Türkiyə yenə kitaba səsləyir
Türkiyənin az və ya çox tanınmışlığından asılı
olmayaraq, elm, musiqi, təhsil, incəsənət, ədəbiyyat, əkinçilik və s. də daxil ən
müxtəlif sahələrindən insanların könüllü qoşulduğu və dəstək verdiyi "Hamıya
Kitab Fondu” yenə möhtəşəm bir layihəyə imza atıb. Zaman-zaman küçə və bina
daşlarına şeirlərin yazılması, ədiblərin yaşadıqları ərazilərdə onlara aid
sitatların çərçivələnərək asılması, balaca kitab rəflərinin quraşdırılması kimi
diqqət və səs gətirmiş saysız-hesabsız işlə gündəmə gələn fond bu dəfəki layihə
üçün "Gloria Jean’s Coffees” amerikan kofe şəbəkəsi ilə anlaşıb. "edebiyat” xəbərdə
yer almış məlumata görə, iki qurum arasında əldə olunan razılığa əsasən,
"Glorie Jean’s Coffees” sakitliyə və kofeyə vurğun şəhər əhalisinə qiraəti
sevdirmək və xatırlatmaq məqsədilə ölkənin bütün bölgələrindəki filiallarına
"ianə kitab rəfləri” quraşdıracaq. Layihənin əsas hədəfi fondun ehtiyat
bazasına yardım məqsədilə göndərilən kitabların hər yerdə kitaba, oxumağa,
maarriflənməyə ehtiyac duyan insanlar üçün əlçatan olmasını təmin etməkdir. İlkin
mərhələdə bu proyektə şirkətin İstanbul filialları cəlb edilib. Belə ki, artıq
Avcılar, Cənnət, Cənnət 2, Beşyol, Kadir Has, Suadiye, Meydan AVM, İdealist
Park, Viaport Marina və Acıbadəmdə yerləşən "Glorie Jean’s Coffees” kafelərində
əyləşən hamı buradakı rəflərdən tam sərbəst istifadə edə biləcək, eyni zamanda
heç bir say məhdudiyyəti tətbiqi ilə qarşılaşmadan kitab bağışlaya biləcəklər.
Yığılan kitablar hər həftə sonu Fondun bazasında qruplaşdırılıb, kitab üçün
müraciət edən məktəb, bağça və digər qurumlara göndəriləcək.
"Kitab bağışla bizə, oxusun bütün Türkiyə!” şüarı
ilə başlamış kampaniya ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. "Sən qəhvəni
qurtumla, Türkiyə oxusun!” sərlövhəli broşüralarla müştərilərini maarifləndirən
"Glorie Jean’s Coffees” şirkətindən mətbuata verilən açıqlamada, kitaba və ədəbiyyata
böyük dəyər verən bir ölkədə belə bir layihəyə qoşulmaqdan məmnun olduqları və
ictimai yardımlaşma kampaniyasının üzü seçildikləri üçün qürurlandıqları
bildirilib.