• cümə axşamı, 25 aprel, 02:42
  • Baku Bakı 19°C

Türkiyə üçün həlledici gün

15.04.17 09:00 560
Türkiyə üçün həlledici gün
Qardaş Türkiyə bazar günü tarixinin ən önəmli, sözün əsl mənasında həlledici günlərindən birini yaşayacaq. Aprelin 16-da ölkədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Səsverməyə çıxarılmış Konstitusiyaya düzəlişlər baş nazirin vəzifəsinin ləğv edilməsini və prezidentə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur. O, hökumət başçısı olacaq, fərmanlar verəcək, fövqəladə vəziyyət elan edəcək, nazirləri təyin etmək və parlamenti buraxmaq hüququ alacaq. Düzəlişlər, həmçinin 2019-cu ildə prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tutur.
Seçkilər ərəfəsində vəziyyət sabitdir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu 16 aprel Konstitusiya dəyişikliyi referendumunda Türkiyənin hər yerində, hər şəkildəsəsvermənin təmin olunacağını bildirib. Nazir referendumda səsvermə məntəqələrində təhlükəsizliyin təmini ilə əlaqədar bildirib ki, bütün tədbirlər görülüb: "Referenduma tamamilə hazırıq”.
Səsvermə ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 16 apreldə keçiriləcək referendumun nəticəsi müsbət olacağı təqdirdə, Türkiyənin iqtisadiyyatında ciddi irəliləyiş olacaq. Ərdoğan referendum üçün bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. Yeni sistemlə millət vəkili sayının 550-dən 600-ə çıxacağını ifadə edən Ərdoğan bildirib ki, bununla da Türkiyə Böyük Millət Məclisi (TBMM) daha da güclənəcəkdir. ƏrdoğanAvropanın bütün terror təşkilatları ilə bir olub, referendumdan mənfi nəticə əldə edilməsi üçün əlindən gələni etdiyini də dilə gətirib. 16 aprelin eyni zamanda Avropaya veriləcək güclü bir mesaj olduğunu ifadə edən Ərdoğan Konstitusiya dəyişikliyi xalq tərəfindən təsdiqlənəcəyi təqdirdə, Avropa İttifaqı-Türkiyə əlaqələrini yenidən nəzərdən keçirəcəklərini və Aİ ilə oturub danışacaqlarını söyləyib. "Bazar günü xalqımın verəcəyi cavab sadəcə, milli deyil, eyni zamanda beynəlmiləldir. Yüksək faizlə "hə” çıxsa, Aİ və başqaları ilə bir masaya oturacağıq. 54 il gözlədik. Bundan sonra gözləməyə zamanımız yoxdur. Oturun, qərarınızı verin, vermədiyiniz təqdirdə ,biz öz qərarımızı verəcəyik. Çünki xalqım hazırda "biz gözləməyə səbri çatmayan bir ölkəyik” deyir”, - dövlət başçısı bildirib.
Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/ PDY) ilə mübarizədə 16 aprelin əhəmiyyətini vurğulayaraq referendumdan sonra FETÖ ilə mübarizəyə davam edəcəklərinin siqnalını verib. Fövqəladə vəziyyət rejiminin tətbiqinə də toxunan Ərdoğan bunun müddəti bitdikdə vacib olsa təkrar uzadıla biləcəyini söyləyib və Fransanı nümunə göstərib. Terror təşkilatı PKK-nın Cənub-Şərqi Anadolu bölgəsində yaşayanlara həyatı zindan etdiyini ifadə edən Ərdoğan təsirli şəkildə terrorla mübarizə etdiklərini, bölgəyə əmin-amanlığın gəldiyini və hökumətin bölgədə ciddi yatırımlar qoyduğunu ifadə edib. Bölgədə 20 ayda 10 mindən çox terrorçunun məhv edildiyini bildirən Ərdoğan İspaniyada ETA-nın etdiyi kimi, PKK-nın da silahları basdırmaqdan başqa çarəsi olmadığını söyləyib.
Bəs referenduma ölkə müxalifətinin baxışı necədir? Qeyd edək ki, keçiriləcək referendumla bağlı təbliğat əvvəlki seçki və referendum kampaniyaları ilə müqayisədə daha az rəngli keçib. Məsələn, aparıcı müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının ölkəni parlament respublikasından prezident respublikasına çevirəcək Konstitusiya dəyişikliklərini dəstəkləyərək hakimiyyət cinahına keçməsi siyasi kampaniyaya təsirsiz ötüşməyib.
Onun hakimiyyətlə eyni cəbhədən çıxış etməsi MHP sıralarında parçalanmaya səbəb olub. Onun müavini və partiyanın bir neçə yerli rəsmisi istefa verib. Eyni zamanda, MHP-nin parlamentdəki bir neçə təmsilçisinin ona qarşı çıxması onların partiya sıralarından qovulması ilə nəticələnib. Kürdpərəst Xalqların Demokratikləşmə Partiyası (HDP) rəhbərlərinin həbsi isə fəallığın azalmasına səbəb olub.
Beləliklə, hakimiyyətin təklif etdiyi Konstitusiya dəyişikliklərinin müdafiəsini prezident və baş nazir başda olmaqla hökumət, hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif MHP həyata keçirir. Bu dəyişikliyin "avtoritar idarəetmənin möhkəmlənməsinə xidmət etdiyini” əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP), MHP-dən çıxarılmış siyasətçilər və HDP-nin həbs olunmamış təmsilçiləri izah etməyə çalışıblar. Konstitusiya dəyişikliklərini müdafiə edən və qarşı çıxan elektorat "evet”çi və "hayır”çı cəbhələrinə bölünüblər.
Beləliklə, gözlər qardaş ölkəyə dikilib. İstənilən halda, əldə olunacaq nəticə türk xalqının seçimi olacaq. Bu səbəbdən ona yalnız və yalnız bu sınaqdan da uğurla çıxmağı arzu edirik. İnanırıq ki, belə də olacaq.
Azər
banner

Oxşar Xəbərlər