Türkiyə və Azərbaycan müxalifətinin fərqi
Azərbaycanda aprel 11-də növbədənkənar prezident seçkiləri keçirildi.
Özünü "ana müxalifət” adlandıran partiyalar, siyasi təşkilatlar növbədənkənar
seçkilərə hazır olmadıqlarını dilə gətirdilər və bu səbəbdən seçkini boykot
etdiklərini bəyan etdilər. Bu günlərdə qardaş Türkiyədə də növbədənkənar
prezident seçkilərinin keçirilməsi qərara alındı və bizimkilərdən fərqli olaraq
bütün müxalif partiyalar seçkidə iştirak edəcəklərini bəyan etdilər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevbildirdi ki, təmsil etdiyi partiya müxalifət olaraq prezident seçkisində
iştirak edib: "Prezident seçkilərində bir iqtidar partiyası, bir müstəqil
namizəd və digərləri müxalifət partiyalarının namizədləri idi. Burada məsələ
odur ki, müxalifətin bir hissəsi - tək hakimiyyətə yox, həm də dövlətə
müxalifət olanlar seçkidə iştirak etmədilər. Onlar ümumiyyətlə, imtina ilə
bağlı heç bir əsas tapmadılar. Hətta seçkiyə getmədən diplomatlarla görüşlər
keçirmək, mitinqlər etmək, televiziyada çıxışlar və sair istəklərinin olduğunu
deyirdilər. Televiziyada biz namizədlərə pulsuz efir vaxtı verildi, qapalı və
açıq məkanlarda görüş yerləri ayrıldı. Diplomatları da axtarmağa ehtiyac yox
idi, özləri gəlib bizimlə görüşlər keçirirdilər. Deməli, onların imtinasının
heç bir əsası yox idi. Seçkidən yayınmanın iki səbəbi var idi. Birinci,
elektoratları yoxdur, çünki sonrakı mitinqlərdə də göründü ki, 30 təşkilat bir
araya yığılıb, amma iki min adam toplaya bilməyiblər. Həm də ağaları
hazırlıqsız yaxalanmışdı. 2013-cü ildəki seçkidən fərqli olaraq, Rusiya onlara Milli
Şuraya oxşayan bir qurum düzəldə bilməmişdi. Maliyyə vəsaiti verilməmişdi,
təlimatlandırmamışdılar. Sonradan amerikalıların araşdırmasından da məlum oldu
ki, Rusiya sosial şəbəkələrdə seçkini pozmaq, təxribatlar törətmək üçün müəyyən
adamlar və qruplar yaradıb, bu işlə məşğul olur. Yəni bu partiyaların öz
iradələri əlində deyil”.
F.Quliyevin sözlərinə görə, Türkiyədə anlayırlar ki, bir təşkilat
siyasətlə məşğuldursa, seçkidə iştirakda maraqlı olmalıdır: "Türkiyədə İYİ Partiya
yeni yaranıb, amma bəyanat verdilər ki, seçkiyə hazırıq. Biz bilirik ki, hər
bir partiya seçkidən sonra dərhal növbəti seçkiyə hazırlaşmalıdır. Normal
şəkildə hakimiyyətə gəlməyin bir yolu var, o da sivil seçki yoludur. Bu bir
daha onu göstərdi ki, Azərbaycanda seçkilərin önə çəkilməsi doğru idi. Seçkiyə
qatılanlar daha doğru qərar vermişdi, elektoratı, gücü var idi. Nəticədən asılı
olmayaraq, biz ən azından düşüncəmizi təbliğ edə bildik. Seçkiyə
qatılmayanların isə iradələri öz əlində deyil, idarə olunurlar, yaxud da heç
bir gücləri yoxdur və bundan da qorxaraq kənara çəkildilər. Zamanı bəhanə edən
və dövlətə qarşı olan özlərini müxalifət adlandıranlar seçkidən sonra bəyanat
verdilər ki, dərhal seçki keçirilməlidir. Necə olur ki, seçkiyə getmirlər, amma
dərhal seçki tələbi edirlər? Deməli, bu, blefdir. Türkiyə və Azərbaycan
müqayisəsində o görünür ki, seçkiyə qatılan Azərbaycan müxalifəti Türkiyədəki
müxalifətlə eyni düşüncəlidir, milli demokratik düşərgədir. Seçkiyə
qatılmayanlar isə dövlətçilik naminə çalışmırlar və qərarları da özləri qəbul
eləmirlər”.
Azərbaycan Demokrat
Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, seçkilərin
növbədənkənar keçirilməsi ilə bu prosesin boykot edilməsi arasında heç bir
əlaqə yoxdur: "Əslində baxdıqda bu, məsələnin zahiri tərəfidir. Batini tərəfi
odur ki, prezident seçkilərində nailiyyət əldə edə bilməyəcəyini düşünən
partiyalar əlavə xərc, zəhmət çəkmək istəmədi. Öz güclərini parlament
seçkilərinə saxladılar. İndi imtina edənlər parlament seçkilərində iştirak
edəcəklər. Yəni, onların seçkidən imtina ilə bağlı irəli sürdüyü arqumentlərin
heç biri əsaslandırılmış deyil”.
ADP sədri əlavə etdi ki, Türkiyə ilə Azərbaycanın müxalif partiyaları
arasında bərabərlik işarəsi qoymaq olmaz: "Türkiyədə müxalifət partiyalarının
əksəriyyəti parlamentdə təmsil olunur. Orada partiyaların maliyyələşməsi
məsələsi Azərbaycandakı kimi deyil. Yəni, partiyaların özlərinin nəhəng maliyyə
resursları var. Məsələn, orada partiya var ki, büdcəsi 4-5 milyarddır.
Göründüyü kimi, bu siyasi təşkilatların vəsaiti var. Ona görə də vaxt onlar
üçün önəmli rol oynamır. Siyasət belədir ki, vaxtla pul ekvivalentdir. Əgər
pulun yoxdursa, sənə çoxlu vaxt lazımdır, maliyyən varsa, az vaxt lazımdır.
Azərbaycan müxalifətinin də maddi imkanları olmadığına görə biz yalnız çox
vaxtda hansısa işi görə bilərik. Yəni, bu siyasətdə qəbul edilmiş bir qaydadır.
Müxalifətin də pulu olmadığına görə daha çox vaxta ehtiyacı olur. Amma
Türkiyədə belə bir ehtiyac yoxdur. Məsələn, MHP-nin büdcəsi 2-3 milyarddır və
15 dəqiqə ərzində ölkədə seçkinin keçirilməsi üçün hər şeyi təşkil edə bilər”.
S.Cəlaloğlu qeyd etdi ki, Azərbaycanda xarici güclərin maraqları var
və bu güclər ölkə daxilindəki qüvvələrdən istifadə edirlər: "Təbii ki, xarici
qüvvələrin birbaşa bu və ya başqa şəkildə rolu var. Yaxud da, ən azından,
xarici qüvvələrin maraqlarını, ya da dünyada gedən prosesləri nəzərə alıb ona
uyğun addım atmaq var. Təbii ki, xariclə daxil bir-biri ilə vəhdətdədir və
bunları ayrı-ayrı götürmək olmaz. Məsələn, mənim bu prezident seçkilərində iştirakımla
prosesə verdiyim qiymət Türkiyənin Azərbaycandakı seçkilərə verdiyi qiymətin
üzərində qurulub. Çünki mən Türkiyəyə inteqrasiyanın tərəfdarıyam və bu ölkənin
Azərbaycana baxışı necədirsə, çalışıram ki, öz baxışlarımı ona uyğunlaşdıram”.
Bəxtiyar MƏMMƏDLİ