• cümə, 29 Mart, 03:30
  • Baku Bakı 7°C

Türkiyə və Azərbaycan jurnalistləri arasında münasibətlər daha da yaxşılaşmalıdır

13.12.14 11:42 1270
Türkiyə və Azərbaycan jurnalistləri arasında münasibətlər daha da yaxşılaşmalıdır
Son günlər Azərbaycanla Türkiyə arasında media əməkdaşlığı məsələsi yenidən gündəmə gəlib. Dekabrın 11-də keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan online mediaya keçid” mövzusunda keçirilən tədbirdə də sözügedən sahədə əməkdaşlığın vacibliyindən, əhəmiyyətindən danışıldı. Bildirildi ki, iki ölkə mediası bundan sonra da səylərini birləşdirəcək, təcrübələrini bölüşəcəklər. Azərbaycan media nümayəndələri də bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını düşünür, gələcəkdə görülən işlərin həcminin artırılmasının vacib olduğunu bildirirlər.
CASCFEN sədri Azər Həsrət “Kaspi”yə açıqlamasında dedi ki, Türkiyə və Azərbaycan jurnalistləri arasında münasibətlərin daha da yaxınlaşdırılması baxımından, belə tədbirlərin sayının artırılması lazımdır: “Çünki nə qədər də qardaş, yaxın dövlət desək də, türkiyəli həmkarlarımız çox zaman Azərbaycanla bağlı həqiqətlərdə yanlışlığa yol verirlər. Olanları yetərincə düzgün bilmirlər. Ona görə də ölkəmiz haqqında yazılarda çox ciddi qüsurlara yol verirlər. Elə bu yaxınlarda “Sabah” qəzetində Dağlıq Qarabağın ayrıca müstəqil dövlət kimi təqdim olunması buna nümunədir. Bu cür məsələləri nəzərə alaraq düşünürəm ki, Azərbaycanla Türkiyə arasında bu cür işlər, inteqrasiya, yaxınlaşma işləri sürətləndirilməlidir. Ona görə də dekabrın 11-də keçirilən tədbiri təqdirəlayiq hal hesab edirəm. Qeyd edim ki, tədbirin keçirilməsində daha çox Azərbaycan tərəfi maraqlı idi. Bütün bunların nəyə gətirib çıxara biləcəyini də söyləyim. Türkiyə türkcəsini Azərbaycanda böyük əksəriyyət yetərincə anlaya bilir. Türkiyə mediası da Azərbaycan oxucuları tərəfindən izlənilir. Ölkəmizdə türk kanallarının izləyicilərinin xeyli sayda olduğunu xatırlatmağa isə ehtiyac yoxdur. Dünənki tədbirdə təklif etdim ki, bizim jurnalistlərimizin Türkiyədə, Türkiyə jurnalistlərinin isə Azərbaycanda mübadilə proqramı əsasında işləməsini təmin etmək lazımdır”. Azərbaycan qəzetlərinin, bütövlükdə mediasının Türkiyə mediası ilə banner mübadiləsini təmin etməliyik. Bu, bizim də Türkiyədə oxunmağımıza, həm də telekanallarımıza baxılmasına səbəb olacaq. Ümid edirəm ki, bu təkliflər havada qalmayacaq, hər iki tərəfdən uyğun şəkildə dəyərləndiriləcək”.
A.Həsrətin fikrincə, artıq oflayn mediadan danışmağın dövrü çoxdan keçib: “Düzdür, Türkiyədə qəzetlərin tirajı çoxdur, oxunma şansları yüksəkdir. Amma istənilən halda, faktdır ki, 3-4 sayt bütün Türkiyənin oflayn mediasından çox oxucu cəlb edə bilir. Yəni, 3-4 sayt qardaş ölkədə çap olunan minlərlə qəzetdən çox oxucu yığır. Buna görə də düşünürəm ki, biz oflayn media üzərində çox dayanmamalı, onlayn media üzərindən əlaqələrin genişləndirilməsi məsələsinə baxmalıyıq. Onu da qeyd edim ki, Azərbaycan yazarları Türkiyə türkcəsində yazmaq imkanlarına malikdirlər. Mən özüm də zaman-zaman Türkiyə mediası üçün yazıram. Yaxşı olar ki, yazarlarımız ədəbi türkcəni dərin öyrənib fürsətdən yararlansınlar. Onlayn media əvəzolunmazdır. Artıq coğrafi məkan, zaman anlayışı yoxdur. Bakıda oturmaqla Türkiyə mediasında geniş şəkildə təmsil oluna bilərsən. Ona görə də tədbirdə daha çox onlayn mediaya yer verilmişdi”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bu cür tədbirlərin tez-tez keçirilməsinə ehtiyac olduğunu söylədi: “Keçirilən tədbir bir neçə ildir ki, Azərbaycanla Türkiyə mediaları arasında başlanmış yaxınlaşma, inteqrasiya, bir-birinə uyğunlaşma, bir-birini başa düşmə, qəbul etmə prosesinin davamı idi. Biz indiyə qədər bu əməkdaşlığın ən müxtəlif formalarını görmüşük. Türkiyə mediası nümayəndələrinin Azərbaycana, bizimkilərin isə ora səfərləri baş tutub. Ayrı-ayrı media orqanları arasında yazışmalar, birgə konfranslar, türk dövlətlərinin forumu çərçivəsində əməkdaşlıq, əməkdaşlıq sənədlərinin imzalanması və s. formatlar reallaşıb. Düşünürəm ki, artıq kifayət qədər böyük nəticə əldə olunub. Əgər əvvəllər Türkiyə mediasında Azərbaycanın bəzi problemləri ilə bağlı narahatlıq doğuran müəyyən yazılara rast gəlmək olurdusa, bu gün onların səviyyəsi demək olar ki, minimuma enib. Eyni ilə də, Azərbaycan mediasında Türkiyənin problemləri ilə bağlı yanaşmalar ürəkaçan səviyyədə və həqiqətən qardaş münasibətləri çərçivəsindədir. Fikrimcə, bu əməkdaşlığı gələcəkdə də davam etdirmək lazımdır”.
Baş redaktor vurğuladı ki, xüsusilə, onlayn media sahəsində bu əməkdaşlığın çox böyük perspektivləri var: “Bilirsiniz ki, Türkiyə internet medianın incəliklərini ötən əsrin 90-cı illərindən mənimsəməyə başlayıb. Bu proses, yəni onlayn medianın inkişafı bizlə müqayisədə Türkiyə xeyli irəli gedib. Onların media orqanların daha çox təcrübəsi var. Sözsüz ki, bizim onlarla əməkdaşlığımız hər iki tərəfə fayda verir. Amma bu məsələlər daha çox Azərbaycan üçün sərfəli məqamdır. Mediada ən böyük problemlərdən biri Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya düzgün çatdırılmasındadır. Azərbaycan və türk mediasının birgə səyləri nəticəsində haqq səsimizi dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdıra bilərik. Düşünürəm ki, birgə əməkdaşlıq bütün sahələr üçün yaxşı perspektiv vəd edir. Ona görə də həyata keçirilən işlərin miqyası genişləndirilməlidir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər