun miqyası günbəgün artır.  

Xatırladaq ki, bu yaxınlarda keçirilən başqa bir sorğu da ABŞ-a qarşı neqativ mövqeni ortaya qoyub. Türkiyənin nüfuzlu Kadir Has Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyə üçün Azərbaycandan sonra ən önəmli ölkə Şimali Kipr Türk Cümhuriyyəti (43) və bir qədər qəribə olsa da, Rusiya (30) olub. Birləşmiş Ştatlar və İsrail Türkiyə üçün ən böyük xarici təhdid kimi göstərilib. Araşdırmaya qatılanların 64 faizi ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü açıqlayıb. Respondentlər Gürcüstanı (30), Pakistanı (28,9), Çini (18) və İranı da (17,8) dost kimi görür. Əvəzində, Türkiyənin NATO üzrə müttəfiqləri isə ilk səkkizliyə belə düşə bilməyib. ABŞ 15, Almaniya 14, Fransa isə 11 faizdə qərarlaşıb. 
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2966
TRY 1 Türk lirəsi 0.3806
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 2.0069
CHF 1 İsveçrə frankı 1.6986
USD 1 ABŞ dolları 1.7000