• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

Türkiyə Özbəkistanı öz orbitinə cəlb edə biləcəkmi?

27.04.17 09:00 1408
Türkiyə Özbəkistanı öz orbitinə cəlb edə biləcəkmi?
Özbəkistan və Türkiyə 10 illik soyuqluqdan sonra münasibətlərinin normallaşdırılması istiqamətində ilk addımlarını atmağa başlayıblar. Bəlli olduğu kimi, iki ölkə arasında uzun müddət yaşanan soyuq münasibətlər ötən ilin noyabrından bəri sürətlə yaxşılaşmağa başlayıb. Xüsusən də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Daşkəndə səfərindən sonra münasibətlərdə bir yaxınlıq nəzərə çarpır.
Türkiyə prezidentinin Özbəkistana etdiyi səfər iki ölkə arasındakı münasibətlərdə köklü dəyişiklik kimi qiymətləndirilir. Bu, Türkiyə liderinin Daşkəndə son 13 ildə ilk rəsmi səfəri idi. Türkiyə lideri bildirmişdi ki, özünün "strateji mövqeyinə” görə Özbəkistan regional sabitliyin qarantıdır. Ərdoğanı səfər zamanı müşayiət edən Mövlud Çavuşoğlu isə Ankaraya döndükdən sonra bildirmişdi ki, Özbəkistan vizalardan imtina edə bilər: "Biz Özbəkistan vətəndaşları üçün vizaları ləğv etmişik, bu ölkə ilə münasibətlərdə yeni səhifə açmışıq. Ümid edirik ki, qarşı tərəf də bizim vətəndaşlar üçün analoji addımı atacaq”. Qeyd edək ki, İslam Kərimovun ölümündən sonra yeni rəhbərlik, sürətlə qonşularla mehriban münasibətlər siyasəti yeritməyə başlayıb. Konkret olaraq Tacikistan və Qırğızıstanla münaqişəli vəziyyət aradan qalxıb. Özbəkistanın yeni rəhbərliyi qonşulara doğru diplomatik reverenslar edir və belə görünür ki, bu işdə regionun sərhədləri ilə məhdudlaşmaq niyyətində deyil.
Elə bu siyasətin nəticəsidir ki, Özbəkistan prezidenti hazırda Türkiyədə ən böyük səbirsizliklə gözlənilən şəxsə çevrilib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bu məqsədlə ötən gün Özbəkistanda səfər edib. Özbəkistan prezidenti Şövkət Mirzəyevlə görüşdən sonra ölkə parlamentində iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. Türkiyə ağır iqtisadi vəziyyətinə baxmayaraq, Özbəkistan iqtisadiyyatına investisiya yatırmağa hazırdır. Ən əsası və ilk növbədə viza rejiminin ləğvini gözləyir. Lakin özbək hökumətindəki mənbə bildirib ki, Daşkənd hələ ki bu məsələdə tələsməyə hazırlaşmır. Mənbə bildirib ki, münasibətlərin yaxşılaşdırılmasına maraq qarşılıqlı olsa da, bu iki ölkənin perspektivləri fərqlidir. Mənbə onu da bildirib ki, görüş zamanı Özbəkistan prezidentinin Ankaraya səfəri müzakirə mövzusu olub. Özbəkistan hökumətindəki mənbənin verdiyi məlumata görə, səfərin vaxtı və proqramı Çavuşoğlunun səfəri zamanı müzakirə olunub və yaxınlarda açıqlanacaq. Mənbə onu da deyi ki, Ankara Özbəkistan prezidentinin Türkiyəyə səfəri zamanı türk vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasına çalışacaq. Məlumat üçün bildirək ki, 2007-ci ildə tətbiq edilən qadağalara görə, özbəklər 30 gün Türkiyədə qala bilərlər.
