• cümə axşamı, 28 mart, 18:23
  • Baku Bakı 13°C

Türkiyə və Azərbaycan turizmçiləri bir araya gəldi

08.04.19 12:07 638
Türkiyə və Azərbaycan turizmçiləri bir araya gəldi
Türkiyənin Azərbaycandakı səfirliyi 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər” (AİTF-2019) sərgisinə həsr olunanAzərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi ilə bağlı Türkiyədən gələn turizimçiləri azərbaycanlı həmkarları ilə bir araya gətirdi. Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə keçirilən gecə, ictimai və özəl turizm təmsilçiləri üçün işgüzar münasibətlər qurmağa fürsət oldu.
Səfirliyin mədəniyyət və tanıtma müşaviri İrfan ÇiftçiAzərbaycan və Türkiyə turizimçilərinin əlaqələrinin yüksək inkişaf səviyyəsinə çatdığını bildirdi: "Son 3 ildə bu sahədəki statistikanı əldə etməyə çalışdıq. Azərbaycan tərəfdən Türkiyə ilə bağlı statistika olmasa da, bizim çox yaxşı statistikamız var. Azərbaycandan Türkiyəyə son iki ildə gedən turistlərin sayında 60 faiz artım var. Türkiyə artıq dünyanın 5-ci turizm ölkəsi səviyyəsinə qalxıb”. İ.Çiftçi bundan sonra turizm sərgilərində "Home of Turkey” loqosu ilə deyil, sadəcə "Türkiyə” (Turkey) beynəlxalq loqosu ilə iştirak edəcəklərini qeyd etdi: "Bundan sonra bu mövzuda önəmli tədbirlər davam edəcək. Əsas məqsədimiz turizm təşkilatlarını bir araya gətirib onların arasındakı əlaqələri daha da inkişaf etdirməkdir”.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral hal-hazırda Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr olduğunu söylədi. Belə ki, bu əlaqələrin ən önəmlisi insani münasibətlərdir: "Bir birimizə gedib gəlməkdə, bir-birimizlə danışmaqda heç bir sıxıntı yoxdur. Çünki biz eyni dili, eyni mədəniyyəti paylaşırıq. Bu baxımdan Türkiyədən Azərbaycana və ya Azərbaycandan Türkiyəyə gediş-gəlişdə yüksək rəqəmlərlə qarşılaşmaq təəccüblü deyil Azərbaycan əhalisinin böyük bir qismi Türkiyəyə səfər edib. O cümlədən, Türkiyə əhalisinin də o şəkildə Azərbaycana gəlməsi lazımdır. Yalnız bu yolla bir-birimizi daha yaxşı tanıyacaq, daha yaxşı anlayacaq və iki dövlət, bir millət olduğumuzu hiss edəcəyik. Bu səbəbdən mən Türkiyədən Azərbaycana gələn hər kəsə "yaxşı ki, Azərbaycana gəldiniz. Türkiyəyə getdikdən sonra Azərbaycanı gördüyünüzü hər kəsə anlatmalısınız. Qoy onlar burada ürəyi Türkiyə ilə birlikdə döyünən insanlar olduğunu bilsinlər və gəlsinlər” xahişini edirəm. Səfir Türkiyənin bütün zamanlarda dünyada ən çox turist qəbul edən ölkələrdən olduğunu qeyd etdi: "Təsadüfi deyil ki, Türkiyə bu gün də dünyanın ən çox turist qəbul edən ilk beş ölkəsi arasında yer alıb: "Məqsədimiz 2023-cü ilə qədər bu rəqəmlərin sayını 3 dəfə artırmaqdır. Bu mənada bu istiqamətdə mühüm işlər görülməlidir. Sadəcə turizmçilərin gördükləri iş kifayət etməyəcək. Türkiyə Cümhuriyyətinin bütün qurumları bu işə dəstək olmalı, hamı səfərbər olmalıdır. Əlimizdəki ən böyük sərvət türk qonaqpərvərliyi və səmimiyyətidir”.

İzmir və Bakının qardaşlaşmış şəhər olduğunu bildirən İzmir valisinin yardımçısı Sultan Doğru ölkələrimiz arasında dialoqların daha da sıxlaşması üçün turizm sərgilərinin keçirilməsinin böyük əhəmiyyəti olduğunu qeyd etdi: "Türkiyəni tanıtmaq üçün fürsət düşdükcə, xarici ölkələrdə sərgilərə qatılırıq. Bakıda olmağımızın əsas məqsədi turizm yatırımlarımızı və əlaqələrimizi daha da inkişaf etdirməkdir. Turizm yolu ilə ölkələr arasında mədəni əlaqələr ən yüksək səviyyədə inkişaf edəcək. Azərbaycanın könlümüzdə ayrı bir yeri var. Biz bu yaxında Kiyevdə, Almaniyada sərgilərdə iştirak etdik. İnanın, buradakı səmimiyyəti heç bir yerdə görmədik. Məqsədimiz turizm sahəsində əlaqələrimiz daha da inkişaf etdirməkdir”.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov hər il keçirilən AİTF sərgisinin ölkələr arasında turizm əlaqələrinin inkişafına böyük dəstək olduğunu qeyd etdi: "Türkiyəni Azərbaycanda tanımayan yoxdur. Azərbaycandan qardaş ölkəyə gedən turistlərin sayı daha çoxdur. İstərdim ki, Türkiyədən ölkəmizə gələn turistlərin sayı da gedən turistlərin sayına bərabər olsun. Gediş-gəliş əlaqələrimizi daha da inkişaf etdirmək istiqamətində addımlar atırıq”.

Qafqaz Araşdırma Mərkəzinin sədri Araz Aslanlı Türkiyə-Azərbaycan turizm əlaqələrindən danışdı.

Gecədə Türkiyənin turizm imkanlarını əks etdirən filminin nümayişi, xalq oyunlarının təqdimatı keçirildi. Tədbir iki ölkənin turizm sektorunun təmsilçilərinin özəl söhbətləri ilə davam etdi.
Gecədə iştirak etdi
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər