AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə və Azərbaycan arasında teatr anlaşması

Türkiyə və Azərbaycan arasında teatr anlaşması

Mədəniyyət
03 Dekabr 2012, 18:06 1971
Ötən həftə Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltanın Türkiyə EKsanat Teatrının rəsmi dəvəti ilə teatrın aktyorlarına “ustad dərsləri” keçmək və yaxın gələcəkdə EKsanat və Bakı Uşaq Teatrının birgə planlaşdırdıqları bir layihənin ilkin mərhələsinin reallaşması məqsədilə bu ölkəyə geri dönəcəyindən bəhs etmişdik.

Bakı Uşaq Teatrı və EKsanat Teatrının birgə layihəsinə əsasən, artıq türk aktyorlarından Receb Murat və Turqut Yalçın Bakıdadır. İntiqam Soltanın quruluşunda hər iki ölkənin aktyorlarının ifasında təqdim olunacaq “Sıravi Dursun” tamaşasının son məşqləri üzərində hazırlıq gedir. Bu münasibətlə Bakı Uşaq Teatrına baş çəkdik. İş başında olan qonaqlarla söhbətimizdən məlum oldu ki, bu layihə nəinki Türkiyə və Azərbaycanda təqdim olunacaq, həmçinin Tatarıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi türk dövlətlərində də nümayiş etdiriləcək.

Bizimlə söhbətində İ.Soltan bildirdi ki, Gürcüstan, daha sonra bir sıra Avropa ölkələrinə səfər etməklə layihəyə yekun vurulacaq: ”Bizim həyata keçirmək istədiyimiz layihə gələcəyi olan bir layihədir. Belə ki, ortaq türk teatrları ilə işləyən bir teatr yaratmaq fikrindəyik. İki ölkənin teatrı arasında qarşılıqlı işbirliyinə artıq start vermişik. “Sıravi Dursun” tamaşasının bir çox ölkələrdə nümayişi gözlənilir”.

İntiqam Soltan türkiyəli sənət adamları ilə işləməyin rahat olduğunu vurğuladı və buna dinimizin, mədəniyyətimizin ortaq olmasını səbəb gətirdi. Eyni zamanda, rejissor EKsanat Teatrının aktyorlarının təxminən 10 gün müddətində vətənimizdə fəaliyyət göstərəcəyini bildirdi: ”Qonaqlarımız burda olan müddətdə İncəsənət Universitetində dərslərdə iştirak edəcək və Kinostudiyada çəkiliş meydançalarını gəzəcəklər. Bundan əlavə, peşəkar aktyorlarımız onlara ustad dərsləri keçəcəklər. Qonaqlarımız digər teatrlarımızda tamaşaları izləmə imkanı da qazanacaqlar. Geriyə döndükdə isə qonaqlara sertifikat veriləcək. Uşaq Teatrlarının heyətinin də gələcəkdə Türkiyəyə səfəri gözlənilir. Onu da qeyd edim ki, bizim hazırladığımız tamaşa digər türk ölkələrindən savayı, 30 dəfə EKsanat Teatrının repertuarında oynanılacaq”.

EKsanat Teatrının aktyoru Receb Murat vətənimizə Türkiyə teatrlarında ən çox izlənən tamaşa ilə gəldiklərini bildirdi: “Azərbaycan gözəldir. Hələ ki yalnız Uşaq Teatrının tamaşalarına baxdıq və çox bəyəndik. Tamaşada gənclərə verilən sosial mesajlar var. Biz də buraya əliboş gəlməmişik, öz növbəmizdə Türkiyədə kifayət qədər məşhur olan “Qaragöz” tamaşasını hazırlamışıq. Dekabrın 8-də biz öz oyunumuzu ifa edəcəyik”.

Receb Murat EKsanat Teatrının fəaliyyətindən də söhbət açdı. Onun sözlərinə görə, Eksanat Teatrı Türkiyənin demək olar ki, bütün bölgələrində festivallar təşkil edən, nəinki Türkiyədə, dünyanın hər yerində öz tamaşalarını nümayiş etdirməyi bacaran bir teatrdır: “Belə ki, EKsanat Teatrı öz büdcəsi hesabına teatr festivalları təşkil edir və bu sahədə Türkiyənin digər teatrlarından seçilir. Elə bizim Bakı Uşaq Teatrı ilə tanışlığımız da bu festivallar çərçivəsində baş tutub. Sizin tamaşaları da imkan tapdıqca izləməyə çalışırıq. İnanıram ki, bizim işbirliyimiz gözəl olacaq”.

Turqut Yalçın Bakının gözlədiyindən də gözəl bir şəhər olduğunu və burada azərbaycanlılarla birgə işləməkdən qürur hissi keçirdiyini bildirdi: ”Burada Uşaq Teatrının QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı “Həayla oyun” tamaşasını izlədim. Belə tamaşaların gənclərə böyük ismarışı var. Dilimiz, dinimiz, kökümüz yaxın olduğuna görə, düşünürəm ki, biz burada elə də əziyyət çəkməyəcəyik. Hesab edirəm ki, teatrlarımız arasında elə də böyük fərq yoxdur. Bir sıra əcnəbi rejissorlarla işləmişik, artıq öyrəşmişik, ancaq İntiqam Soltanı əcnəbi hesab etmirik. İnsanlarınız çox səmimi və mehribandırlar”.

Xəyalə Rəis