Ekspertlər hesab edir ki, Türkiyə Qərbdən üzləşdiyi iqtisadi itkilərin əvəzini Şərqdə bərpa etməyə çalışır. Türk ekspertlərin qənaətincə, Türkiyə ötən əsrin 90-cı illərində ölkənin Avropa İttifaqına tez bir zamanda üzv olacağı barədə yanlış fikirdə olub və o zaman Ankaranın xarici siyasəti ancaq bu kursun reallaşmasına yönəlmişdi. Bu illər ərzində Ankara uğursuz şəkildə Avropa qapılarını döysə də, ona fikir verən olmurdu. Bu siyasət nəticəsində də Mərkəzi Asiya tamamilə diqqət mərkəzindən itdi və bu da Ankaranın regionda mövqelərinin zəifləməsinə gətirib çıxardı. İndi də İran və Səudiyyə Ərəbistanı ilə müsəlman dünyasında bu mövqeləri geri qaytarmaq üçün geosiyasi rəqabətə girib. "Türkiyə anlayır ki, Qərblə münaqişəyə girərkən alternativ müttəfiqə malik olmaq gərəkdir. Rusiya bir çox istiqamətlər üzrə Türkiyəyə daha yaxın görünür. Bu Özbəkistana da aiddir. Bu ölkədə hakimiyyət dəyişikliyindən sonra vəziyyət dəyişib. Ankara bu istiqamətlər üzrə xarici siyasətdə korrektələrin olacağına ümid edir”, - deyə Risklərin Qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev bildirib. "Türkiyə başa düşür ki, Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyada iki əsas oyunçudur. Türkiyə Qazaxıstanla həm siyasi, həm də iqtisadi sahədə yaxşı münasibətlərə malikdir və indi Özbəkistanı yenidən öz siyasi maraqlarının dairəsinə qaytarmağa çalışır” - qazax təhlilçisi D.Satpayev bildirib.
Bütün bunlarla yanaşı, özbəklər Türkiyənin vəd etdiyi investisiyalara baxmayaraq, onların qarşısında qapıları taybatay açmaq niyyətində deyil. Bu gün Özbəkistanda Türkiyənin 500 firma və kompaniyası fəaliyyət göstərir. Özbəkistan iqtisadiyyatına türk investisiyalarının həcmi 1 mlrd. dolları keçib. Əlavə bir milyard dollarlıq sazişə bu yaxınlarda Ankarada səfərdə olan özbək baş nazirinin birinci müavini Rüstəm Əzimov imza atıb. Onun sözlərinə görə, türklər kənd təsərrüfatı, yanacaq doldurma stansiyalarının inşası, toxuculuq, dəri sənayesinə vəsait qoymağı planlaşdırırlar. Səmərqənddə "Urqut” azad iqtisadi zonanın yaradılması da gündəmdədir.
İki ölkə arasında münasibətlərdə gərginlik 2005-ci ildə, Əndican hadisələrindən sonra start götürüb. O zaman qiyam yatırıldıqdan sonra özbək müxalifətinin bir sıra nümayəndələri Türkiyəyə pənah apardılar. Rəsmi Daşkənd onların ekstradisiyasını tələb etsə də, qarşı tərəf bu tələbi yerinə yetirmədi. Bu illər ərzində müxalifət fəalları Ankaradan İslam Kərimov və onun rejimi barədə tənqidlər səsləndirməkdə davam ediblər. Çox güman ki, yeni rəhbərliyin dövründə rəsmi Ankara həmin qruplara aktiv fəaliyyət göstərməyə imkan verməyəcək. Hətta onların ölkədən çıxarmasına da çalışa bilər. Qeyd edək ki, İslam Kərimovun prezidentliyi dönəmində Fətullah Gülən hərəkatının Özbəkistanda fəaliyyəti də qadağan edilmişdi. Məhz "gülənçilər”in və ya indi deyildiyi kimi, FETÖ-çülərin (Fətullahçı Terror Örgütü) İslam Kərimova neqativ münasibəti Ərdoğan hakimiyyətinin Özbəkistan rəhbərliyi ilə əlaqələrinə mənfi təsir göstərmişdi. Sonradan Türkiyədə "Gülən camaatı” düşmən elan edildikdən sonra Ankara-Daşkənd münasibətləri düzəlməyə başlamışdı.
Beləliklə, iki türk dövləti arasında münasibətlərin normallaşması müsbət bir haldır. Və bu gələcəkdə iki ölkə arasında münasibətlərə öz müsbət təsirini göstərəcək. Bu həm də Özbəkistanın Azərbaycanın da daxil olduğu nəqliyyat dəhlizlərinə aktiv şəkildə qoşulmasına gətirib çıxaracaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər